Sülhdən yayınan
Siyasət

Sülhdən yayınan "sülh göyərçini"

Ermənistan rəhbərliyi uzun müddətdir ki, sülh müqaviləsinin imzalanmasına hazır olduğunu deyir. Hətta bunun üçün konkret vaxt da bildirir. Lakin verilən bu açıqlamalarla davam etdirilən ritorika tamamilə ziddir.

Belə ki, rəsmi İrəvan silahlanmanı davam etdirir, şərti sərhəddə atəşkəsi pozur. Bütün bunlar Azərbaycana qarşı, onun nüfuzunun aşağı salınmasına hesablanmış məkrli addımlardır. Ermənistanın yaratmaq istədiyi vəziyyətdə özü "sülh göyərçini", ölkəmiz isə qeyri-konstruktiv ölkə kimi təqdim olunur. Bununla rəsmi İrəvan sülh danışıqlarından yayınır, öz xain planlarını davam etdirir. İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin yerləşdiyi istiqamətdən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Ermənistanın sülhə hazır olması ilə bağlı bəyanatları ilə eyni vaxtda silahlanması, atəşkəsi pozması Azərbaycanın iradəsini sınamağa və bəlkə də taktiki üstünlük əldə etməyə yönəlmiş xəyallardan xəbər verir.

Bu situasiyada əsas amillərdən biri də Fransanın Ermənistanı silahlandırmasıdır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan itirdiyi gücünü bərpa etmək məqsədilə rəsmi Parislə işbirliyinə başlayıb. Fransanın Ermənistanı silahlandırmaq qərarı həm də Rusiyanın regiondakı təsirinə qarşı mübarizə üsulu kimi qiymətləndirilə bilər. Fransa Ermənistanı dəstəkləməklə öz geosiyasi varlığını gücləndirməyi və regionda söz sahibi olmağı hədəfləyir.

İkinci Qarabağ müharibəsindən sonra imzalanmış atəşkəs sazişi sülh prosesində mühüm amildir. Lakin Ermənistan son dörd il ərzində sülh müqaviləsindən yayınır, bununla yanaşı, təxribatları ilə prosesi çətinləşdirir. Ermənistan Xarici İşlər Nazirliyi bu yaxınlarda Azərbaycanı sülhdən yayınmaqda ittiham edib. Bu ittiham vəziyyəti əks etdirmir və daha çox strateji blef məqsədi daşıyır. Azərbaycan daim sülh təşəbbüsləri irəli sürüb, bu prosesdə fəallıq göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda bir ay ərzində sülh sənədini imzalamağa hazır olduğunu bəyan edərək bu prosesə yenidən diqqət çəkib. Bununla belə, həll olunmamış məsələlər hələ də qalır. Rəsmi Bakı İrəvanı sülh prosesinə uyğunlaşdırmaq üçün qanunvericilik aktlarına düzəlişlər etməyə çağırıb. Eyni zamanda Ermənistanın davamlı olaraq silahlandırılması, xüsusən də Fransa ilə münasibətləri Azərbaycan tərəfindən sülh səylərinə birbaşa təhlükə kimi qəbul edilir. Ölkəmiz sülh sazişinin təməli kimi beş bəndlik əsas prinsipi müəyyən edib. Bu şərtlər sabit və davamlı sülhün təmin edilməsi üçün həlledici hesab olunur. Zəngəzur dəhlizinin açılması və ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılması xüsusi əhəmiyyət kəsb edir. Rəsmi Bakının bu şərtlərdə israr etməsi iki ölkə arasında etimadın yaradılması və uzunmüddətli sülhün təmin edilməsi üçün zəruri hesab etdiyi öhdəlikləri reallaşdırmaq istəyini əks etdirir.

COP29 konfransından əvvəl sülh sazişinin çərçivə sənədinin imzalana biləcəyi ilə bağlı fərziyyələr var. Bununla belə, hərtərəfli sülh sazişinin yekunlaşdırılmasının noyabrdan sonraya və ya bəlkə də gələn ilə təxirə salına biləcəyi də gözlənilir. Daxildə Paşinyana ciddi təzyiqlər göstərilir. Baqrat Qalstanyanın rəhbərlik etdiyi etirazlar hazırda səngisə də, sülh sənədi imzalanacağı təqdirdə iğtişaşlar yenidən başlaya bilər. Bu, Paşinyanın mövqeyini çətinləşdirir. Ermənistanın Fransa ilə gizli əlaqələri vəziyyəti daha da mürəkkəbləşdirir. Fransadan hərbi dəstək almaqla Ermənistan öz maraqlarını qorumaq niyyətində olduğunu göstərir. Lakin bu addım sülh prosesinə xələl gətirir. Əsl sülh üçün Ermənistan öz hərəkətlərini nizamlamalı, gərginliyə səbəb ola biləcək strategiyalardan çəkinməlidir. Sülhün reallaşması üçün Ermənistan konstitusiyasından qonşu dövlətlərə qarşı ərazi iddialarını əks etdirən bəndlərin çıxarılmasına nail olmalıdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".