Strateji müttəfiqlik Bəyannaməsi – 3 il
Siyasət

Strateji müttəfiqlik Bəyannaməsi – 3 il

Şuşa Bəyannaməsi iki dövlət arasında dərin bağları təcəssüm etdirən mühüm sənəddir. 2021-ci ildə imzalanmış bu saziş Azərbaycan və Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqliyin təzahürü, qarşılıqlı dəstəyin, əməkdaşlığın və ortaq dəyərlərə sadiqliyin hərəkətverici qüvvəsidir.

Bəyannamə xüsusilə keçmiş Qarabağ münaqişəsi kontekstində mühüm tarixi əhəmiyyətə malikdir. Qarabağın mərkəzində yerləşən, mədəniyyət baxımından zəngin şəhər olan Şuşanın Azərbaycan üçün simvolik əhəmiyyəti var. Şəhər Azərbaycan mədəniyyətində və tarixində mötəbər yer tutur, ölkənin kimliyinin və irsinin mərkəzi kimi tanınır. Şuşada imzalanan bəyannamə Azərbaycanın öz əraziləri üzərində suverenliyini bir daha təsdiq etməklə yanaşı, Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə sarsılmaz dəstəyini açıq şəkildə göstərir.

Cənab İlham Əliyev də məhz Bəyannamənin imzalanmasından sonra mətbuata birgə bəyanat zamanı bu qardaşlıq nümunəsindən geniş mənada bəhs etmişdi: "Mən mətbuat konfranslarında, öz çıxışlarımda dəfələrlə demişəm ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk".

Bundan başqa, Bəyannamə Azərbaycan və Türkiyə arasında çoxəsrlik ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslanan qırılmaz bağı ifadə edir. Azərbaycanı və Türkiyəni tarix boyu möhkəm və davamlı əlaqələrin əsasını təşkil edən dil, mədəni və etnik bağlar birləşdirir. Şuşa Bəyannaməsi bu bağı bir daha təsdiqləyərək köklü dostluq və həmrəyliyi ehtiva etdi.

Şuşa Bəyannaməsi cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında möhkəm qardaşlığın sübutudur. Prezidentlərin qarşılıqlı hörmət, etimad və ortaq dəyərlər üzərində qurulan yaxın əlaqələri Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin formalaşmasında mühüm rol oynayır. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin işğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında imzalanmasının özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamları iki dövlətin tək millət, vahid yumruq altında birliyini nümayiş etdirir.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında ümumi maraqların inkişafı və regional problemlərin həllinə yönəlmiş strateji müttəfiqliyin rəmzidir. Hər iki ölkə müxtəlif vektorlarda, o cümlədən müdafiə, enerji, ticarət və mədəni mübadilə sahələrində əməkdaşlığı daha da artırır. Daha sıx əlaqələr qurmaqla Azərbaycan və Türkiyə ortaq çağırışların öhdəsindən gəlmək, regionda sabitlik və rifahı təşviq etmək, qlobal sülh və təhlükəsizliyə töhfə vermək imkanlarını artırırlar.

Şuşa Bəyannaməsinin üçüncü ildönümündə Azərbaycan-Türkiyə əməkdaşlığının nailiyyətləri və mərhələləri haqqında danışmaq çox qürurvericidir. Bəyannamənin imzalanmasından sonra hər iki ölkə müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm addımlar atır. Birgə hərbi təlimlərdən tutmuş iqtisadi əməkdaşlıq və mədəni mübadilələrə qədər Azərbaycan və Türkiyə əməkdaşlığı dərinləşərək daha firavan və təhlükəsiz gələcəyin əsasını qoyur.

Üstəlik, Şuşa Bəyannaməsi oxşar problemlərlə üzləşən digər xalqlar üçün ümid və inam rəmzidir. Bu, birlik, həmrəylik və qətiyyətlə ən çətin maneələri belə dəf etməyin mümkün olduğunu nümayiş etdirir. Şuşanın döyüş meydanında azad edilməsi və Qarabağda sülhün bərqərar edilməsi Azərbaycan və Türkiyənin uğurlu əməkdaşlığının möhkəmliyini göstərir. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında münasibətlərdə mühüm mərhələ olan tarixi Şuşa Bəyannaməsinin imzalanmasından ötən 3 ilin nəticələrinə nəzər saldıqda məlum olur ki, Şuşa sazişi regional təhlükəsizlik və sabitlikdən tutmuş iqtisadi əməkdaşlıq və mədəni mübadilələrə qədər müxtəlif cəbhələrdə nəzərəçarpacaq nəticələr qazanılıb.

Bəyannamədən irəli gələn ən diqqətəlayiq nailiyyətlərdən biri də Qarabağ və Şərqi Zəngəzurda sülhün və sabitliyin möhkəmləndirilməsidir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığı gücləndirərək müdafiə, təhlükəsizlik və hərbi sahədə daha sıx əməkdaşlığa təkan verib. İki ölkə arasında birgə hərbi təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlıq hər iki dövlətin müdafiə imkanlarını və regional təhlükəsizliyini gücləndirir. Azərbaycan və Türkiyə strateji müttəfiqlikləri vasitəsilə ümumi çağırışların həllində və ümumi maraqlarının qorunmasında vahid mövqe nümayiş etdirərək regionda sülh və sabitliyə töhfə verirlər.

Bütün sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsini təmin edən bu Bəyannamə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın, bölgədə sülh, sabitlik və inkişafın təmin olunması üçün güclü bir zəmin yaradır.

Tacir SADIQOV,

"Respublika".