Müzəffər Ordumuzun möhtəşəm Zəfər təntənəsi
Siyasət

Müzəffər Ordumuzun möhtəşəm Zəfər təntənəsi

10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında keçirilən  parad Vətən müharibəsindəki Zəfərimizin nümayişi, döyüşlərdən qalib çıxmış, qəhrəmanlıq dastanı yazan mərd oğulların, düşməni dəmir yumruqla əzmiş müzəffər əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin  zəfər təntənəsi idi. Prezident İlham Əliyevin dediyi kimi, "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir". Zəfər paradı öz möhtəşəmliyi ilə əbədi olaraq yaddaşlarda qalacaqdır. Bizə qürur və iftixar yaşadan paraddan artıq iki il ötür.

Rəşadətli Azərbaycan Ordusu Zəfər yürüşü ilə gücünü, qüdrətini dünyaya növbəti dəfə nümayiş etdirdi. İgidlərimiz paytaxtın küçə və meydanlarında inamlı, mətin addımları ilə qalibiyyətimizi yaddaşlara həkk etdilər. Od-alovun içindən keçərək Azərbaycanı bütövləşdirən mübariz oğullar fəxrimiz oldular.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq məqsədilə sentyabrın 27-dən etibarən əks-hücum əməliyyatına başlaması tariximizin parlaq səhifəsidir. Həmin gün  Prezident İlham Əliyev xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutduğunu bildirmişdir: "Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır". Bu, belə də oldu. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək şəhidlərimizin qisasını aldı. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı.

30 il torpaqlarımızın işğal altında qalmasına baxmayaraq, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan daxili və xarici siyasət  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkə iqtisadiyyatı gücləndi. Azərbaycanda ordu quruculuğu müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirildi. Buna paralel olaraq gənclərimiz milli vətənpərvərlik ruhunda tərbiyə olundu, yetişdirildi. Ölkə başçısı bütün beynəlxalq platformalarda, ikitərəfli, üçtərəfli görüşlərdə dəfələrlə bildirirdi ki, münaqişənin sülh yolu ilə həll olunmayacağı təqdirdə biz hərb yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son iki il ərzində qazanılan möhtəşəm uğurların zirvəsində Qarabağ Zəfəri dayanır. Vətən müharibəsi dövründə xalqımızı daim öz müjdələri ilə sevindirən Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza ən böyük müjdəni verdi. Müharibə başa çatdı. Noyabrın 8-də  28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bundan sonra Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı. Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi, təslim oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında olan görüşdə imzaladıqları birgə Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənəddir. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük bir hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəkliklər geri qaytarıldı. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarını siyasi yolla, bir güllə atılmadan öz sahibinə qaytarsın.

Ölkəmizin çoxəsrlik tarixinin ən şanlı səhifəsini təşkil edən qırx dörd günlük Vətən müharibəsi xalqımızın milli iradəsinin, milli ruhunun, milli ləyaqətinin təntənəsi,  qürur və şərəf rəmzidir. Çünki ordumuzun şücaəti, əsgər və zabitlərimizin canı, qanı bahasına Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, haqq-ədalət zəfər çaldı. Vətən müharibəsində xalqımıza qələbə sevinci, qüruru yaşadan Azərbaycan Ordusu qarşısında duran ən müqəddəs  vəzifəsini şərəflə və layiqincə yerinə yetirdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, əzminin nümunəsinə çevrildi. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işində ölkəmizin yanında oduğunu dönə-dönə bəyan etdi. Onun birmənalı və sərt açıqlamaları, qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşının iftixar hissini daha da coşdurdu.

Paradda Müzəffər Ali Baş Komandan İlham Əliyevin və haqq savaşında Azərbaycanın yanında dayanan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə sevincini birlikdə paylaşması olduqca qürurverici idi. Meydandan nizamlı düzülüşlə keçən 3000 Azərbaycan əsgər və zabiti ilə yanaşı, türk əsgər və zabitlərini, Azərbaycan hərbçiləri tərəfindən Şuşa şəhəri üzərində qaldırılan, parada gətirilən Zəfər bayrağını, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini, eləcə də hərbi gəmi və katerləri izləmək, Ermənistan ordusunun məğlubiyyətini əyani şəkildə nümayiş etdirən hərbi qənimətlərə seyrçi olmaq ürəyimizi dağa döndərdi. Paradda düşmənin 2 mindən çox hərbi avtomobilinin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya şanlı qələbəmizin möhtəşəmliyinin göstəricisi oldu. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarında bu texnikalar ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı, bu parad həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. Azərbaycan əsgəri ilə türk əsgəri bu meydandan çiyin-çiyinə keçdi. Həmin gün paytaxtda və ölkəmizin hər yerində Türkiyə və Azərbaycan bayraqları dalğalandı. Çünki bu Zəfər həm də qardaşlığın Zəfəri idi.

Ali Baş Komandan, Prezident İlham Əliyev demişdir: "Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır".

Qələbəmizin əbədiləşdirilməsi istiqamətində zəruri addımlar atılmaqda davam edir. Belə ki, Hərbi Qənimətlər Parkı salındı, Prezident İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması ilə bağlı Sərəncam imzaladı. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur. Xalqımız Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram göstərir. Bu ehtiram əbədidir.

Mustafa KAMAL,

"Respublika".