Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Mənfi qan qrupuna sahib olanlar yadplanetlidirmi?

Bir qrup elm adamı ağılasığmaz nəzəriyyə irəli sürüb. Çoxlarına cəfəngiyyat kimi görünsə də, alimlər mənfi qan qrupuna sahib olan insanların yad planetlilərdən olduğunu iddia edirlər. Onlar belə insanların yer üzündəki nəsildən törəmədiklərini söyləyirlər.

Dörd fərqli qan qrupları (0, A, B və AB) vücudumuzdakı bakteriya və virusların səthində tapılan zülallara görə təsnif edilir. Bununla belə insanların kiçik bir qismi mənfi (Rh-) qan qrupuna malikdir, lakin bu şəxslər təsnifatın əsaslandığı zülallardan məhrumdur. Alimlər bu insanları keçmişdə yadplanetlilərin genetik manipulyasiya yolu ilə qul irqi yaratdıqlarını düşünürlər.

Qeyd edək ki, ən yüksək mənfi qan qrupu faizi İspaniya və Fransa əhalisinin payına düşür. Burada əhalinin təqribən 30 faizi mənfi qan qrupuna sahibdir. Təxminən 60 faizi isə mənfi qan qrupuna aid olmadığı halda bu geni daşıyır.

Alimlər mənfi qan qrupu daşıyan qadınların müsbət qana sahib döllərə dözümlülük göstərə bilmədiyini söyləyirlər. Elm adamları iki fərqli qanın bir-birini qəbul etmədiyini və bu püskürmənin səbəbinin genetik modifikasiya ilə bağlı olduğunu deyirlər.

 İrəli sürülən bu nəzəriyyə isə şumer mətnlərinə əsaslanır. Orada kosmosun başqa bir yerindən gələn bir irqin planetimizdə qızıl çıxarmaq məqsədilə fəhlə kimi istifadə etmək üçün öz qanından qul insan yaratdıqları söylənilir. Şumer mətnləri ilə əlaqəli tədqiqatlar aparan alimlər bu mənada mənfi qan qrupu daşıyan insanların yadplanetlilər tərəfindən dəyişdirilmiş genetik koda sahib olduğunu ehtimal edirlər.

Bu nəzəriyyənin arxasında hər hansı bir əsas olub-olmadığını yəqin ki, zaman göstərəcək...

 

Göz bəbəyinin ölçüsü ilə zəkanın əlaqəsi var imiş

Georgia Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan araşdırma zamanı göz bəbəyinin ölçüsü ilə intellekt və diqqət funksiyası arasında əhəmiyyətli bir əlaqə olduğu ortaya çıxıb.

Göz bəbəyinin ölçüsü bir sıra amillərlə bağlıdır: işıq, həyəcan və ya qorxu zamanı onlar dəyişə bilir. Buna görə də indiyə qədər belə bir araşdırma aparmaq çətin idi. Təxminən altı ildir ki, bu mövzu üzərində işləyən alimlər zehni performans və göz bəbəyi arasında əlaqəni araşdırıblar.

Gözlərimizin içərisindəki qara görünən bu bölgədən işıq keçərək retinaya düşür. Bir sıra qarışıq mexanizmlərin sayəsində görməni təmin edir. Qaranlıq mühitdə isə görmə funksiyasını yerinə yetirə bilmək üçün bəbəklərimiz genişlənir. Qorxduğumuz və ya həyacanlandığımız zaman da müdafiə mexanizmi aktivləşir və onlar ətrafda baş verənləri daha yaxşı görə bilmək üçün böyüyür. Bəbəklərimiz eyni zamanda yalanı da üzə çıxarmaqda "mahirdir". Bu qədər faktorların təsirinə məruz qalan bəbəklərimizin düzgün ölçülməsi o qədər də asan deyil.

Sınaqlara cəlb edilmiş 18-35 yaş arası 500 nəfər iştirakçının göz bəbəkləri və buynuz qişası xüsusi bir cihaz vasitəsilə ölçülüb. Təxminən 4 dəqiqə ərzində göz hərəkətləri izlənildikdən sonra mümkün amillər istisna edilib və respondentlər zəka, yaddaş və diqqəti ölçən bir sıra koqnitiv testlərdən keçirilib. Nəticədə bəbəyin ölçüsü ilə zəka və diqqət funksiyası arasında əhəmiyyətli dərəcədə əlaqə olduğu ortaya çıxıb. Tədqiqat zamanı nəzərdən keçirilən başqa bir detal isə bəbəyin ölçüsü ilə yaş arasındakı əlaqə olub. Yaş artdıqca bəbəyin ölçüsünün tərs şəkildə azaldığı müşahidə olunub. Alimlər bunun beyin sapında norepinefrinin istehsalında cavabdeh olan Locus coeruleus adlı sahə ilə əlaqəli olduğunu düşünürlər. Norepinefrin isə qavrayış, diqqət, öyrənmə ilə əlaqəli funksiyalarda iştirak edir. Eyni zamanda bəbəyin genişlənməsindən də məsuldur. Sözügedən bölgənin beynin çalışmasında və sahələr arasındakı koordinasiyada mühüm rol oynadığı ehtimal edilir.

