Milli mətbuatın memarı
CƏMİYYƏT

Milli mətbuatın memarı

Əli bəy Hüseynzadə onu “Azərbaycanın Sokratı” adlandırıb, Əlimərdan bəy Topçubaşov isə “Azərbaycanın mayakı”. O, hər iki adı şərəflə doğruldub. Mayak kimi cəmiyyətin yolunu aydınladan Həsən bəy Zərdabinin tək məqsədi Azərbaycanı işıqlı, aydın gələcəyə aparmaq olub.

Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində dünyaya gəlib. Babası və atası tanınmış bəy nəslindən idi. Atasının dayısı Fərəc bəy Ağayev isə Nikolay Nikolayeviç adı ilə məşhurlaşan hərbçi idi. Zərdabi ilk təhsilini mədrəsədə alır. Mədrəsədə müəllimi ilə yola getməyən Həsən təhsilini Şamaxıda rusdilli dünyəvi məktəbdə davam etdirir. Qısa müddətdə rus dilini mükəmməl öyrənir, təbiət elmlərinə marağı artır. Buraxılış imtahanında Qafqaz canişininin diqqətini çəkir və o, Zərdabiyə Tiflisdə təqaüdlə oxumaq təklif edir. Fərəc bəyin dəstəyilə 1858-ci ildə Tiflis gimnaziyasının beşinci sinfinə qəbul olur. 1891-ci ildə imtahanları uğurla verir, zəkası hər kəsi valeh edir. Həsən bəy Moskva Universitetinə göndərilir. Fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil alır. Burada da savadı, biliyi ilə müəllimlərin diqqətini cəlb edir. 1861-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirir. Bu illərdə Rusiyanın tanınmış alimləri, şair və yazıçıları ilə tanış olur, dostluq münasibətləri qurur, elmlər namizədi dərəcəsini alır. Həsən bəy Zərdabi İslam dünyasında təbiət elmləri üzrə elmlər namizədi adına sahib olan ilk şəxs idi.

Zərdabi universitetin rektoru, tarixçi Soloyovun qızı ilə evlənmək qərarına gəlir. Lakin rusdilli xanımın Azərbaycan uşaqlarına heç bir fayda verə bilməyəcəyini düşünüb qərarından daşınır. Universitetdən sonra Tiflisə qayıdaraq torpaq idarələrində işləyir, torpaq sahiblərini deyil, kəndliləri, onların hüquqlarını müdafiə etdiyi üçün işdən uzaqlaşdırılır. Beləliklə, heç kim Zərdabi ilə işləmək istəmir və o, Azərbaycana qayıdır. Ağır günlər başlayır, hər nə olursa-olsun fikrindən daşınmaq istəmir. Düşündükləri Azərbaycanın işıqlı gələcəyi naminə idi və bu yolda hər şeyə dözməli idi. Qubada məhkəmə idarələrində işləyir. Burada da məmurlarla yola getmir. Daha sonra bir müddət müstəqil vəkil kimi işləyir. 1869-cu ildə Bakıda təbiət elmləri üzrə müəllimlik edir. Həsən bəy Azərbaycanda təhsil imkanlarının yaxşılaşdırılmasına çalışır. Ailə həyatını da bu istiqamətdə qurmağı planlaşdırır. İlk sevgisindən imtina səbəbi bundan qaynaqlanırdı. Tiflisdə Müqəddəs Nina Qız məktəbində təhsil alan Hənifə xanım Abayeva ilə evlənir. Hənifə xanım Həsən bəyin nəinki ömür-gün yoldaşı, həm də iş yoldaşı olur. Azərbaycan uşaqlarının təhsil almalarına, kəndlərdə əmək qabiliyyətlərinin artırılmasına savadlanmasına yardım edir. 1872-ci ildə xeyriyyə cəmiyyəti təsis edir. Qəzaları, mahalları, kəndləri qapı-qapı gəzərək uşaqların təhsil almaları üçün maddi yardım toplayır. 1875-ci ilin iyununda Azərbaycanda, eləcə də Rusiyada ilk türk dilində qəzet nəşr edilir. Azərbaycanda ilk teatr Nəcəf bəy Vəzirovun adı ilə bağlı olsa da, bu işi müəllim işləyərkən Həsən bəy Zərdabi etmişdir. Belə ki, 1873-cü ildə M.F.Axundovun Hacı QaraLənkəran xanının vəziri əsərlərini tamaşaya qoymuşdur. Ancaq onu ən çox tanıdan türk dilində ilk qəzetin nəşri, “Əkinçi”nin adı ilə bağlı oldu. “Əkinçi” adını tarixi yaddaşlara elə həkk etdi ki, qızlar məktəbi, digər məktəblər, “Kaspi” mətbəəsi, xeyriyyə cəmiyyəti də kölgədə qaldı. “Əkinçi” yeni bir yol çəkdi, Həsən bəyin dərdini çəkdiyi Azərbaycana. Zərdabi buna kimi hansı əzabları çəkməmişdi ki, qapı-qapı dolaşıb yardım toplamaq, çar rus məmurları ilə danışıqlar aparmaq, icazə almaq, nəşriyyat materialları almaq, bizim bilmədiklərimiz və ağrı-acısını hiss etmədiklərimiz onlarla əzab, əziyyətlər. “Əkinçi” təkcə kəndlilərin hüquqları, kənd təsərrüfatı, daha səmərəli məhsul alınması ilə bağlı xəbərlər yayımlamadı, dünyada baş verən xəbərlər, elmi məlumatlar və Azərbaycan ədiblərinin yazdıqlarını da dərc edirdi.

