Həsrət sevinclə əvəz olunur
Sosial həyat

Həsrət sevinclə əvəz olunur

Böyük Qayıdış proqramına uyğun olaraq  Laçın şəhəri yeni görkəm alır. Hər yerdə müasir tipli yaşayış binaları, infrastruktur obyektləri inşa edilir. Fasiləsiz şəkildə həyata keçirilən işlərin  sürəti və keyfiyyəti yaxın zamanlarda şəhərin yenidən cənnətməkana çevriləcəyindən xəbər verir.  Laçın erməni işğalından bir güllə atılmadan azad edilib. Vətən müharibəsindəki Böyük Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın Azərbaycana təhvil verilib. 2022-ci il avqust ayının 26-da isə Laçın şəhəri və Zabux, Sus kəndləri Azərbaycanın nəzarətinə götürülüb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 21-də Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaldıb.

Onu da qeyd edək ki, işğala qədər Laçın şəhərində 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. Ermənistan silahlı qüvvələri Laçını işğal etdikdən sonra isə həmin evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Şəhər tamamilə tanınmaz hala salınıb. Sözün əsl mənasında, haylar cənnət Laçını xarabazara çevirib. Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı öz torpaqlarını 30 illik erməni işğalından azad etdi. Azadlıq sevincini yaşadığımız ərazilərimizdən biri də əlbəttə ki, Laçın oldu. Torpaqlarımızın azad edilməsi bu yerlərin yenidən canlanmasına səbəb oldu. Digər kənd və şəhərlərimiz kimi, Laçında da bərpa-quruculuq işlərinə start verildi. Ötən il sentyabr ayında şəhərin Baş planına uyğun olaraq yeni evlərin tikintisinə başlanıldı. Uğurla aparılan tikinti-quruculuq işləri artıq öz nəticəsini verməkdədir. Böyük Qayıdış proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin köçürülməsi prosesi başlayıb. Qələbədən ötən dövr ərzində reallaşdırılan irihəcmli layihələr onu deməyə əsas verir ki, dövlətimiz işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması,  sakinlərin məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir.

Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi,  qaranquşu oldu. Daha sonra proses  Tərtərin Talış kəndində davam etdirildi. Mart ayında - Novruz bayramı ərəfəsində kəndə bir qrup sakin köçürüldü. Ölkə başçısı müqəddəs bayram tonqalını Tərtər sakinləri ilə birlikdə yandıraraq işlərin uğurla getdiyini bildirdi. Yaxın günlərdə isə Laçına köç başlayacağı müjdəsini verdi. Beləcə, Müstəqillik Günü - 28 May tarixində Laçın şəhərinə məcburi köçkünlərin ilk köç karvanı reallaşdı. İnsanlar illərlə didərgin düşdükləri doğma yurdlarına qayıtmağın sevincini yaşadılar. 28 May Azərbaycan tarixində  həm də Laçına qayıdış günü kimi də əbədiləşdi. Dövlət başçısı İlham Əliyev sakinlərə yeni, daha müasir tipli, hər bir şəraitlə təmin olunmuş evlərin açarlarını təqdim etdi. Birinci mərhələdə şəhərə 20 ailə, 97 nəfərin köçürülməsi baş tutdu. İyun ayının 14-də isə növbəti, ikinci mərhələ reallaşdırıldı. Həmin gün, 22 ailə, yəni 72 nəfər sakin doğma yurd-yuvalarına qovuşdu. Ümumilikdə isə bu il üçün Laçına 700 ailənin köçürülməsi nəzərdə tutulur. Birinci mərhələ üçün şəhərdə 4 minə yaxın insanın yaşayacağı planlaşdırılır.

 Bəli, şükürlər olsun ki, mərhələli şəkildə aparılan köç prosesi nəticəsində Laçın həsrətinə son qoyulur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra doğma ata-baba məskənlərində təhlükəsiz və daimi yaşamalarına nail olunub. Bu bizim,  torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü uğrunda mübarizəmizin nəticəsidir.

Ardıcıl şəkildə həyata keçirilən köç prosesi çərçivəsində Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqust ayının  20-də daha 13 ailə, 46 nəfər üzü yurda sarı yola düşüb. Bakı şəhəri Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola düşən sakinlərin sevincinin həddi-hüdudu yoxdur. Artıq onların həsrət hissini sevinc, fərəh hissi əvəz edir. İllər öncə doğma torpaqlarından didərgin düşdükləri üçün göz yaşı axıdırdılarsa, bu gün yurda qovuşduqları üçün sevinc göz yaşları axıdırlar. Ümumilikdə,  bu günə kimi Laçın şəhərinə 234 ailə, 904 nəfər köçürülüb.

Azərbaycan dövləti keçmiş məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaqla bərabər, həm də onların məşğulluq məsələsini, işlə təmin olunması prosesini də gündəmdə saxlayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Laçına köçürülən ailələrlə görüşlər keçirir və həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi istiqamətində ilkin söhbətlər aparırlar. Müasir və modern səviyyədə tikilib istifadəyə verilən Laçın şəhərində sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar.

Ramidə YAQUBQIZI,

"Respublika".