Azərbaycanın gənc oftalmoloqların konfransı və I Forumu keçirilib
Gündəm

Azərbaycanın gənc oftalmoloqların konfransı və I Forumu keçirilib

Noyabrın 24-25-də Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu keçirilib. İki gün davam edən və iki böyük tədbiri birləşdirən “GOK-2023” Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə təşkil olunub. 

“Respublika” xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, noyabrın 24-də konfransın açılış mərasimində çıxış edən AOC Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Emin Əlihüseynli komitənin təsis olunması, gənclərin komitənin işinə cəlbi, həmçinin gələcək planlar barədə iştirakçılara məlumat verib. 

Sonra AOC Gənc Oftalmoloqlar Komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Mirana Mirişova çıxış edib. 

Açılış mərasimində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri professor Elmar Qasımova “Gənc Oftalmoloqların Dostu” fəxri adının kuboku və diplomu təqdim edilib. 

Qeyd edək ki, “Gənc Oftalmoloqların Dostu” fəxri adı ildə bir dəfə ölkəmizdə gənc oftalmoloqların inkişafına xüsusi diqqət və dəstək göstərmiş şəxslərə təqdim edilir.

XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransında müasir oftalmologiyanın müxtəlif subixtisaslarını əhatə edən məruzələr təqdim olunub. Belə ki, gənc mütəxəssislər buynuz qişa, katarakta və refraksion cərrahiyyə, okuloplastika, okulyar travmatologiya, okulyar onkologiya, neyrooftalmologiya, tibbi və cərrahi retina, pediatrik oftalmologiya və çəpgözlük, optika və refraksiya, okulyar infeksiyalar, həmçinin uveitlərə dair elmi yenilikləri ehtiva edən təqdimatlar ediblər. Konfransda gənc oftalmoloqlarla yanaşı, oftalmologiyanın sirlərinə yenicə yiyələnməyə başlayan həkim-rezidentlər də fəallıq nümayiş etdiriblər. Həmçinin konfransa “Zoom” vasitəsilə qoşulan Türkiyə, Rusiya, İtaliya, San-Marino, Hindistan və Honq-Konqdan olan mütəxəssislərin məruzələri dinlənilib. 

Noyabrın 25-də isə Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu keçirilib. İlk dəfə belə formatda təşkil edilən tədbirin əsas məqsədi gənc mütəxəssislərin qarşılaşdığı problemləri dinləmək, beynəlxalq oftalmoloji aləmdə gənclərin professional inkişafına yönəlmiş faydalı resursları onların diqqətinə çatdırmaq, praktik oftalmologiyada kövrək addımlarını atan gənc oftalmoloqlara bu sahədə artıq sözünü demiş, müəyyən bilik və təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsi aparmaq üçün şəraitin yaradılmasından ibarət olub. 

Forum akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımovun dəstəyi ilə təşkil edilib. 

“Gənc oftalmoloqların professional inkişafında perspektivlər, beynəlxalq resurslar, problemlər və həll yollarının axtarışı” mövzusunda keçirilən tədbirdə gənc oftalmoloqların diqqətini cəlb edən müxtəlif mövzulara dair çıxışlar təqdim olunub.