Ermənistan uğursuz dövlətdir
Siyasət

Ermənistan uğursuz dövlətdir

"Müharibədən öncə və müharibə zamanı Ermənistan rəhbərləri tərəfindən o qədər təzadlı, o qədər yanlış və yalan bəyanatlar olmuşdur ki, onların sayı-hesabı yoxdur... Yəni "ağa qara, qaraya ağ demək" onların xislətidir. Ona görə onlar hər hansı bir açıqlama verəndə, sözün düzü, bunu ciddiyə almırıq. Bunu analiz etmək, dəqiqləşdirmək lazımdır. Çünki bu açıqlamalar bir yalanın, gerçəkləşməyən arzuların, xülyaların və təxribatların sintezidir. Bugünkü Ermənistan bax budur. Biz deyəndə ki, bu, uğursuz dövlətdir, - yəni bunun beynəlxalq adı da var - "Failed state" - bunu nəzərdə tuturuq. Hər bir dövlətin dövlətçilik rəmzlərindən biri də məsuliyyətli davranışdır. Biz bunu görmürük". Bu fikirləri Prezident İlham Əliyev 2021-ci il sentyabrın 28-də Türkiyənin Anadolu Agentliyinə müsahibəsində bildirib.

Vətən müharibəsinin uğurla başa çatmasının dördüncü ilinə az qalmasına baxmayaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində rəsmi İrəvan tərəfindən elə bir ciddi addım atılmayıb. Görünən odur ki, Ermənistan yeni müharibə havasındadır. İkinci Qarabağ müharibəsinin başlanması ərəfəsində bu ölkənin Azərbaycana qarşı təxribatları müntəzəm xarakter almışdı. 2020-ci il sentyabrın 24-də Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirmişdi ki, Ermənistan yeni savaşa hazırlaşır. Lakin müharibənin qarşısı alınmadı. Görünür ki, Ermənistanın hakimiyyətə yeni gəlmiş rəhbərliyi hansısa hərbi uğurla da öyünmək istəyirdi, ancaq böyük xətaya yol verdilər, nəticədə ağır məğlubiyyətə uğradılar. Ermənistan kapitulyasiya aktını imzaladı, lakin götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı. 10 noyabr Bəyanatına əsasən Rusiya sülhməramlıları bölgəyə yerləşdirilsə də sənəddə nəzərdə tutulduğu kimi, buna paralel olaraq erməni silahlı qüvvələri Qarabağdan çıxarılmadı. Əksinə, müharibə başa çatandan cəmi 15-20 gün sonra sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərdən bu xəbərdarlıqlara baxmayaraq azad edilmiş torpaqlara 62 nəfərdən ibarət təxribat qrupu göndərildi. Bu isə 10 noyabr Bəyanatına tam zidd idi. Azərbaycan Ordusunun bölmələri təxribatçıları zərərsizləşdirdi və onlar həbs olundular. Sonra ermənilər onları hərbi əsir adlandırıb bar-bar bağırdılar ki, guya Azərbaycan erməni hərbi əsirlərini geri qaytarmır.

Müharibə başa çatandan bir qədər sonra Ermənistan müdafiə naziri rusiyalı həmkarı ilə görüşdü. Görüşdən sonra "Ermənistanın silahlandırılması prosesi yenidən başladı", - deyə açıqlamalar verildi. Azərbaycan Rusiya tərəfinə sorğu göndərdi və bəlli oldu ki, Ermənistan mediasında çıxan bu açıqlama həqiqəti əks etdirmir. Bu, ortalığa atılan bir yalan idi və Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdan başqa bir şey deyildi. Ermənistanın müdafiə nazirliyi belə bir məsuliyyətsiz açıqlama verdiyi vaxtda baş nazir Paşinyan Türkiyə tərəfi ilə görüşmək istədiyinə dair fikirlər səsləndirməyə başladı. Ancaq bu düşüncə Türkiyə və Azərbaycan üçün heç də yetərli deyildi, yəni Ermənistan görüşlərə başlaya bilməsi üçün öhdəlikləri yerinə yetirməlidir. Məsələn, Ermənistan konstitusiyasında Azərbaycanla yanaşı, Türkiyəyə də qarşı torpaq iddiası var və erməni cəmiyyəti, ilk növbədə, bundan əl çəkməlidir. Ermənistanın həmçinin normallaşma əlaqələrinə başlaması üçün Zəngəzur dəhlizi də əsas şərtlərdən biridir, çünki o, noyabrın 10-da imzalanmış Bəyanatda da təsbit edilib və işğalçı ölkə bununla da bağlı öhdəlik götürüb. Ermənistan Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etməli, delimitasiya, demarkasiya aparmalıdır.

