Vergi ödəyiciləri ilə görüş
İqtisadiyyat

Vergi ödəyiciləri ilə görüş

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2 saylı Ərazi Vergilər Baş İdarəsində istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirliib. Görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev və 2 saylı ƏVBİ-nin rəisi Səməd Vəliyev iştirak ediblər. Görüşün keçirilməsində məqsəd istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, bu istiqamətdə onlardan təkliflərin alınması, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual məsələlərin müəyyənləşdirilməsi olub. Bildirilib ki, vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını qoruyan struktur modelidir. İnkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla, 2019-cu ildə Azərbaycanda ilk dəfə vergi ombudsmanı institutu təsis olunub. 2023-cü ilin sonunda isə DVX-də Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb və ilkin mərhələdə kadrlarla komplektləşdirilməsi həyata keçirilib. Baş idarənin yaradılmasında əsas hədəf vergi orqanlarında vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır. A.Quliyev ilk görüşün istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə keçirilməsinin başlıca səbəbini bu sahənin iqtisadiyyatdakı mühüm rolu ilə əlaqələndirib. Vergi ombudsmanı və baş idarənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verən baş idarənin şöbə rəisi Məmməd Quliyev bildirib ki, vergi ödəyicilərinin hüquqlarının pozulmaması, pozulmuş hüquqların bərpası məqsədilə təhlillərin aparılması, iş prosesləri keyfiyyətinin monitorinqinin həyata keçirilməsi, müvafiq təkliflər və tövsiyələrin hazırlanması, şikayətlərin yaranma səbəblərinin araşdırılaraq qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi, müvafiq sahədə dövlət vergi siyasətinin formalaşdırılmasında və normayaratma fəaliyyətində iştirak strukturun əsas məqsədlərinə daxildir. Görüşdə sahibkarların rastlaşdıqları çətinliklər ətraflı müzakirə edilib.

Bayram SALMANOV,

"Respublika".