“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
Mədəniyyət

“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir

Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü ilin iyul-oktyabr aylarında təşkil edilən film layihələri müsabiqəsində qalib olmuş layihələrin dövlət dəstəyi ilə istehsalı həyata keçirilir.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hazırda müsabiqənin 11 qalib layihəsindən biri olan “Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam etdirilir.

“OD Media Production” şirkəti tərəfindən istehsal olunan filmin rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifi Əkbər Nəcəf, prodüseri isə Fariz Əhmədovdur.

Filmin çəkilişləri Kür çayının mənbəyindən mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılır. Azərbaycanın ən böyük təbii su mənbəyi olan Kürün keçdiyi coğrafiya, çayətrafı şəhərlər, bu ərazilərdə mövcud olan sosial-iqtisadi, tarixi-mədəni proseslər ekran əsərində təsvir olunacaq. Filmin əsas ideyası keçmişdən bu günə Kür çayının tarixi, mədəni, iqtisadi rolunu ön plana çıxarmaq və bəşəriyyət üçün əhəmiyyətini ifadə etməkdir.

“Respublika”.