Belarusun Müstəqillik Günü qeyd olunub
Siyasət

Belarusun Müstəqillik Günü qeyd olunub

Belarusun alman-faşist işğalçılarından azad edilməsinin 80 illiyi qeyd olunur. Bu tarix Belarus xalqının faşist işğalçılarına qarşı üçillik mübarizəsinin apoteozudur. Belarusla Azərbaycan arasında əməkdaşlıq 11 iyun 1993-cü il tarixində diplomatik əlaqələrin qurulduğu gündən dinamik şəkildə inkişaf edir. Ötən illər ərzində Azərbaycan-Belarus münasibətləri böyük yol keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlətlərarası əlaqələrimiz sıx ticari-iqtisadi müqavilələrə və beynəlxalq siyasətin bir sıra məsələlərində ümumi milli maraqlara, həm də 200 illik tarixə əsaslanır.

Belarusun milli bayramı - Müstəqillik Günü ərəfəsində Azərbaycanda hər il tədbirlər keçirilir. Bu il də ənənəyə sadiq qalaraq iyunun 28-i "Baku Marriott Hotel Boulevard"də Belarusun Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu yaxınlarda baş tutmuş uğurlu səfəri təsdiq etdi ki, strateji tərəfdaşlığımız möhkəmlənəcək və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın dostluğu və qarşılıqlı anlaşması ənənələri əsasında fəal şəkildə inkişaf edəcək. A.Ravkov Belarus liderinin səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün güclü təkan olduğunu vurğulayıb.

Səfir qeyd edib ki, Belarusun faşist işğalından azad edilməsi üçün Azərbaycan hərbçiləri də döyüşüb, onlardan 12 nəfəri "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülüb: "Xalqlarımız sovet xalqının ümumi qələbəsinə mühüm töhfə verib. Bu baxımdan veteranlara xüsusi minnətdarlığımı bildirmək istəyirəm". O, çıxışı zamanı Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin və 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adlarını xüsusi qeyd edib.

Tədbirdə Belarusun azad edilməsi uğrunda həlak olmuş azərbaycanlılara xüsusilə diqqət çəkilib. Azərbaycan vətəndaşları Belarusun faşist işğalından azad edilməsinin 80 illiyi şərəfinə təsis olunmuş xüsusi medallarla təltif olunublar.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov çıxış edib. O bildirib ki, Azərbaycan konstruktiv dialoqu davam etdirməyə hazırdır və ikitərəfli münasibətlərin bütün gündəliyi dostluğa və qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanır. Əli Əhmədov çıxışını bu sözlərlə tamamlayıb: "Sonda mən bir daha iştirak edənləri və Belarus xalqını Müstəqillik Günü münasibətilə təbrik edir, hamımıza cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram".

Elə həmin gün, tədbirdən öncə Belarusun Müstəqillik Günü şərəfinə Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Səfir A.Ravkov ölkəsinin faşist işğalından azad edilməsinin 80 illik yubileyi münasibətilə Fatma Səttarovanı Belarus Prezidenti adından medalla təltif edib, Belarus torpağının azadlığı uğrunda döyüşən azərbaycanlıların tarixi qəhrəmanlığından danışıb.

Diqqətə görə Belarus dövlətinə öz təşəkkürünü bildirən Fatma Səttarova Belarus və Azərbaycan xalqının bu gün də tarixi dostluq ənənələrini davam etdirməsindən məmnunluğunu bildirib.

Daha sonra polkovnik Cəlil Xəlilov Belarus səfirinə Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı haqqında ətraflı məlumat verib, iki dövlətin veteran təşkilatları arasındakı əməkdaşlığı daha da genişləndirməyin vacibliyini vurğulayıb.

Turanə QƏHRƏMANLI.