Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər
Elm və təhsil

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Türkiyənin Antalya şəhərində Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadası (JBMO 2024) təşkil edilib.

Təhsil İnstitutundan "Respublika"ya bildirilib ki, olimpiadada 22 ölkədən 135 şagird iştirak edib.

Ölkəmiz sözügedən olimpiadada 2010-cu ildən iştirak edir və bu ilə kimi məktəblilərimiz 3 qızıl, 22 gümüş, 29 bürünc olmaqla ümumilikdə 54 medal qazanıb. Bu il ilk dəfə olaraq ölkəmiz ikinci yerə yüksəlib və həmçinin ilk dəfə olaraq qız şagirdimiz qızıl medal əldə edib. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 9-cu sinif şagirdi Zəhra İbişova qızıl, Kimya-biologiya təmayüllü respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 9-cu sinif şagirdi Davud Tarverdili, Şəki şəhəri Kimya-biologiya təmayüllü respublika liseyinin 8-ci sinif şagirdi Turan Musayev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdləri Fərhad Hüseynov və Tural Müseyibzadə gümüş medal qazanıblar.