Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir
Region

Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir

30 il işğal altında qalan torpaqlarımızın mənfur düşməndən azad olunması şanlı qəhrəmanlıq dastanı kimi tarixin yaddaşına əbədi həkk olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordunun bölmələri erməni işğalçılarından torpaqlarımızı azad edərək Azərbaycanı qalib dövlətə çevirib. Öz sahiblərini gözləyən Qarabağın ermənilər tərəfindən dağıdılan bütün şəhərləri, qəsəbələri və kəndləri Prezident İlham Əliyevin rəhbərliyi ilə abadlaşır və yenidən öz əvvəlki gözəlliyini bərpa edir.

Əldə edilən qələbədən, kapitulyasiya aktından 5 gün sonra işğaldan azad olunmuş torpaqlarda böyük quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyevin kapitulyasiya bəyanatından cəmi 5 gün sonra Füzuliyə səfəri zamanı bütün dünayaya "Biz artıq Şuşaya yol çəkirik" bəyanatı Azərbaycanın qüdrətini, gücünü, nüfuzunu, durmadan artan iqtisadi imkanlarını yüksək səviyyədə nümayiş etdirdi.

Çox qısa bir müddətdə görüləcək işlərin layihəsi hazırlandı, işğaldan azad olunan bölgələrdə qaz, su, işıq xətləri çəkildi, yollar çox böyük bir sürətlə təmir edildi, qısa müddət sonra şəhərsalma işlərinə başlanıldı.

Müharibədən çıxmış ölkənin qısa bir zamanda belə böyük ərazidə yenidənqurma işlərinə sürətlə başlaması dövlətin nüfuzunun, qüdrətinin göstəricisidir.

Bu bölgələrdə bərpa, yenidənqurma işlərinin aparılması iqtisadiyyatın möhkəmlənməsini daha da sürətləndirir.

Hazırda Azərbaycanın dilbər guşələrindən olan Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş irimiqyaslı layihələr icra olunur. Qarabağa böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılmasından keçir. Lakin düşmən ölkənin hərbi quldur dəstələrinin 30 il müddətində Qarabağı mina və partlamamış sursat məzarlığına çevirməsi məcburi köçkünlərin öz yurdlarına dönüşünü ciddi surətdə əngəlləyir, irimiqyaslı layihələrin sürətlə gerçəkləşdirilməsinə mane olur.

Minalardan təmizləmə işləri uğurla davam etdikcə yeni ərazilər bərpa və quruculuq meydanına çevrilir. Bu ərazilərdə irimiqyaslı minatəmizləmə işləri ilə yanaşı, əsas infrastruktur layihələri də sürətlə gerçəkləşdirilir. Mina təmizləmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir. Bərpa işləri içərisində avtomobil, dəmir yolu, Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində bərpa işləri yekunlaşmış, Talış kənd tam orta məktəbi və uşaq bağçası isə artıq istifadəyə verilmiş, həmçinin, Ağdam və Füzuli şəhərində isə uşaq bağçaları üzrə layihələndirmə işləri aparılır.

Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrin, məscidlərin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən tarixi tikililərdən biri də Mehmandarovların malikanə kompleksidir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb və hazırda bunun əsasında bərpa prosesi icra olunur. İşğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunun qurulması layihələrinin icrası da xüsusi diqqət mərkəzində saxlanılır. Belə layihələrdən biri Füzuli-Hadrut avtomobil yoludur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Ümumi uzunluğu 12,3 km olan yol birinci texniki dərəcəlidir. Bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir.

Layihəyə əsasən yolun 6,7 kilometrliyində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir.

Qeyd etmək lazımdır ki, Böyük Qayıdış ərəfəsində Kəlbəcərdə də böyük bərpa işləri görülür. Kəlbəcərin gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı və turizm sahəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Yuxarı İstisu, Aşağı İstisu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Bu səfalı diyar Alagöllər, Qaragöl, Zalxa gölləri ilə də məşhurdur. Zirvələri Gamış dağı və Dəlidağdır. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir.

Həyata keçirilən ən böyük layihələrdən biri də Zəngilanda beynəlxalq hava limanının inşa edilməsidir. 2021-ci ilin aprelində hava limanının təməlqoyma mərasimi keçirilmiş, 20 oktyabr 2022-ci ildə isə açılış mərasimi olub. Hava limanındakı uçuş-enmə zolağının uzunluğu 3 kilometr olmaqla, ağır nəqliyyat təyyarələri, eləcə də bütün növ hava gəmilərini qəbul edə bilir. Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdən olan bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Ordumuzun qazandığı zəfər nəticəsində məcburi köçkünlər doğma yurdlarına qayıdır, soydaşlarımızın rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması üçün zəruri olan bütün tədbirlər görülür.

Bayram SALMANOV,

"Respublika".