Ermənistan öz məğlubiyyətinin səbəblərini araşdıracaq
Siyasət

Ermənistan öz məğlubiyyətinin səbəblərini araşdıracaq

Ermənistan İstintaq Komissiyasının 44 günlük müharibədə məğlubiyyətin səbəblərinin araşdırılması ilə bağlı məruzəsi avqustun sonunda hazır olacaq.

“Respublika” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komissiyasının üzvü, “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Qaqik Melkonyan məlumat verib.

O qeyd edib ki, məruzə sentyabrın əvvəlində, Ermənistan parlamentinin deputatları tətildən qayıtdıqdan sonra təqdim ediləcək. Razılıq əldə olunmayan məsələlərin mövcudluğu ehtimalı barədə suala cavab olaraq, bildirib ki, hər şey qeydə alınıb və bu ola bilməz.

Xatırladaq ki, Andranik Köçəryanın rəhbərlik etdiyi komissiyanın son iclası 3 dekabr 2023-cü ildə keçirilib. Artıq 6 aydır ki, yekun məruzə hazırlanır. Komissiyanın işində yalnız hökumət iştirak edir. Başqa sözlə, onlar hakimiyyətdə olduqları dövrdə müharibədə məğlubiyyətin səbəblərini araşdırırlar.

Parlamentdə təmsil olunan müxalifət komissiyanın obyektivliyini şübhə altına alaraq bu işdə iştirakdan imtina edib.

Bir neçə ay əvvəl Köçəryan məruzənin mayın sonunda hazır olacağını elan etsə də, hələ nəşrə hazır deyil.

Qeyd edək ki, məruzə açıq və qapalı hissələrdən ibarət ola bilər. Məruzə Ermənistan parlamentinin spikerinə təqdim olunduqdan sonra bir ay ərzində açıq şəkildə növbəti sessiyada nəzərdən keçirilir, parlamentin saytında dərc edilir. Qapalı hissə isə məxfi şəraitdə müzakirə olunur. Məxfi materiallara baxmaq icazəsi olan deputatlar qapalı hissə ilə tanış ola bilərlər.