Nəğməkar şairin ömür yolu
Mədəniyyət

Nəğməkar şairin ömür yolu

Respublikamızın qocaman ziyalılarından biri, şair Şərafət Dağıstanlı ömrünün müdriklik çağını yaşayır. O, oxucunun könlünü oxşayan, insanların qəlbinə yol tapan nəğməkar şairdir.

Şərafət Əbdülcəlil qızı İdrisova 22 aprel 1939-cu ildə Dağıstanın Rutul rayonunun dağlar qoynunda yerləşən Cilxor kəndində dünyaya gəlib. O, 1950-ci ildə təhsil almaq üçün Bakıya köçüb və burada yazıçı Xalidə  Hasilova ilə tanış olub. Ali məktəbin axşam şöbəsində təhsil almaqla yanaşı, yaradıcılığını da davam etdirib. Müxtəlif qəzet və jurnallarda şeirləri dərc olunan gənc şair  sonradan dövri mətbuatda "Şərafət Dağıstanlı" imzası ilə tanınıb.  "Xam torpaq",  "Konqo azadlıq istəyir", "Qarabağ faciəsi", "Qanlı 20 Yanvar gecəsi", "Dünyanın qadınları, qadınlar sülh istəyir"  adlı bir neçə poemanın, 9 kitabın və bundan əlavə, qəzet və jurnallarda dərc olunmuş on səkkiz mindən artıq şeirin, "Jarolonia", "Olmur" kimi yetmişdən yuxarı mahnının müəllifidir.  Bu mahnıları Xan Şuşinski, Əbülfət Əliyev, Arif Babayev kimi tanınmış xanəndələr ifa ediblər. Dillər əzbəri olan mahnı və təsniflərini bu gün gənc ifaçılar sevə-sevə oxuyurlar.

Ş.Dağıstanlının şeirləri rus və bir çox xalqların dillərinə tərcümə olunub. O, 1975-1977-ci illərdə sülh və azadlıq naminə Bakıda və müxtəlif ölkələrdə keçirilən konqreslərdə  fəal iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Azərbaycanlıları Birliyinin, YAP-ın Azərbaycan Qadınlarının Hüquqlarını  Müdafiəetmə Şurasının üzvüdür. Bir çox fəxri fərmanlarla təltif edilib.

Beynəlxalq konqreslərdə iştirakı zamanı dünyanın ən məşhur yazıçı və şairləri: Orxan Kamal, Yaşar Kamal, Əziz Nesin, Nazim Hikmət, Çingiz Aytmatov, Rəsul Həmzətovla tanış olub. Şərafət xanım uzun müddət "Azərbaycan qadını" jurnalında, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışıb, Azərbaycan Dövlət Televiziya  və Radio Verilişləri Komitəsində bölgə müxbiri kimi fəaliyyət göstərib.

Bu illər ərzində "Mənim arzularım", "Mən apreldə doğuldum", "Mən dağlar qızıyam", "Günayım mənim", "Salam göndərib" adlı kitabları dərc olunan Şərafət Dağıstanlı həddindən artıq qayğıkeş, ürəyitəmiz, kövrək və eyni zamanda zəhmətkeş insandır.

Elşad DAĞLI,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.