Samur çayının su ehtiyatlarının bölgüsü barədə protokol imzalanıb
İqtisadiyyat

Samur çayının su ehtiyatlarının bölgüsü barədə protokol imzalanıb

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 26-cı görüşü iyun ayının 28-də Azərbaycan Respublikasının Qusar şəhərində keçirilib.

"Respublika" xəbər verir ki, görüş Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su və Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Komissiyanın Rusiya tərəfindən həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyinin rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə baş tutub.

İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbirlər barədə protokol imzalanıb.