Səhnəmizin əvəzolunmaz qaynanası
Mədəniyyət

Səhnəmizin əvəzolunmaz qaynanası

"Torpaq deyər əz məni, əzizliyim səni. Bir verənə on verər, verməyənə bir tikə də verməz". Bu, onun "Böyük dayaq" filmində yaratdığı obrazın dili ilə deyilmiş sözdür. Yaradıcılığı boyunca sənətkar öz sənətini əzizlədi, bütün ömrünü sərf etdi və son nəticədə əməyinin, əziyyətinin qarşılığı olaraq millətin, xalqın sevgisini qazandı.

Yaratdığı obrazları saymaqla bitmir. İstər kino sahəsində, istərsə də teatr səhnəsində. Cənnət xala, Nargilə, Züleyxa, Fatmanisə, Telli, Gülsüm, Əsli xala və bir çox rollara həyat verib, əbədiyaşarlıq qazandırıb. Onun rollarından olan bəzi məqamlar, sözlər, dialoqlar sadə tamaşaçının dilində əzbər və misala çevrilib. Məsələn, "Ögey ana" filmində dediyi, "eşşək südü ilə sarımsağı qaynadıb içirsən. Xırrıp soyuqdəyməni kəsir", "Hicran" tamaşasında olan dialoqundan "Şefi qərdeş, mənim işim əsas üç hissədən ibarətdir", "Bizim Cəbiş müəllim"də isə "Əmanətdir, Əbili, əmanət" və yaxud da Cəhrə nənənin - "Andır yadımdan çıxdı, cin vurdu təpəmdən, ya mən cini vurdum" deməsi hələ də tamaşaçının dilində əzbərdir. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş aktrisanın həm də gözəl oxumaq qabiliyyəti olub. Onun "Ulduz" filmindəki ifası yaddaşlarda əbədi yaşayır. Onun haqqında çox danışmaq, yazmaq olar, lakin Nəsibə Zeynalovanın yaradıcılığını, yaratdığı obrazları, həyat verdiyi rolları şərh etməyə heç nə yetərli deyil. Aktrisa Azərbaycan teatr sənətini, eləcə də kino sahəsini zənginləşdirən dahilərdəndir.

"Gəlin mənim süpürgəmdi" deyərək Azərbaycan səhnəsində hökmlü, amma daxilən yumşaq xarakterə malik bir obraz yaratdı, şirin ifası ilə rolunu böyük auditoriyaya, tamaşaçı kütləsinə sevdirə bildi. Buna onun daxili potensialı, fitri istedadı və analıq duyğusu imkan verdi. Biz onu belə sevdik, qışqırmadan, şit yumordan istifadə etmədən, özünü unudub, yalnız sənət üçün yaşayan biri kimi. Bütün bu üstünlüklər, qeyri-adi istedad onun özünəməxsusluğunu tamaşaçıya sevdirirdi. Bəzən bədahətən, vəziyyətə uyğun ifadələri, şirin improvizələri ilə səhnədə möhtəşəmlik yaradırdı.  

Azərbaycan səhnəsinin məsuliyyətini, ləyaqətini şərəflə çiyinlərində daşımış Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda dünyaya gəlib. Atası Kərbəlayı Cahangir dövrünün tanınmış taciri və eyni zamanda aktyoru olub. Onu Azərbaycan milli realist aktyor məktəbinin banisi adlandırırlar. Yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Təəssüflər olsun ki, bu arzusunun reallaşdığını  görmək ataya nəsib olmayıb. Nəsibənin iki yaşı olanda, 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədirlər. Cahangir Zeynalov ailəsi ilə birlikdə İrana gedir. Sentyabr ayında  Bakıya qayıdarkən gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov bir müddətdən sonra vəfat edir. 14 yaşından etibarən anasına kömək etmək üçün işləmək məcburiyyətində qalan yeniyetmə Nəsibə işıq idarəsində usta köməkçisi, tramvay parkında qeydiyyatçı işləyir. Daha sonra isə atasının arzusunu reallaşdırır. Sənət yolunda inamla addımlayan aktrisanın musiqiyə həvəsinin kökündə də vacib nüanslar durur. Belə ki, o, orta məktəbdə rəqqasəlik edərək milli və oyun havalarının incəliklərinə yiyələnir.

1932-ci ildə isə Rza Təhmasibin dram dərnəyinə üzv olur. Sənətdə öz kövrək addımlarını atmağa başlayan aktrisa ilk dəfə 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayır. İstedadını hiss edərək onu bir il sonra  4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürürlər. Elə həmin ildə Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alır. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayır. Özünə könüllərdə taxt quran, ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa yalnız Azərbaycan ədiblərinin deyil, xarici müəlliflərin də yazdığı əsərlərdə yaddaqalan obrazlar yaradır. 

Nəsibə Zeynalova ömrünü teatra həsr etsə də onun üçün ailəsi də çox müqəddəs olub. Heç vaxt evini, ailəsini ikinci planda görməyib. O, həm də ana idi, Azərbaycan anası. Teatrı, sənəti də öz övladı kimi sevib, əzizləyib. Aktrisanın yüksək yumoru taleyində, həyatında da mühüm rol oynayıb. O, təkrarsız sənətkar, bənzərsiz aktyor kimi Azərbaycan teatr tarixinə öz möhürünü vurub.  Hər rolu, kiçicik obrazı belə yaddaşlara əbədi həkk olunub. Dövrünün tamaşaçısı onun bütün obrazlarını demək olar ki, əzbərdən bilib. Bəzən yeri gələndə Nəsibə xanımın şirin yumorlarından istifadə də edib.

Xalqın sevimli aktrisası, yaratdığı rollarla dillər əzbərinə çevrilən Nəsibə xanım Zeynalova "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatına layiq görülür. Deyilənlərə görə, "Hicran" tamaşasında Hacıbaba Bağırovla küsülü olan aktrisa səhnədə hər şeyi tamamilə unudaraq özünü bütünlüklə yaratdığı obraza həsr edib. Elə sənətkarın böyüklüyü, qeyri-adiliyi də ondadır ki, tamaşaçıya heç nə hiss etdirməyib.

Sənətdə göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirilib. Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərək ifasının aktuallığını qoruyub saxlayıb. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

Ramidə YAQUBQIZI,

"Respublika".