Parlamentdə yeni dönəmin başlanğıcı
Siyasət

Parlamentdə yeni dönəmin başlanğıcı

İyunun 28-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin altıncı çağırışının buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Konstitusiyanın 84-cü maddəsinin 11-ci hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Prezident təyin edir. Milli Məclisə seçkilər hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Məhz Konstitusiyanın bu maddəsinə əsaslanaraq Azərbaycanda parlament seçkiləri 2024-cü ilin noyabrında keçirilməli idi. Lakin həmin ayda dünyanın ən mötəbər tədbirlərindən biri sayılan COP29-un ölkəmizdə keçiriləcəyi nəzərə alınaraq, bu tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi məqsədəuyğun hesab edilməyib.

Seçkilərin vaxtının dəyişməsi həm COP29-un yüksək səviyyədə keçirilməsinə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin fəaliyyəti tam olmasını təmin ediləcək. Bu qərar Azərbaycanın beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirəcək və ölkənin qlobal miqyasda əhəmiyyətli bir tədbirə ev sahibliyi etməsi üçün əlverişli şərait yaradacaq.

Ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsi və beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının güclənməsi 2023-cü ilin dekabrında da bəlli oldu. Belə ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi çox mühüm beynəlxalq tədbirlərin 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildi. 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edərək iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayiş etdirən ölkəmiz qlobal tədbirlərə ev sahibliyi sahəsində böyük təcrübəyə malikdir. Əlbəttə, bu təcrübə COP29-un da ən yüksək səviyyədə keçiriləcəyinə və yeni uğura imza atılacağına əminlik yaradır. Bu cür beynəlxalq tədbirlər on minlərlə xarici qonağa Azərbaycanı yaxından tanıtmaq, ölkəmizin bütün dünyada ədalətli sülhə, bərabərliyə, haqqa və hüquqa əsaslanan münasibətləri təbliğ və təşviq edən mövqeyini çatdırmaq üçün əlverişli məqam olacaq. COP29-un uğurla keçirilməsi üçün ölkə bütün resursları və diqqəti bu tədbirə yönəldib.

Həm seçkilərin, həm də qeyd olunan tədbirin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi nəzərə alınmaqla parlamentin buraxılması və seçkilərin 2 ay tez keçirilməsi təşəbbüsü məntiqlidir.

Parlament seçkilərinin COP29-la eyni vaxta düşməsi seçki kampaniyasının keyfiyyətinə mənfi təsir göstərə bilərdi. Seçkilərin vaxtından tez keçirilməsi yeni parlamentin vaxtında formalaşmasını və COP29 zamanı tam fəaliyyət göstərməsini təmin edəcək.

Azərbaycanın qlobal səviyyədə mühüm tədbirlərə ev sahibliyi etmək təcrübəsini ölkənin beynəlxalq imicini və əlaqələrini daha da möhkəmləndirir.

Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi qərarı Azərbaycanın qarşısında duran bir sıra strateji məqsədlərə nail olmaq üçün atılan addımdır. Bu qərar həm COP29-un uğurla keçirilməsinə, həm də ölkə daxilində demokratik proseslərin və parlament fəaliyyətinin davamlılığının təmin edilməsinə xidmət edir.

Qeyd edək ki, Azərbaycanda dövlət hakimiyyətinin əsasını xalqın iradəsi təşkil edir. Xalqın iradəsi isə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilən azad seçkilərdə öz təzahürünü tapır. Dövlət öz vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Qanunvericilik hakimiyyətinə keçirilən seçkilərin əsasları Konstitusiyanın 83-cü maddəsində əks olunub. Həmin maddədə deyilir ki, Azərbaycan Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Qanunvericilik hakimiyyətinin formalaşması ilə bağlı seçkilərin müntəzəm keçirilməsi isə Konstitusiyanın 84-cü maddəsində nəzərdə tutulub. Həmin maddənin tələbinə əsasən Azərbaycan Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Konstitusiyanın 85-ci maddəsinə əsasən, Azərbaycanın yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə bilər.

Bayram SALMANOV,

"Respublika".