Sürətli dirçəliş, dayanıqlı məskunlaşma
Siyasət

Sürətli dirçəliş, dayanıqlı məskunlaşma

Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illər artıq tarixə qovuşub. Ərazi bütövlüyünü, suverenliyini təmin edən Azərbaycan irimiqyaslı bərpa-quruculuq layihələri ilə dayanıqlı sülhə, tərəqqiyə əsaslanan yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bu gün erməni qəsbkarları tərəfindən otuz ilə yaxın müddət ərzində talan edilmiş, dağıdılmış, yer üzündən silinmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası üçün mühüm layihələr icra edilir. Bərpa işləri ən yüksək səviyyədə təşkil olunur, düşməndən geri alınmış ərazilərin məyyən bir hissəsinin minalardan təmizlənməsi artıq başa çatdırılıb. Genişmiqyaslı quruculuğu sürətləndirməkdən ötrü dövlətin bütün imkanları səfərbər edilib. Sürətli dirçəlişə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edən məqsədyönlü və genişmiqyaslı layihələrin uğurla həyata keçirilməsinin nəticəsidir ki, yurd yerlərimizə qayıdış intensivləşir. İndi soydaşlarımız sevinclə, böyük iftixar, qürur hissilə vaxtilə məcburi şəkildə tərk etdikləri əzəli torpaqlarına geri dönürlər.

Keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin olunması, bu əraziləri müasir və abad yaşayış məskəninə çevirmək üçün şəhər və kəndlərin bərpası, yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların yaradılması üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış beş prioritetdən biri olaraq müəyyən edilib. İşğaldan azad olunmuş ərazilərdə mülkiyyətin mühafizəsi, dövlət əmlakından səmərəli istifadə, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin təşkili məqsədilə "Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə"yə uyğun olaraq artıq Ağdam, Füzuli, Xocavənd, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilan, Xankəndi, Ağdərə, Xocalı və Laçında Prezidentin xüsusi nümayəndəsi fəaliyyət göstərir. Bu, Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi, bölgənin perspektiv inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edir. Həmçinin dayanıqlı iqtisadiyyata və yüksək rifaha nail olmaq üçün irimiqyaslı layihələrə maliyyə dəstəyinin göstərilməsi, bu sahəyə investisiyaların yatırılması məqsədilə "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxs yaradılıb. Heç bir ölkədən maddi yardım almadan, respublikamızın öz daxili vəsaiti hesabına görülən bütün genişmiqyaslı işlər göstərir ki, işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, soydaşlarımızın öz doğma yurdlarına layiqli şəkildə qayıdışı və firavan yaşayışı, onların işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin prioritetidir.

Ermənistanın işğalından azad edilən torpaqlarımızın yeraltı, yerüstü sərvətlərə, əlverişli coğrafi mövqeyə malik olması ərazilərin sosial-iqtisadi inkişafına böyük təkan verir. Belə ki, "yaşıl enerji" potensialı 10 min meqavat gücündə qiymətləndirilən Qarabağ və Şərqi Zəngəzurun ölkə başçısı tərəfindən "yaşıl enerji zonası" elan olunması bu ərazilərdə enerji təchizatı infrastrukturunun qurulmasına, bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalına, enerji səmərəliliyinin təmin edilməsinə, "yaşıl texnologiya"ların tətbiqinə əlverişli şərait yaradır.

Bu istiqamətdə görülən işlərin davamı olaraq yaxın vaxtlarda Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının istismara verilməsi, Cəbrayıl rayonunda 240 meqavat gücündə "Şəfəq" günəş elektrik stansiyasının tikintisi, külək enerjisi potensialına malik olan Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək elektrik stansiyası layihəsinin reallaşdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə 190 hektar ərazidə "Ağdam Sənaye Parkının, 4 oktyabr tarixli Fərmanı ilə isə 200 hektar ərazidə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması logistika mərkəzlərinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin təşkilinə, ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə mövcud olan təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsi prosesinə geniş imkanlar yaradır.

30 ilə yaxın erməni işğalçıları tərəfindən təbii ehtiyatları vəhşicəsinə istismar olunan, maddi-mədəni irsi məhv edilən ərazilərdə bu gün bütün dünyanı heyrətə salan möhtəşəm quruculuq işləri aparılır. Hər bir vətəndaşın mənafeyini müdafiə edən Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə keçmiş məcburi köçkünlərin əziyyətli, çətin günlərinə son qoymaq, onların doğma torpaqlarında azad, firavan yaşamasını təmin etmək üçün çox böyük işlər həyata keçirilir. Dayanıqlı inkişafın və əhalinin yüksək səviyyəli həyat şəraitinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması, şəhər və kəndlərin, təhsil və səhiyyə obyektlərinin, hava limanlarının bərpası və tikintisi istiqamətində işlər davam etdirilir. İkinci Qarabağ müharibəsinin bitməsindən dərhal sonra başlanan yenidənqurma tədbirləri çərçivəsində son 4 il müddətində işğaldan azad olunmuş ərazilərdə bir sıra təhsil müəssisələri, o cümlədən Füzulidə qardaş Özbəkistanın maliyyə vəsaiti hesabına tikilən 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan Respublikasının hədiyyəsi olan 600 şagird yerlik "Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi" istifadəyə verilib. Füzuli, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Şuşa, Laçın, Ağdam rayonlarında təhsil müəssisələrinin, səhiyyə ocaqlarının tikintisi aparılır. Ümumi uzunluğu 2200 km-dən çox avtomobil yolu, dəmir yolu xətlərinin tikintisi və layihələndirilməsi həyata keçirilir.

İrimiqyaslı bərpa-quruculuq işləri ilə səciyyələnən Böyük Qayıdış proqramı çərçivəsində artıq işğaldan azad olunmuş ərazilərə ümumilikdə 7 min nəfərə yaxın əhali köçürülüb. Mərhələli şəkildə doğma yurdlarına qayıdan insanların yaşayışı və işgüzar fəaliyyəti yüksək səviyyədə təmin edilir. Bünövrəsi qoyulan müasir şəhərlər, kəndlər, yeni tikilən yaşayış evləri, sənaye parkları, mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müəssisələri keçmiş məcburi köçkünlərin rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb.

Mehparə ƏLİYEVA,

"Respublika".