ÖLÜMÜYLƏ UCALANLAR
Sosial həyat

 ÖLÜMÜYLƏ UCALANLAR

Vətən üçün doğulmaq, vətən üçün yaşamaq və vətən üçün ölmək şərəflidir. Belə insanların həyatda tək bir amalı, məqsədi var --Vətən, torpaq! Belə vətən fədailərindən biri də öz qəhrəmanlığı, yüksəldiyi şəhidlik zirvəsi ilə ürəkləri fəth eləmiş, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ağdaş şəhərində doğulub boya-başa çatmış şəhid Məmmədzadə Fərid Mehman oğludur.

Şəhidin doğum günü münasibətilə şəhərin Məşəd küçəsinin giriş hissəsində inşa edilən xatirə bulağının açılış mərasimi keçirildi. Tədbirdə rayon icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin  nümayəndələri, məktəblilər, şəhidin ailə üzvləri, döyüş yoldaşları və yaxınları  iştirak edirdi.

Mərasimdə öncə Dövlət himni səsləndirildi. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə məktəblilərin ifasında bədii kompozisiya təqdim edildi. Tədbir şəhidin məzarı önündə davam etdirildi. Məzarın üzərinə tər gül dəstələri düzüldü. Şanlı döyüş yolundan söhbət açıldı, ruhuna dualar oxundu, ehsan süfrəsi təşkil edildi.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Məmmədzadə Fərid Mehman oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı  Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Şəhidin təltif olunduğu “Füzulinin işğaldan azad olunmasına görə” medal atasına təqdim edildi.

Allah rəhmət eləsin!

Zabit XƏLİLOV,

“Respublika”.