Şərq poeziyasının incisi
Mədəniyyət

Şərq poeziyasının incisi

Şərq ədəbiyyatının incisi adlandırılan Məhsəti Gəncəvinin zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyası tarixində özünəməxsus yeri var. O, həm də  dövrünün görkəmli musiqiçisi və şahmatçısı olub. Hətta onu dünyanın ilk şahmatçı qadını da adlandırırlar.

Rəvayətə görə, Gəncə şəhər hakimi Sultan Məhəmməd şairəni tez-tez saraya dəvət edər, onunla şahmat oynayarmış. M.Gəncəvinin şahmatçı kimi sorağı İraqa, Misirə, Orta Asiyaya qədər gedib çıxır. Şairənin şeirlərində, rübailərində şahmatla bağlı terminlər və oyun növləri də öz əksini tapıb. Onun yaradıcılığı ilə tanış olarkən nə qədər istedadlı, zəngin irsə sahib olduğunu görürük. İncə ruha malik, gözəlliyi dillər əzbəri olan Məhsəti dövrünün tanınmış siması olub. Yalnız Azərbaycanda deyil, bir çox xarici dövlətlərdə də onun yaradıcılıq irsinə, zəngin poeziya nümunələrinə maraq böyük olub. Şairənin şeirlərini şərqşünas Helmut Ritterindən sonra Frits Meyer alman dilinə tərcümə edərək çap etdirib. Ölkəmizdə isə keçən əsrin 60-cı illərindən Məhsəti irsinin çağdaş elmi səviyyədə öyrənilməsinə, tərcümə olunmasına  və nəşrinə başlanılıb. Bu işlərdə böyük rol oynayan sənətkarın  varisi hesab edilən, Gəncə ədəbi mühitinin yetirməsi, Xalq şairi Nigar Rəfibəylinin səyləri və zəhməti hesabına Məhsəti rübailəri məşhurlaşmış və zəngin yaradıcılıq irsi haqqında bir sıra elmi və bədii əsərlər yazılmışdır.

Məhsətinin müxtəlif mənbələrdən rübai, qitə və qəzəlləri ilk dəfə Səhab Tahiri tərəfindən toplanmış və 1957-ci ildə 200-ə yaxın şeir parçasından ibarət divanı  tərtib edilmişdir. Onun rübailəri təkcə Azərbaycan dilinə deyil, ingilis, italyan, alman və fransız dillərinə də tərcümə edilmişdir. Poeziyamızın  görkəmli ustadlarından olan Məhsəti Gəncəvi XII yüzilliyin təkcə Azərbaycan ədəbiyyatına deyil, ümumiyyətlə, Şərq poeziyasına bəxş etdiyi çox məşhur simalardan biridir. O, mükəmməl təhsil almış və əsərlərindən də göründüyü kimi, Rum, Mərv, Bəlx, Nişapur, Herat, Gəncə, Xorasan, İraq, Zuzən, Arran və  digər şəhər, vilayətlərdə olmuşdur.

Məhsəti Gəncəvi gözəl şair olmaqla yanaşı, eyni zamanda Şərq qadınının fikir və mənəvi azadlığının canlı nümunəsi idi. Məşhur Azərbaycan şairəsini, hətta ilk qadın musiqiçi, bəstəkar da adlandırırlar. Haqqında olan məlumatlarda bildirilir ki, Məhsəti 12 muğamı və onun 24 şöbəsini öyrənmiş, cəng, ud və bərbəd alətlərində ifa etməyi bacarmışdı. Bütün bacarıqlara yiyələnməsində isə atasının böyük rolu olmuşdur. Onun həyatı barədə məlumatlar, əsasən əlyazma nüsxələri Azərbaycan Əlyazmalar İnstitutunda, İstanbulda və Londonda saxlanan XIII əsrə aid edilən "Əmir Əhməd və Məhsəti" dastanına əsasən götürülür. Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Əsl adı Mənicə olsa da, Məhsəti adını özünə ədəbi təxəllüs kimi götürmüşdü. Bir müddət böyük Sultan Səncərin sarayında yaşamış və burada keçirilən ədəbi məclislərdə iştirak etmişdi. Onun Sultan Məhəmmədin və oğlu Sultan Mahmudun saray həyatında da yaxından iştirak etdiyi bildirilir:

Dün kaşı kuzəmi

                  daşlara çaldım,

Sərxoşdum, bilmədim

                  əlimdən saldım,

Kuzə dilə gəlib

                  dedi ki, mən də

Sənin kimi idim,

                  bu günə qaldım.

"Əmir Əhməd və Məhsəti" dastanında bildirilir ki, Gəncə xətibinin yeganə oğlu  Əmir Əhmədlə Məhsəti bir-birlərinə aşiq olurlar. Gəncə şahının şairənin birdəfəlik saraya köçməsi tələbinə görə Məhsəti Əmir Əhmədə təklif edir ki, Bəlx şəhərinə qaçsınlar. Əvvəlcə şairə özü oraya gedir. Onun gəlişi şərəfinə Bəlxin və bütün Xorasanın şairləri buraya yığışır, şeir yarışı başlanır. Məhsəti poetik tapmaca söyləyir. Heç kim onu aça bilmir. Yarışın bu yerində heç kimin tanımadığı bir şəxs tapmacanın cavabını gözəl bir şeirlə söyləyir. Hamı anlayır ki, onların qarşısındakı şəxs Əmir Əhməddir. Daha sonra sevgililər doğma Gəncəyə qayıdır, nigahlarını rəsmi şəkildə bağlayırlar və onların iki övladı olur. Əmir Əhməd atası öldükdən sonra Gəncənin xətibi olur. Bir müddətdən sonra vəfat edir və bu, Məhsətini çox sarsıdır, tökdüyü göz yaşıları axırda gözlərinin tutulmasına səbəb olur. Bundan  sonra cəmi iki il yaşayır. Adıçəkilən dastanda o da qeyd edilir ki, Məhsəti Nizami Gəncəvinin yanında dəfn edilib. Həqiqətən də, 1923-cü ildə Nizaminin məzarı Şah Abbas məscidində basdırılmaqdan ötrü çıxarılarkən onun yanında bir qadın cəsədi də tapılmışdır. Hətta onların tanışlığını sübut edən Nizaminin bir şeiri də var. Həmin misraların Məhsətiyə ithaf olunduğu ehtimal edilir:

Sənin sənətin musiqi

                       çalmaqdırsa,  

Mən zil və bəm səsləri

                       dinləmək istəyirəm.

Sürməli kipriklərini

                      yana dartma,

Bir ox at, gözləyirəm.

Əsrlər keçməsinə baxmayaraq, şeirləri bu gün də oxucuların zövqünü oxşayır, dünyanın gözəlliklərindən ilham almağa çağırır. Məhsəti Gəncəvi Azərbaycan ədəbiyyatının çiçəkləndiyi bir dövrdə - Nizami, Xaqani kimi dahi sənətkarların yazıb-yaratdığı zamanda yaşayıb. Humanist poeziyası ilə insanı, onun gözəlliyini, istək və arzularını ifadə edib, həyat eşqinə, duyğularına bəraət qazandırıb. Rübai ilə nəfəs alan, onunla yaşayan Məhsəti "Mənimsə kəbinim bir rübaidir", - deyib.

Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il yanvarın 16-da Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Gəncədə Məhsəti Gəncəvi Mərkəzi inşa olunub, mərkəzin qarşısında şairənin möhtəşəm heykəli qoyulub, Məhsəti bağı salınıb. Elə həmin il UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul olunub.

Ramidə YAQUBQIZI,

"Respublika".