Paşinyan kor-peşman səhvlərini etiraf edir
Siyasət

Paşinyan kor-peşman səhvlərini etiraf edir

"Bizim ən böyük cinayətimiz, günahımız xalqın səsinə qulaq asmamaq idi". Bu sözləri "Mülki müqavilə" partiyasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, etiraf mahiyyəti daşıyan çıxışında bildirib ki, son 20 il ərzində hamı sülh çağırışları edib. Amma iqtidar bu mesajı düzgün dərk etməyib. İrəvan düşünüb ki, reallıqları etiraf etmək cəmiyyətdə və qlobal arenada satqınlıq kimi qəbul oluna bilər. Nəticədə ölkə minalanmış sahədə qalıb. Bununla belə, baş nazir vurğulayıb ki, indi hökumət xalqın arzularını yaxşı bilir və onları bu vəziyyətdən minimal itki ilə xilas etmək üçün çalışır. Bu isə qayığı fırtınalı okeandan sahilə çıxarmağa bənzəyir: "Bu gün bu barədə danışmamaq cinayət olardı. Hazırda biz minalanmış sahədəyik və buradan çıxmaq üçün yalnız bir yol var: vəziyyəti qiymətləndirmək. Real müşahidələrimizi ictimaiyyətlə bölüşməliyik. Bütün riskləri idarə etmək hakim siyasi gücün vəzifəsidir. Unutmamalıyıq ki, istənilən səhv addım minalanmış sahədə partlamağımıza gətirib çıxaracaq".

İrəvan hökuməti geri addım atmaq taktikasına keçid edib. Baş nazirin çıxışını həm də ölkədə gündəmdə olan konstitusiya dəyişiklikləri fonunda şərh etmək lazımdır. Paşinyanın sözlərindən aydın olur ki, Ermənistanın müstəqillik bəyannaməsinin və bu sənədə istinad edən konstitusiyasının dəyişdirilməsi, yaxud tamamilə yenilənməsi sülh sazişinin mətnində öz əksini tapıb. Konkret olaraq bəyannamə və konstitusiya sözləri yazılmasa da, iddialara görə bəndlərdən birində qeyd olunub ki, "tərəflər bu müqavilə ilə götürdükləri öhdəliklərin heç birini yerinə yetirməmək üçün öz qanunvericiliklərinə istinad edə bilməzlər". Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq öhdəliyini müstəqillik bəyannaməsinə əsaslanaraq poza bilməz. Bunun üçün də Qarabağ iddiasının əks olunduğu mövcud sənəd ləğv olunmalı və konstitusiyaya dəyişikliklər edilməlidir. Yalnız bu halda rəsmi Bakı və İrəvan arasında sülhün imzalanması mümkün ola bilər. Paşinyan da bu vəziyyəti yaxşı gördüyündən indi çıxışlarında bildirir ki, Ermənistan çətin vəziyyətdədir və çıxış yolu hökumətə etimad etməkdədir.

Bu da təsadüfi deyil. Çünki hazırda Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı daxili müzakirələr qızışır. Rəsmi Bakı Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu əsas gətirərək İrəvanın dayanıqlı sülh prosesinə hüquqi və siyasi baxımdan hazır olmadığını bəyan edir. Prezident İlham Əliyev fevralın 1-də qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülh mümkün olacaq. Bunun məntiqi davamı kimi də Paşinyan ölkənin qanunvericilik sahəsində korrektələr etmək istəyir. Amma baş nazirin Konstitusiya ilə bağlı çıxışları komandasında fikir ayrılığı yaradıb. Hökumət rəhbərinə əks qütbdə dayananlar bildirirlər ki, hakimiyyət Qarabağa aid müddəaları tarixə qovuşdurmaq istəyir. Eyni zamanda konstitusiyanın preambulasında 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin "erməni soyqırımı" kimi tanınmasına dair çağırışları da ləğv etməyi hədəfləyir. Nəhayət, iddialara görə iqtidar dövlət atributlarının dəyişdirilməsi üzrə işlər görür. Əslində sülh üçün bu addımların atılması zəruridir və baş nazir də sülh gündəliyini yerinə yetirməyə çalışır. Amma ölkədə qarşıdurmaların alovlanmasından, genişmiqyaslı etirazların başlamasından da qorxur. Bu səbəbdən də, Ermənistanın çox təhlükəli bir mövqedə olduğu barədə xəbərdarlıq edərək özünə qarşı etiraz dalğasının qarşısını kəsmək istəyir. Ən əsası da planlaşdırılan dəyişikliklərin xalqın milli iradəsinə uyğun olduğunu, sülhü məhz erməni vətəndaşların istədiyini deyərək öz reputasiyasının daha da aşağı düşməməsi üçün çalışır.

Jalə QASIMZADƏ,

"Respublika".