Göz bəbəyi və zəka arasındakı əlaqə də bu fərziyyəyə əsaslanır. Amma əlbəttə ki, başqa dəlillərə və araşdırmalara ehtiyac var.

 

Arıların riyazi hesablama "qabiliyyəti"

Beyində olan öyrənmə qabiliyyətinin yalnız insanlara xas olduğunu düşünürsünüzsə, artıq bu fikri bir kənara qoyun. Çünki fransalı və avstraliyalı alimlər bal arılarının da toplama və çıxma daxil olmaqla əsas riyazi əməliyyatları yerinə yetirə bilmək üçün simvollardan istifadə etdiyini aşkar ediblər.

Alimlər bu zəhmətkeş həşəratların bir milyondan az neyron ehtiva edən beyinə malik olmasına baxmayaraq, kompleks riyazi problemlərin (sıfır anlayışını dərk etmək kimi) öhdəsindən gələ biləcəyini söyləyirlər. "Science Advances" jurnalında dərc edilmiş məqalədə arıların məktəbəqədər uşaqlar kimi qavrama bacarığını nümayiş etdirdiyindən bəhs olunub. Elm adamları bu həşəratların çoxluqlar arasındakı fərqləri dərk edə, həmçinin sıfırın sayını boş çoxluq olaraq qavraya bildiklərini söyləyirlər. Bu qabiliyyət uşaqlarda dörd yaşından etibarən formalaşır.

"Arıların əsas riyazi əməli yerinə yetirmə və sıfırı ayırd edə bilmək üçün kifayət qədər ağıllı olduqları bilinirdi. Yeni araşdırmalarımız, onların simvol və rəqəmlər arasındakı əlaqəni də qavraya bildiklərini göstərir" - deyə tədqiqatçılardan biri qeyd edib.

Sınaqlar zamanı ilk dəfə olaraq bal arılarına rəqəmləri simvollarla uyğunlaşdırmaq öyrədilib. Məsələn, onlar "ikinin iki banan, iki ağac və ya iki papağı təmsil etdiyini ayrıd edə biliblər.

Qeyd edək ki, beynimizdəki neyronların yalnız yüz mindən birinə malik olan arıların kiçik beyinləri ilə heyrətamiz dərəcədə mürəkkəb əməliyyatları necə həyata keçirə bildiklərindən Nəhl surəsinin 68-ci və 69-cu ayələrində də bəhs edilib.

 

Giza piramidasının daha bir sirri çözüldü

Dünyanın 7 möcüzəsindən biri olan Böyük Giza piramidası olaraq da bilinən Xeops piramidasının daha bir sirri açılıb. Bu dəfə elm adamları inkişaf edən texnologiyanın köməyi ilə Misir fironu kral Xufunun zamanında inşa edilmiş tikilini kosmik şüalarla skan edərək səthinin altındakı sirləri araşdırıblar. Misir ehramının necə tikildiyi hələ ki, naməlum olaraq qalsa da, sarı kimi tanıdığımız piramidanın əsl rəngi bəlli olub.

Tədqiqatçı Beftany Hughes piramidaların ilk tikildiyi zaman tamamilə ağ rəngdə olduğunu açıqlayıb. Bundan əlavə piramidanın tam ortasında isə ölçüsü təxminən 30 metr olan otaq aşkar edilib. Radioqrafik müayinələr nəticəsində əvvəllər məlum olmayan iki gizli kameranın olduğu da üzə çıxıb. Tikilini araşdıran "ScanPyramids" qrupu oradakı boşluqlardan birinin piramidanın şimala baxan hissəsində, digərinin isə şimal-şərqində olduğunu müəyyən edib. Alimlər fəhlələrin dəfn olunduğu bu yerin "lənətlənmiş" olduğunu söyləyirlər. Bunun səbəbi isə xarabalıqlarda tapılan lənətlə bağlıdır. Arxeoloq Zahi Havassın kitabında verdiyi məlumata görə, qəbiristanlığın girişində belə bir lənət var: "Bu abidəni zədələmək və ya məhv etmək üçün içəri girən hər kəs dənizdə timsah, begemotlarla, quruda isə ilan və əqrəblərlə mübarizə aparsın".

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".