2021-ci ilin yanvarında Moskvada üçtərəfli görüşdə postmüharibə dövrü ilə bağlı məsələlər müzakirə olundu, baş nazir müavinləri səviyyəsində işçi qrup yaradıldı. Bu qrup, ilk növbədə, Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər görürdü. Ancaq bir neçə ay sonra Ermənistan bu qrupda öz iştirakını bitmiş hesab etdi, çünki məğlubiyyətlə barışmır. Sülh müqaviləsi imzalamaqdan qaçır, yalan, iftira yaymaqla məşğuldur.

2022-ci il aprelin 6-da Brüsseldə keçirilən üçüncü görüşdən sonra Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin verdiyi bəyanatda qeyd edilirdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılması üçün hər iki ölkənin XİN-lərinə təlimatlar verilib. Həmin görüşdə N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü də tanıdığını bəyan etmiş və sülh danışıqlarının irəli gedəcəyinə ümidlər artmışdı. Təəssüf ki, Paşinyan hakimiyyətinin həmişəki söz və əməl ayrılığı bu dəfə də istənilən nəticəni əldə etməyə əngəl törətdi. Dördüncü Brüssel görüşündə isə Ermənistan "bir qədər də irəli gedib" sülh müqaviləsinin rəsmi Bakının təklif etdiyi 5 prinsip əsasında imzalanacağına razılığını bildirdi. Bu dəfə də ümidlər puça çıxdı. Çünki ermənilər təxribatları davam etdirirdilər...

2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanla dövlət sərhədi boyunca genişmiqyaslı hərbi təxribat törətdilər. Qarşı tərəfə layiqincə cavab verildi. Bundan bir neçə gün sonra, sentyabrın 15-də BMT Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətlə bağlı keçirilən iclasda Ermənistanın BMT-dəki daimi nümayəndəsi cəfəng bəyanatlar səsləndirdi. Sentyabrın 22-də keçirilən 77-ci sessiyada isə N.Paşinyan 21 dəqiqəlik çıxışında sentyabrın 12-də dövlət sərhədində yaranmış gərginlikdə Azərbaycanı ittiham etdi, mülki əhaliyə atəş açıldığını bildirdi...

Ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərin sayı-hesabı yoxdur. Dövlət başçısının dediyi kimi, onların yalanları, böhtanları da bitib-tükənmir. Təbii ki, bütün bunları bir yazıda tam əhatə etmək mümkün deyil. Bu gün bütün dünyaya bəllidir ki, Ermənistan məsuliyyətsiz bir dövlət, onun lideri isə bəzi dairələrin əlində oyuncaqdır. Odur ki, siyasi cəhətdən naşı olan Paşinyan siyasət meydanında baş çıxara bilmir. Tapdığı dostlar öz ölkələrinin hərbi arsenalındakı sıradan çıxmış silahlarını ona satmaq, bəzən "hədiyyə etməklə" vəziyyətini bir az da ağırlaşdırırlar. Dövləti, dövlətçiliyi oyuncağa çevirən Paşinyanın yaxşı, ağıllı bir məsləhətə ehtiyacı var. O, əvvəlcə özünü, sonra dövlətini "islah" etməlidir. Bax, burada deyiblər: "Ağası gülüm olanın, başına külüm olar...".

Zümrüd QURBANQIZI,

"Respublika".