Naxçıvandan dünyaya birlik və əməkdaşlıq nümunəsi
Gündəm

Naxçıvandan dünyaya birlik və əməkdaşlıq nümunəsi

"Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək". Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxışında bildirib.

Dünyanın heç bir yerində Azərbaycan və Türkiyə arasında əməkdaşlıq əlaqələrinin başqa bir nümunəsinə rast gəlinmir. İkinci Qarabağ müharibəsi dövründə və daha sonra Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyi, müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması buna sübutdur. Dövlətlər arasında qardaşlıq münasibətlərindən əlavə, ticari-iqtisadi, enerji kimi bir çox sahələrdə güclü əməkdaşlıq mövcuddur və bu ritorika günü-gündən inkişaf edir. Buna, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələri misal göstərmək olar. 2023-cü il sentyabrın 25-də baş tutan Naxçıvan görüşü isə dost ölkələrin dünyaya növbəti mesajı olub.

23 saatda başa çatdırılmış antiterror tədbirləri ilə separatçıların xülyasına birdəfəlik son qoyulub. Azərbaycanda tam suverenliyin bərpası ilə yeni tarixi mərhələnin başlanması mesajı görüşdə də qeyd edilib. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Naxçıvan Muxtar Respublikasına səfəri, bu baxımdan mühüm əhəmiyyətə malikdir. Azərbaycanın Naxçıvan bölgəsindən Türkiyəyə və oradan da dünyaya yeni enerji axınının təmin edilməsi ilə əlaqədar məsələlərin gündəmə gətirilməsi və çoxdan haqqında söhbət gedən Bakı-Tbilisi-Qars dəmir yolunun Qars-İğdır-Naxçıvan qaz boru kəmərinin çəkilməsinin rəsmiləşdirilməsi yeni inkişafın başlanğıcıdır.

2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan ilə Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair Anlaşma Memorandumu imzalanıb. Və muxtar respublikadakı görüşdə hər iki ölkə rəhbərlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Şübhəsiz ki, bu qaz kəmərinin çəkilişi iki ölkə arasındakı əlaqələrin inkişafına yeni təkan verəcək. Naxçıvanın qaza olan tələbatı 2005-ci ildə İranla imzalanmış svop müqaviləyə əsasən təmin edilirdi.

Görüş geosiyasi və geoiqtisadi cəhətdən əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin enerji təhlükəsizliyinə verəcəyi töhfəni xüsusi qeyd etmək lazımdır. Dəhliz regional təhlükəsizlik, əməkdaşlıq və iqtisadi tərəqqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yolun açılması iqtisadi tərəqqi cəhətdən mühüm olmaqla birliktə, həm də, türk dünyasını birləşdirən bir qapı kimidir.

Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Naxçıvanın enerji potensialından tam istifadəsi üçün əhəmiyyətli addımlar atılır. Türkiyə-Azərbaycan III Enerji Forumunun Naxçıvanda təşkil edilməsi də muxtar respublikanın "yaşıl enerji" sərvətlərindən istifadəsində səmərəli yolların müəyyən edilməsi və lazımi hazırlıqlara başlanılması deməkdir. Muxtar respublika 15 il ərzində işıqdan və qazdan böyük çətinliklər yaşasa da, hazırda burada enerji istehsalı baxımından mövcud olan böyük ehtiyat mənbələrinin işə salınması ilə nəinki Naxçıvanın, bütün ölkəmizin enerji potensialını daha da inkişaf etdirmək mümkün olacaq.

Həmçinin Naxçıvan görüşü Cənubi Qafqazda münaqişə yaratmaq istəyən, regiona müdaxilələr edən qüvvələrə bir daha göstərdi ki, qardaş ölkələrin birliyi bölgədə qərəzli, neokolonial, imperialist planlara icazə verməyəcək. Azərbaycan xalqı dəfələrlə münaqişələr və zəfərlər görüb. Bundan sonra isə ölkəmizin əhalisi daim inkişaf və tərəqqiyə şahidlik edəcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".