Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası təqdim edilib
Mədəniyyət

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası təqdim edilib

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının təqdimatı keçirilib.

Milli Məclisin deputatlarının, elm, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb.

"Respublika" xəbər verir ki, açılış mərasimində qonaqlara muzey haqqında videoçarx və son 25 il ərzində çıxan nəşrlər təqdim olunub.

Tədbirdə çıxış edən muzeyin direktoru akademik Nailə Vəlixanlı bildirib ki, yeni ekspozisiya Azərbaycan tarixinin bütün dövrlərini əhatə etməklə yerli və xarici ziyarətçilərə ölkəmizin çoxəsrlik tarixi keçmişini, məişətini və mədəniyyətini daha dərindən bilmək və öyrənmək imkanı verir.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Prezident İlham Əliyevin elm və mədəniyyətimizin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb. O, Milli Azərbaycan Tarixi Muzeyində aparılan elmi araşdırmaların əhəmiyyətindən bəhs edib.

Tədbirin rəsmi hissəsi qədim musiqi alətləri ansamblının konsert proqramı ilə davam etdirilib. Daha sonra qonaqlar Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası ilə tanış olublar.