Vətənin qəhrəman, unudulmaz oğlu
Sosial həyat

Vətənin qəhrəman, unudulmaz oğlu

Azərbaycan xalqı bu gün yüksək fəxarət duyğuları, qürur hissləri ilə yaşayır. Düşmən üzərində şanlı qələbəmizdən 2 il ötür. Əldə olunmuş bu Zəfərlə biz 30 illik erməni işğalına son qoyduq. Doğma torpaqlarımızı azad etməklə bütün dünyaya göstərdik ki, güclü dövlət, qalib xalqıq.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz polad iradəsi, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı ilə cəmi 44 günə ərazi bütövlüyümüzü bərpa etdik, işğalçını əzəli torpaqlarımızdan "iti qovan" kimi qovduq. Bu Şanlı Zəfər həm də xalqımızın birliyi, cəsur, qəhrəman oğullarımızın qanı və canı bahasına qazanıldı. Müharibədə həlak olmuş şəhidlərimizin əziz xatirələri bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq.

Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də Eldar Süleyman oğlu Əliyevdir. Eldar 1994-cü il fevral ayının 13-də Bakı şəhərində anadan olmuşdur. 2000-2001-ci illərdə 70 saylı məktəb-liseydə orta təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası işləmə fakültəsinə daxil olmuşdur. Ali təhsil dövründə özünü savadlı, böyük intellektə malik, yoldaşlarından fərqlənən tələbə kimi göstərmiş, universitetdə fakültələrarası "Nə? Harada? Nə zaman?" yarışında birinci yer tutur. Sonra isə "Breyn rinq" intellektual oyununda da eyni nəticəni təkrarlayır. Bundan başqa "Gənclər fondu"nun təşkil etdiyi "Tələbələrarası I İqtisadi biliklər olimpiadası"nın final mərhələsində uğurlu nəticə göstərir.

Eldarın şahmat, riyaziyyat və müharibə-strategiya oyunlarına da böyük marağı olub. Napoleon haqqında araşdırmağı, oxumağı çox sevdiyinə görə dostları onu "Napo" ləqəbi ilə çağırardı. O, həmçinin özünü inkişaf etdirmək üçün xarici universitetlərin təşkil etdiyi kurslarda iştirak edir və beynəlxalq sertifikatlar əldə edirdi. İngilis, rus və türk dillərini mükəmməl bilirdi.

2015-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vuran Eldar Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən motoatıcı hərbi hissəsində pulemyot atıcı olaraq xidmət edir. O, hərbi qulluğu dövründə də özünü bacarıqlı əsgər kimi göstərir və hərbi biliklərə yiyələnir. Onun arzusu Vətəni bütöv görmək, işğal altındakı əzəli torpaqlarımızın yağı düşmən tapdağından azad edilməsi idi və o günü səbirsizliklə gözləyirdi. Nəhayət, 2020-ci il sentyabr ayının 27-si başlanmış Vətən müharibəsi ilə əlaqədar oldu. Eldar da digər qəhrəman, vətənpərvər oğullar kimi könüllü olaraq cəbhəyə yollandı. Dövlət sərhədimizdə təxribat törədən Ermənistana qarşı əks-hücum əməliyyatında gedən gərgin döyüşlərə qatıldı. İlk gündən Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərir. 13 oktyabr tarixində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhid Eldar Əliyev 18 oktyabr tarixində Bakı şəhərində, Əhmədli qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.

Eldar Süleyman oğlu Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb. Onu da qeyd edək ki, dünyaca məşhur "Nyu-York Tayms" qəzeti İkinci Qarabağ müharibəsi haqqında olan yazılarının birində şəhid Eldarın da qəhrəmanlığından bəhs etmişdi.

Əli SADIQOV,

"Respublika".