Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb
CƏMİYYƏT

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Monteneqroda 3-cü iclasında iştirak etmək üçün Monteneqronun əmək və sosial rifah naziri Naida Nisiçlə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Respublika"ya verilən məlumata görə, S.Babayev Azərbaycan ilə Monteneqro arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda daim genişlənməkdə olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf etməsi üçün əsas yaratdığını vurğulayıb.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin sosial sahəni də əhatə etdiyi bildirilib. Ötən il Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Monteneqronun Əmək və Sosial Rifah Nazirliyi arasında imzalanmış əməkdaşlıq sənədinin müvafiq fəaliyyət sahələrində əlaqələrin genişlənməsindəki əhəmiyyəti qeyd edilib.

Azərbaycanda son illər aparılan sosial islahatların, dövlət sosial xidmətlərinin elektronlaşdırılması proqramının uğurları, DOST konsepsiyası barədə məlumatlar verilib. Ölkəmizin həmin təcrübələrinin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi və bir çox ölkələrin müvafiq qurumları tərəfindən öyrənilərək tətbiqinə maraq göstərildiyi bildirilib.

N.Nisiç ikitərəfli əlaqələrin dərinləşdirilməsində, fəal təcrübə və məlumat mübadilələrinin aparılmasında və bu sahədə səyləri davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.