Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır
Sosial həyat

Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır" mövzusunda konfrans keçirilib. Respublika Veteranlar Təşkilatının, Azərbaycan Ağsaqqallar Şurası üzvlərinin və bir sıra QHT sədrlərinin gənclərlə görüşü baş tutub.

Məqsəd dövlətimizin gənclər siyasətinə dəstək vermək, Prezident İlham Əliyevin gənclərlə bağlı çağırışlarını təbliğ etmək, gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının dövlətçiliyimizin bu günü və gələcəyi baxımından önəminə diqqət çəkmək olub. Konfransda erkən nikahın yolverilməzliyi, narkomaniya, şiddət və aqressiya kimi mənfi tendensiyalara qarşı mübarizəni gücləndirmək məqsədilə qanunvericiliyin daha da sərtləşdirilməsinin zəruriliyi vurğulanıb.

Konfransda gənclər, ziyalılar, veteran və ağsaqqallar, dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutunun nümayəndələri, habelə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Hərbi Dəniz Qüvvələrinin Komandanı vitse-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin şöbə rəisi polkovnik Elvin Əzizov, Gənclər və İdman Nazirliyi Vətənpərvərlik Tərbiyəsi Şöbəsinin müdiri Elşən Hüseynov iştirak edib.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətimizin gənclər siyasətinə diqqət çəkib:

"Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin gənclər siyasətində ilk mühüm addım kimi 1994-cü il iyulun 26-da Azərbaycan Prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyinin təsis edilməsini göstərmək olar. Gənclərimiz 44 günlük Vətən müharibəsində, habelə lokal antiterror tədbirləri zamanı öz cəsarətləri, rəşadətləri, qəhrəmanlıqları ilə xalqımızın zəfərini təmin edib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yeni tarix yazıb. Təbii ki, vətənpərvər gəncliyin formalaşmasında həm dövlətimiz, həm də xalqımız - ailə institutu mühüm rol oynayıb. Çalışmalıyıq ki, gənclərimiz tariximizə, ədəbiyyatımıza, əcdadlarımızın qəhrəmanlıq ənənəsinə sadiq şəkildə formalaşsın, milli dəyərlərin, milli maraqların keşiyində dayansın".

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev milli-mənəvi dəyərlərə sahib çıxmağın önəmini vurğulayıb, gəncləri yad meyillərə, kənar təsirlərə uymamağa çağırıb: "Gənclər bizim gələcəyimizin təminatı, dövlətimizin, cəmiyyətimizin dayağıdır. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərdi. Erkən nikah, narkomaniya, boşanmaların artması kimi hallar müşahidə edilir ki, bu da narahatlıq doğurur. Bu cür halların qarşısını almaq üçün biz bir cəmiyyət, bir xalq olaraq birlikdə ciddi mübarizə aparmalı, dövlətimizin gənclər siyasətinə öz töhfəmizi verməliyik".

Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Elvin Əzizov, "Ədəbi Turan Kitab Fondu"nun sədri, elmlər doktoru Esmira Fuad, Gənclər və İdman Nazirliyi Vətənpərvərlik Tərbiyəsi Şöbəsinin müdiri Elşən Hüseynov da çıxışlarında dövlətimizin gənclərlə bağlı siyasətinə dəstək nümayiş etdirib, erkən nikah, narkomaniya, aqressiya və qəddarlıq kimi halları tənqid ediblər.

44 günlük Vətən müharibəsi qazisi, mayor Elşad Təhməzov müharibədə gənclərimizin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, bu ruhu, milli-mənəvi dəyərlərə bağlılığı qoruyub saxlamağın vacibliyini vurğulayıb.

Çıxış edən natiqlər qeyd ediblər ki, Prezident İlham Əliyevin gənclərlə bağlı hər bir fikri, hər bir çağırışı sadəcə gənclər deyil, bütün cəmiyyət üçün ciddi aktuallıq təşkil edir və dövlətimizin gələcək inkişafının etibarlı təminatına yönəlib.

"Respublika".