Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Siyasət

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Dünən keçirilən MSK-nın iclasında ilk olaraq Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib. MSK-nın katibi Arifə Muxtarova namizədlərin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi vaxtı haqqında məlumat verərək bildirib ki, deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq.

Seçkilərin yekunlaşması və nəticələrin elan edilməsi prosesi isə ən gec sentyabrın 22-də başa çatdırılacaq. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) tərəfindən Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək davam edəcək. Seçki dairəsi ərazisində müşahidə aparmaq üçün sənədlərin müvafiq seçki dairələrinə təqdim edilməsi isə Sərəncamın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni avqustun 27-nə qədər davam edəcək. Qeyd olunub ki, seçki prosesi boyunca maarifləndirmə tədbirləri isə mütəmadi şəkildə həyata keçiriləcək. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 gün qalmışa qədər saat 18:00-dək davam edəcək. Yəni bu proses iyulun 13-dən başlayacaq və avqustun 2-də yekunlaşacaq.

İclasda bildirilib ki, Seçki haqqında Qanuna əsasən Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə günündən ən geci 20 gün sonra Milli Məclisə seçkinin nəticələrinin yoxlanılması və yekun vurulması təmin edilməlidir. Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkinin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməli, növbəti mərhələdə Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkinin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

Daha sonra komissiyanın katibi Arifə Muxtarovanın təqdimatına əsasən vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu yaradılması təklif olunub. Qərar yekdilliklə qəbul edilib. Ekspert qrupuna MSK üzvləri Şaitdin Əliyev, Baxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Ramiz İbrahimov, Validə Kazımova daxil ediliblər.

Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilərin suveren respublikanın hər yerində keçiriləcəyini bildirib: "Düzdür, azad olunmuş ərazilərə əhali tam köçürülməyib. Amma prezident seçkisi də bu şəkildə keçirildi və hesab edirəm ki, növbədənkənar parlament seçkisi də həmin standartlara uyğun təşkil olunacaq. Bu seçki də tarixi əhəmiyyət daşıyan hadisə olacaq".

Milli Məclisə seçkilərdə siyasi partiyaların iştirakı geniş olacaq. Digər tərəfdən, müxtəlif qurumlarla birgə tədbirlərin keçirilməsi üçün addımlar atılacaq. Gənclər, qadınlar, müxtəlif təbəqələrdən olan insanlarla maarifləndirici tədbirlər vacibdir. Əgər siyasi partiyalar maraq göstərirlərsə, müraciət edə bilərlər".

Xatırladaq ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə olunması barədə qərar qəbul edilib.

Milli Məclisin iyunun 21-də keçirilən plenar iclasında YAP deputatlarının təşəbbüsü müzakirə olunub, qərar qəbul edilib. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması ilə əlaqədar Azərbaycan Prezidentinə müraciət ediblər. İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib və yekunda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar verilib. İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib və altıncı çağırış Milli Məclis öz işini yekunlaşdırıb.

Prezident İlham Əliyevin iyunun 28-də "Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən VI çağırış Milli Məclis buraxılıb və növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Tacir SADIQOV,

"Respublika".