Təbii ki, azərbaycanlıların öz dilində asan, sadə, başa düşüləcək tərzdə oxuması, savadlanması, hürriyyət yollarının açılması Çar Rusiyasını qane etmirdi. 1877-ci ildə Zərdabinin çalışdığı “Əkinçi” fəaliyyətini dayandırmaq məcburiyyətində qalır. Həsən bəy təkliyə çəkilir, uzaqlaşır. Bir müddət Zərdabda kəndlilərə yardım edir. Topçubaşovun onun qızı ilə evlənməsindən sonra vəziyyət dəyişir, Bakıya qayıdır. Burada Tağıyevlə eyni binada yaşayır. Hacı Zeynalabdin Tağıyev Həsən bəyə böyük ehtiram, dərin hörmət bəsləyirdi. Demək olar ki, hər gün evinə çağırar, dünyada baş verən xəbərlərdən hali olar, məsləhətlər alardı. 1897-ci ildə “Kaspi” mətbəəsinin və qəzetinin Tağıyev tərəfindən alınıb Topçubaşova həvalə edilməsi və Həsən bəyin də orada redaktor işləməsi heç də təsadüfi deyil. Kaspi Həsən bəyin “Əkinçi”dən sonra ikinci əsas qəzetinə çevrilir. Digər mətbu orqanlarda məqalələrinin yayımlanmasına baxmayaraq, “Kaspi”yə daha həssaslıqla yanaşır. 1901-ci ildə müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin açılmasında Tağıyevə məsləhətlər verir. Həyat yoldaşı Hənifə xanım məktəbin rəhbəri olur. H.Zərdabi Bakı Dumasının maarif şöbəsində işləyir. Daha sonra Dumaya üzv seçilir, əhalinin real problemlərini müzakirəyə çıxarır. Şəhərə yolların çəkilməsi, su, təmizlik kimi məsələləri qabardır. Ən əsas da şəhərin gözdənuzaq, imkansızların yaşadığı küçələr haqqında problemləri diqqətə çatdırır. Bakı Dumasının rəhbəri deyirdi ki, mən şəhər haqqında. qanunları və görüləcək işləri Həsən bəy Məlikovdan, yəni Zərdabidən öyrənirəm. Çətin şəraitdə yaşayır, ancaq halından şikayətçi olmur, daha çox işləyir. Zərdabda məktəb açmaq üçün müraciətlər edir. Çar Rusiyasından nümayəndələr gəldikdə dəhşətə gəlirlər. Yayın qızmar günəşində - nəfəs almağın mümkün olmadığı bir yerdə Həsən bəy Zərdabi kimi bir alimin burada necə yaşaması onları təəccübləndirir. Həm də övladlarını məktəbə göndərmək istəməyən, yeni məktəbin açılmasına qarşı çıxan insanlarla. Həsən bəy Zərdabi həmin şəxslər üçün mübarizə aparır, bunlar da ondan şikayət edirlər.

1907-ci il noyabrın 28-də dünyasını dəyişən Zərdabi: “Sizdən xahiş edirəm, təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin, dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar”, - deyə vəsiyyət edir.

Tacir SADIQOV,

“Respublika”.