Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Stomatologiyada bir ilk

Yaponiyanın Kioto Universiteti Xəstəxanasının tədqiqatçıları dünyada ilk dəfə diş böyüdən dərman preparatını sınaqdan keçirəcəklər. Əgər bütün testlər uğurlu nəticə verərsə, 2030-cu ilə qədər dərmanın satışa çıxarılacağı gözlənilir.

Məlumata görə, bu dərman dişlərin böyüməsinə maneə törədən bir gen zülalını deaktiv edir. Bu isə yeni dişin böyüməsinə imkan verir. İndiyədək heyvanlar üzərində sınaqdan keçirilən preparat ilkin mərhələdə ən az bir azı dişi əskik olan 30-64 yaşlı 30 nəfərin müalicəsində istifadə olunacaq. 11 aylıq mərhələdən sonra isə sınaqlar anadangəlmə diş çatışmazlığı səbəbindən ən azı dörd dişi əskik olan 2-7 yaş arası uşaqlar üzərində aparılacaq. Tədqiqatçılar daha sonra sınağı qismən dişsizliyi olan insanları əhatə edəcək şəkildə genişləndirməyi planlaşdırırlar.

"Diş itkisindən əziyyət çəkənlərə kömək etmək istəyirik. Bu günə qədər belə bir müalicə olmasa da biz bilirik ki, insanların dişlərin böyüməsi ilə bağlı böyük gözləntiləri var", - deyə Kioto Universiteti Xəstəxanasının Stomatologiya və Ağız Cərrahiyyəsi Departamentinin rəhbəri, tədqiqatçı Katsu Takahashi qeyd edib.

"Cadillac" yeni elektromobilini təqdim edib

"General Motors" şirkəti "Cadillac" bren

di altında üçüncü elektromobilini təqdim edib. 5 nəfər sərnişin tutumuna malik "Optiq" adlı kompakt ölçülü yeni elektromobil dinamik dizaynı ilə yanaşı, sürətli şarj texnologiyasına sahibdir.

Həm arxa, həm də ön çəkən təkərləri və iki ədəd elektrikli mühərriki ilə seçilən elektromobil 300 at gücünə sahibdir. 85 kilovat/saat həcmli batareyaya malik krossover bir dəfə şarj olunduqdan sonra 483 kilometr yol qət edə bilir. Elektromobilin 10 dəqiqəlik şarj prosesi ona 129 kilometrlik yolu qət etmə imkanı verir. Krossover olmasına baxmayaraq, elektromobil özündə 4 dinamik səyahət rejimini birləşdirir: Tour, Sport, Snow/Ice və My Mode.

Elektromobilin interyerində təbii dəri materialdan istifadə olunub. Salonun ön hissəsində yerləşən 33 düym ölçülü sensorlu ekran elektromobil ilə bağlı vacib məlumatların əks olunduğu multimedia sistemi rolunu oynayır. Bundan əlavə, krossover Android əsasında hazırlanmış proqram təminatına və "Super Cruise" adlı avtopilot sisteminə malikdir. Məlumata görə, elektromobil bu ilin payız fəslində ABŞ-da və Avropada satışa çıxarılacaq.

Kosmosun ən qədim qalaktikası kəşf olunub

Fəaliyyətə başladığı ilk gündən etibarən kosmosla bağlı əhəmiyyətli araşdırmalar həyata keçirən James Webb Kosmik Teleskopu (JWST), daha bir kəşfə imza atıb. Belə ki, teleskop Böyük Partlayışdan cəmi 300 milyon il sonra yaranmış tarixin ən qədim və ən uzaq qalaktikasını aşkar edib.

Bu dəfə teleskop, məlum olan ən qədim və ən uzaq qalaktikaların təsvirlərini çəkə bilib. Alimlərin fikrincə, bu qalaktikalar Böyük Partlayışdan 300 milyon il sonra əmələ gəlib. Xüsusilə "JADES-GS-z14-0" və "JADES-GS-z14-1" adlı qalaktikalardan birincisi çox maraqlı xüsusiyyətə malikdir. Belə ki, hesablamalara əsasən, bu qalaktikanın eni 1600 işıq ili uzaqlığındadır və çox parlaq bir quruluşa malikdir. Mütəxəssislər bu qalaktikanın gənc və aktiv ulduzlarla qidalandığını düşünürlər.

Alimlər bu kəşfi vacib hesab edirlər, çünki kainatın 300 milyon il müddətində belə bir böyük qalaktika əmələ gətirməsi təəccüblüdür. Onu da qeyd edək ki, yeni kəşf yalnız bir araşdırmanın məhsulu deyil. Belə ki, Hubble Kosmik Teleskopu tərəfindən kəşf edilən sahələri araşdıran JWST, güclü infraqırmızı cihazlarını 5 gün ərzində bu bölgədə cəmləşdirib.

"Telegram" saxta xəbərlərə qarşı mübarizə aparacaq

"Telegram"da yeni funksiyanın testinə start verilib. "Fact Check" adlı funksiya messencer daxilində paylaşılan xəbərlərin doğru olub-olmadığını yoxlayacaq. Mesajlaşma platforması bu istiqamətdə kənar təşkilat və agentliklərlə əməkdaşlıq edəcək.

İstifadəçilər xəbər paylaşımının hansı agentlik və ya təşkilat tərəfindən yoxlandığını görə biləcəklər. Qeyd edək ki, buna bənzər mexanizm, həmçinin "Meta" şirkətinə məxsus olan "Facebook" və "Instagram" platformalarında da istifadə edilir. Lakin bu cür sistemlərin effektivlikləri bəzi suallar yaradır. Məsələn, "Facebook" hər dəqiqə ortalama 500 000 yeni rəy əldə edir. Heç bir təşkilat belə həcmdə kontenti operativ şəkildə analiz etmək qabiliyyətinə malik deyil. Faktların yoxlanılması sistemləri bir platformanın sərhədindən kənara çıxan daha məşhur və sürətlə yayılan xəbərlər üçün çalışa bilir. Yeni funksiyanın "Telegram" daxilində nə zaman və hansı formada istifadəyə veriləcəyi bilinmir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".