Dünya İranı qınadı
Digər xəbərlər

Dünya İranı qınadı

Terror ölkəsini beynəlxalq arenada heç kəs dəstəkləmir

İrandakı molla rejimi Azərbaycanda təxribatlar törətmək, öz ideologiyasını cəmiyyətin şüuruna yeritmək və ictimai rəyi çaşdırmaq üçün hər cür yola əl atır. İranın ölkəmizə qarşı təbliğat məqsədli fəaliyyətinin yeni olmadığı kimi, tarix boyu xalqımıza qarşı düşmənçilik siyasəti yürütdüyü də hər kəsə məlumdur. Qonşu ölkə bu çirkin əməllərini gerçəkləşdirməklə Azərbaycan əhalisinin dini inanclarını istismar edir, həmçinin Azərbaycan hakimiyyətinin anti-İslam imicini formalaşdıraraq  Türkiyə və İsrailin ölkəmizdəki mövqeyini gözdən salmağa çalışır. İran rejimi indi daha çox sosial şəbəkələr üzərindən təbliğat aparmağa, burada yaratdıqları qrupları böyüdərək daha geniş auditoriyalara çatdırmağa cəhd göstərir. Hazırda Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yayan kanalların sayı 100-dən çoxdur.

Azərbaycanın Tehrandakı səfirliyinə olunan silahlı terror hücumundan sonra isə həmin bu qruplar canfəşanlıq edərək, sanki hadisənin digər xarici qüvvələr tərəfindən təşkil olunduğunu bildiriblər. Lakin məsələ nə qədər ört-basdır edilsə də hadisənin İran vətəndaşı tərəfindən qəsdən törədildiyi məlum oldu. Onlar elə düşünür ki, rəsmi Bakı təhdidlərdən çəkinəcək və bu məsələnin üstündən keçəcək. Amma molla rejimi unudur ki, Azərbaycan hazırda dünyada yeri, sözü, çəkisi olan dövlətdir. Dünyanın ən nüfuzlu ölkələri onun müttəfiqi, tərəfdaşıdır.  Cinayətə hüquqi qiymət verilməsi, buna görə cavabdehlik daşıması ilə bağlı Azərbaycan bütün mümkün addımları atıb. Təkcə hüquqi müstəvidə deyil, həmçinin dini dəyərlər üzrə də rəsmi İran tərəfi cavab verəcək. Ölkəmiz heç vaxt öz haqlarının tapdanmasına imkan verməyib və verməyəcək. Bu işdə xarici medianın dəstəyi də önəmli yer tutur.

Birləşmiş Krallıq, ABŞ, Rusiya, Türkiyə, İsrail, Ukrayna, Pakistan, İtaliya, Fransa, Misir və Bolqarıstan kimi 120-dən çox ölkənin dövlət başçısı, xarici işlər nazirləri və rəsmi nümayəndələri hücum zamanı səfirlik əməkdaşının həyatını itirməsilə əlaqədar başsağlığı verib, yaralılara şəfa arzulayaraq hücumu pisləmişdir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays kimi bir çox ölkə təmsilçiləri İranı Vyana Konvensiyasına hörmət etməyə çağırmışdır. Konvensiyaya əsasən, nümayəndəliyin binaları toxunulmazdır. Qəbul edən dövlətin hakimiyyət orqanları nümayəndəlik rəhbərinin razılığı olmadan bu binalara daxil ola bilməzlər.

Baş verən hadisənin ardınca ilk reaksiya verənlər arasında qardaş Türkiyə gəlir. İsrail tərəfi: "Hücumda təhlükəsizlik rəisinin qətlə yetirilməsi bizi sarsıdıb və kədərləndirib. İsrail səfirliyi bu çətin gündə Azərbaycan xalqı ilə həmrəydir", - deyə bildirmiş və hücumu kəskin şəkildə qınadığını da vurğulamışdır.

Həmçinin öz növbəsində Rusiya, Misir, Bolqarıstan, Ukrayna rəsmiləri də yaşanan hadisəni qınadıqlarını və dərin hüznlərini bildiriblər: "Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının öldürülməsi bizi şoka salıb".

Bu tənqidlərə əsasən isə İran tərəfi də açıqlama yaymışdı. Rəsmi tərəfin yaydığı məlumata görə, guya hadisəni törədən şəxs səfirliyə iki uşağı ilə gəlib, hücum ailə-məişət zəminində baş verib. Tehran terrorun məsuliyyətini üzərindən atmaq üçün hücum baş verən andan müxtəlif yalan xəbərlər və açıqlamalar yayaraq hadisənin mahiyyətini dəyişməyə çalışmışdı.

Lakin nə qədər əsaslar gətirməyə çalışsa da, artıq İran beynəlxalq arenada öz etibarını itirib. Hətta Fransa rəsmiləri belə, İranı qınadıqlarını bildiriblər. Fransa Xarici İşlər Nazirliyi yaşanan hadisəni pisləyərək İranı "öz ərazilərində xarici diplomatların hüquqlarını qorumaq məsuliyyətinin bir hissəsi olaraq" hücumu araşdırmağa çağırmışdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".