Hayastanın referendum cəhdi qəbuledilməzdir
Siyasət

Hayastanın referendum cəhdi qəbuledilməzdir

Ötən həftə Zəngəzura səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan oradan vacib mesajlar verib. Baş nazir delimitasiyanın növbəti mərhələsinin Zəngəzurda həyata keçirilə biləcəyini istisna etməyib.

4 il əvvələ qədər Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan hökuməti "dəmir yumruq"dan sonra danışıqlara meyil edir. Qazax rayonunun işğal altında olan 7 kəndindən 4-nün qaytarılması yekun sülh müqaviləsinin imzalanması üçün ümidləri artırıb. Bunlara baxmayaraq, erməni cəmiyyətində hələ də riyakar qüvvələr revanşizmdən dəm vururlar.

Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan bildirib ki, Paşinyanın Zəngəzura səfəri respublikanı referenduma hazırlamaq məqsədi daşıyır. T.Abramyan, həmçinin iddia edib ki, guya bu ərazilər Ermənistanın "ərazi bütövlüyü"nə daxildir və onların təhvil verilməsi yalnız referendum yolu ilə həyata keçirilə bilər. Buradan aydın olur ki, boşboğazlıq onların parlamentinə qədər gedib çıxıb. Delimitasiya və demarkasiya prosesinin növbəti mərhələsini təşkil etməli olan Kərki, Sofulu, Bərxudarlı və Yuxarı Əskipara kəndləri heç bir halda referendum yolu ilə həll edilə bilməz. Çünki sülh müqaviləsinin əsas hərəkətverici qüvvələrindən hesab olunan 8 kəndin hər biri tarixi Azərbaycan torpaqlarıdır və rəsmi Bakının icazəsi olmadan heç bir referendumdan söhbət gedə bilməz. Şübhəsiz ki, Nikol Paşinyan İrəvanda baş verən etiraz aksiyalarına biganəlik nümayiş etdirsə də, narahatlıq hissi keçirdiyi də aydın görünür. Bu baxımdan, Azərbaycanla sülh müqaviləsi imzalamaq erməni baş nazir üçün prioritetdir. Yekun sülh müqaviləsindən sonra kommunikasiyaların bərpası, həmçinin Azərbaycanın Ermənistan iqtisadiyyatına hər hansı bir dəstəyi ölkəni uçurumdan xilas edə, N.Paşinyan iqtidarını gücləndirə bilər. Bu baxımdan, Paşinyan hadisələri qabaqlayaraq atılacaq addımları sürətləndirir.

Ermənistanın "Hraparak" qəzeti isə Kərkidə tikinti işlərinin dayandırıldığını iddia edib. Bu isə o deməkdir ki, həqiqətən də delimitasiyanın növbəti ünvanı məhz Kərkidən başlaya bilər. Görünür, Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqldır. Lakin haylarda qəzəb yaratmamaq üçün alternativ variantlara üstünlük verirlər. Lakin ən sadə erməni vətəndaşı belə artıq bu planları dərk edir. Bu baxımdan, Ermənistan hökuməti ikili siyasət yürütməməli, hayları reallıqla barışmağa təşviq etməlidir.

ABŞ Dövlət katibi Antoni Blinkenin köməkçilərinin bu ay ərzində Ermənistana ardıcıl səfərləri isə onu deməyə əsas verir ki, rəsmi Vaşinqton sülh müqaviləsinin imzalanmasında vasitəçi olmağa can atır. Lakin yaxşı olar ki, Ağ ev rəsmi İrəvanı konstitusiya aktının dəyişdirilməsinə təşviq etsin. Hətta Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının ləğv olunması ilə bağlı referendum keçirməsi daha doğru addım olar.

Delimitasiya və demarkasiya prosesinin tamamlanması Ermənistana daha bir şans verir. Belə ki, Zəngəzurda başlanan növbəti mərhələ eyniadlı dəhlizin açılmasını da sürətləndirə bilər. Düzdür, Zəngəzur dəhlizi məsələsi üzərində böyük dövlətlərin marağının olduğu məlumdur. İkinci Qarabağ müharibəsinin məntiqi yekunu olaraq Ermənistan tərəfi imzaladığı kapitulyasiya aktının 9-cu bəndində Azərbaycanla nəqliyyat əlaqəsinin qurulmasının üçüncü bir dövlətə həvalə edilməsinə razı olub. Fərqli zamanlarda rəsmi İrəvan bu anlaşmadan boyun qaçıraraq, həmin maddədə dəhliz sözünün işlədilmədiyini əsas gətirərək üçüncü dövlətin müdaxiləsinə qarşı olduğunu bildirsə də, bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan Zəngəzur dəhlizinin neytral qurumun nəzarətinə verilə biləcəyini və "üçüncü ölkənin nəzarəti" dedikdə qəti şəkildə region dövlətlərinin nəzərdə tutulmadığını bildirib. Həmin açıqlamanın son günlərdə verilməsi isə səbəbsiz deyil. Məhz iyunun 12-də Rusiya sülhməramlılarının Qarabağı tam tərk etməsi və ardınca ABŞ rəsmilərinin Ermənistana ardıcıl səfərləri, görünür, rəsmi İrəvanı yenidən düşünməyə vadar edib. Bu isə o deməkdir ki, Ermənistan neytral dövlət dedikdə ABŞ-ı nəzərdə tutur.

Sülh prosesinin reallaşması üçün Ermənistan, ilk növbədə, 4 kəndi qaytarmalı və konstitusiya aktına dəyişiklik etməlidir. Lakin hələ də yürüdülən ikili siyasət, Nikol Paşinyanın öz hakimiyyətini sığortalamaq cəhdləri bu prosesin önündə duran ən böyük maneədir. İşğal altında olan 4 kəndin Azərbaycana qaytarılması üçün referendum keçirilməsi isə qəbuledilməzdir.

Röya RÜSTƏMLİ,

"Respublika".