ADAU-DA “MƏZUN GÜNÜ”
Region

ADAU-DA “MƏZUN GÜNÜ”

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik korpusunun qarşısında ali təhsil müəssisəsinin 2024-cü il üçün təntənəli "Məzun günü" tədbiri keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Elm təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, rəsmilər, müəllim və məzunlar iştirak ediblər. Universitetin rektoru Zəfər Qurbanov bakalavr və magistratura pilləsindən məzun olan bütün tələbələri təbrik edib. Rektor bildirib ki, Aqrar Universitet hər zaman məzunlarının yanındadır və uğurları ilə fəxr edir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da məzunlara gələcək həyatlarında uğurlar arzu edib. Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop və Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov xoş arzularını dilə gətiriblər.

Təhsilini yüksək ümumi orta göstərici ilə başa vuran fakültə birincilərinə “Təşəkkürnamə” və hədiyyələr təqdim olunub. Təltiflərdən sonra ADAU-nun fəxri kötüyü universiteti birinciliklə bitirən məzunun adının həkk olunması üçün səhnəyə gətirilib. Məzun Əli Xudiyev adını fəxri kötüyə həkk edib. Rəsmi hissədən sonra konsert proqramı başlayıb. Müğənni Nərgiz Məcidli və DJ Amil Məhərrəmovun bir-birindən maraqlı ifaları, alov, zər və tüstü nümayişləri konsertə xüsusi rəng qatıb.

Tədbir xüsusi atəşfəşanlıqla başa çatıb.

Zabit XƏLİLOV,

“Respublika”.