MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Etihad Muzeyi

2016-cı ildə inşa edilən Etihad Muzeyi Ərəb Dünyasının ilk Federasiyası olan BƏƏ-nin birləşməsinə və yaranma tarixinə həsr olunub. Ərəb dilindən tərcümədə "birlik" mənasını verən Etihad Dubayın ən dəbdəbəli bölgəsi olan Jumeirahda ucaldılıb. Kanadanın "Moriyama&Teshima" memarlıq bürosu tərəfindən layihələndirilən unikal kompleksin tikintisi ölkəyə 163 milyon dollara başa gəlib.

25.000 kvadratmetr ərazini əhatə edən kompleksin əyri ağ damı taleyüklü bəyannamənin imzalandığı vərəqi, yeddi qızıl sütun isə qələmləri simvolizə edir. Muzeydə 8 sərgi salonu, kitabxana, təhsil mərkəzi və restoran fəaliyyət göstərir. Sərgi salonlarında BƏƏ-nin tarixindən bəhs edən sənədli film nümayiş olunur. Burada həmçinin müqavilənin imzalanmasına qədər olan əsas hadisələri işıqlandıran interaktiv qrafik və nəhəng xəritə də var. BƏƏ-nin orijinal Konstitusiyası və rəsmi rəmzləri, federasiyanın təsisçilərinin fotoşəkilləri, sənədləri, şəxsi əşyaları, o cümlədən bir çox audiovizual materiallar da burada saxlanılır. Ən əhəmiyyətli eksponatlardan biri isə BƏƏ-nin yaradılması haqqında yeddi əmirliyin hökmdarları tərəfindən imzalanmış müqavilənin surətidir. Etihad Muzeyində Əmirliyin tarixini, incəsənətini və mədəniyyətini təbliğ edən təhsil proqramları, mühazirələr və seminarlar keçirilir.

"Yumurta" İncəsənət Mərkəzi

Nyu-Yorkun Alban şəhərində "Empire State Plaza" kimi tanınan məşhur səmtdə çoxlu sayda dövlət və hökumət qurumlarının yerləşdiyi ərazidə qeyri-adi formada nəhəng "Yumurta" binası inşa olunub. "Albany Performans İncəsənət Mərkəzi" kimi fəaliyyət göstərən kompleks 1966-1978-ci illərdə "Harrison Abramovitz" memarlıq bürosunun baş memarı Wallace Harrison tərəfindən layihələndirilib. Tez bir zamanda metropolun ən məşhur memarlıq atributlarından birinə çevrilən mərkəz canlı konsertlərin keçirilməsi üçün nəzərdə tutulub. Binanın formasında Nelson Rokfellerin heykəltəraşlığının bədii elementlərindən istifadə edilib. Dördkünc postamentin üstündə dayanan və bir qədər aşağıya doğru əyilən nəhəng "yumurta" müasir, həmçinin Brutal memarlıq üslubunda dizayn edilib.

Hündürlüyü 180 metr olan konstruksiya dəmir-betondan hazırlanıb və 6 mərtəbədən ibarətdir. Oval binanın interyerində düz xətt və kəskin künclər yoxdur. Nyu-York ştatının ictimai xeyriyyə korporasiyası kimi fəaliyyət göstərən mərkəzdə iki teatr zalı - 450 yerlik "Lewis A. Swyer" və 982 yerlik "Kitty Carlisle Hart" yerləşir. Burada 1960-1970-ci illərin monumental mücərrəd əsərlərinin böyük ictimai sənət kolleksiyası nümayiş olunur. Müasir incəsənətin ən mühüm ictimai kolleksiyasına 92 rəsm, qobelen və heykəltəraşlıq əsərləri daxildir.

Berlin Kafedralı

Almaniyanın ən böyük protestant kilsəsi Berlin Kafedralı 1894-1905-ci illərdə paytaxtın Muzey adasında inşa olunub. Möhtəşəm abidənin layihələndirilməsində Julius Karl Raschdorff, Karl Friedrich Schinkel, Jan Baumann, Otto Raschdorff, Martin Heinrich Böhme kimi memarlar iştirak edib. Prussiya protestantlarının əsas kilsəsi və hakim Hohenzollern sülaləsinin sarayı olan məbəd barokko üslubunda dizayn edilib. Kafedralda quraşdırılan orqan isə Vilhelm Zauer tərəfindən hazırlanıb. Məbədin interyerində Almaniya imperiyasının baş rəssamı Anton fon Vernerin eskizlərindən istifadə olunub. Dünya müharibəsindən sonra ciddi ziyan görən dəbdəbəli kilsə yenidən restavrasiya edilib. Yeni kafedralın açılışı 6 iyun 1993-cü ildə baş tutub.

Sileziya qranitindən tikilən kafedralın fasadını heykəllər, sütunlar və stükkolar, interyerini isə vitraj pəncərələr və bibliya mövzularında rəsmlər bəzəyir. Mərkəzi günbəzin hər iki tərəfində qübbələrlə taclanmış iki nəhəng ibadətgah var. Kafedralın günbəzinin altında Berlinin gözəl mənzərəsini təqdim edən müşahidə göyərtəsi yerləşir. Kilsənin muzey bölməsində Böyük Seçicinin və onun həyat yoldaşı Doroteyanın dəbdəbəli sarkofaqı var. Hohenzollern sülaləsinin çoxsaylı üzvlərinin sarkofaqlarının yerləşdiyi kripta da buradadır.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".