II Beynəlxalq Maqom Sənəti Forumu fəaliyyətə başlayıb
Mədəniyyət

II Beynəlxalq Maqom Sənəti Forumu fəaliyyətə başlayıb

27-30 iyun tarixlərində Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumu keçirilir.

Mədəniyyət Nazirliyindən “Respublika”ya verilən məlumata görə, 80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumun açılışı iyunun 27-də baş tutur. Mərasimdə UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Miulesku, ICESCO-nun baş direktoru Salim əl-Malik, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti A.Raimkulova, TürkPA-nın sədri Mehmet Sürəyya Ər, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və digər rəsmilər iştirak edəcəklər.

Forum çərçivəsində iyunun 28-29-da “Maqom sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək, sənətçi iştirakçılar arasında ifaçılıq müsabiqəsi təşkil olunacaq. Azərbaycan, ABŞ, Misir, Türkiyə, Özbəkistan və Hindistandan mütəxəssislərin yer aldığı beynəlxalq münsiflər heyəti ifaçıları “Ən yaxşı maqom ansamblı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı vokal solo” nominasiyaları üzrə qiymətləndirəcək. Həmçinin Özbəkistanın 14 regionunun mədəniyyət nümunələrinin yer aldığı pavilyonlarda müxtəlif səpkili sərgilər keçiriləcək.

İyunun 30-da II Beynəlxalq Maqom Sənəti Forumunun bağlanışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olacaq.

“Respublika”.