Müstəqil Azərbaycan naminə misilsiz xidmətlər
Digər xəbərlər

Müstəqil Azərbaycan naminə misilsiz xidmətlər

Ulu öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdən biridir. Lakin ulu öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Dahi liderin mənalı həyatının hər günü, hər anı zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir. Ümummilli liderin dövlət quruculuğu siyasəti və idarəetmə strategiyası, siyasi xadim kimi peşəkarlığı təkcə bir ölkənin inkişafı ilə deyil, bütün dünya xalqlarının faydalana biləcəyi bir siyasi məktəb kimi tanınırdı.

Ötən əsrin 40-cı illərində Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə başlamış və bu orqanın tarixində milli prioritetləri dəqiq müəyyənləşdirmişdir. Sovetlər dövründə milli təhlükəsizlik orqanlarında işləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli idi. Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddətdə yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti, cəsarəti, qeyri-adi yaddaşı, natiqliyi ilə fərqlənən Ulu Öndər eyni zamanda əməliyyat tədbirlərinin, kombinasiyaların işlənib hazırlanmasında, həyata keçirilməsində şəxsən iştirak etmiş, bununla da bütün rəhbər və sıravi əməliyyat heyətinin dərin rəğbətini qazanmışdır. Xalqına qarşı törədilən haqsızlıqları, sovet reallıqlarının iç üzünü olduğu kimi görən Heydər Əliyev çox böyük təsirlərə, çətinliklərə məruz qalmasına baxmayaraq, qarşısına yalnız Azərbaycan naminə çalışmaq kimi yüksək məqsəd qoymuşdur. Azərbaycanın xüsusi xidmət orqanlarında milli maraqların ön plana çəkilməsi, milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc işçilərin xüsusi ali təhsil almaq üçün Moskva, Leninqrad, Minsk və digər şəhərlərə göndərilməsi, ümumiyyətlə, təhlükəsizlik orqanlarında milliləşmə prosesinin aparılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev elə bir məktəb yaratmışdır ki, bu məktəbin əsasını millilik, vətənpərvərlik, peşəkarlıq, prinsipiallıq və tələbkarlıq təşkil edirdi.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmır, adı ucqar əyalətlərdən biri kimi çəkilirdi. Halbuki respublikamız ittifaqda zəngin yeraltı və yerüstü sərvətləri ilə seçilib. 1969-cu ildə Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atdı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı. Xalq Heydər Əliyevi rəğbətlə qarşıladı, onun arxasınca getdi. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxardı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycan Respublikasını Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. 1990-cı ilin əvvəlindən başlayaraq Azərbaycanda yaranmış hakimiyyət böhranı, erməni işğalının artdığı mürəkkəb şəraitdə xalq çıxış yolunu, milli qurtuluşunu məhz Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. Bu qayıdış tariximizə Qurtuluş Günü kimi yazıldı.

Həyatını xalqına və dövlətinə həsr edən Heydər Əliyev Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bildi. Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən xilas etdi. Müdrik siyasətçi ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı, xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalamaq planını puça çıxardı. Çox qısa müddətdə Azərbaycanı beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Azərbaycan-Ermənistan münaqişəsi böyük dövlətləri və şirkətləri ölkəmizə sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Lakin ulu öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu bu tərəddüdlərə son qoydu. 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan "Əsrin müqaviləsi" ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan bütün dünyada neft ölkəsi olaraq tanındı.

Ulu öndər Heydər Əliyevin hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində qəbul etdiyi qərarların ən vacibi 1918-ci il mart soyqırımının öz siyasi qiymətini alması oldu. Tarixə nəzər salsaq görərik ki, 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu buna imkan vermədi. Məhz bütün bunları nəzərə alan Heydər Əliyev 1998-ci il martın 26-da "31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi haqqında" fərman imzalamışdır. Fərman imzalandığı vaxtdan etibarən hər il 31 Mart respublika səviyyəsində qeyd edilir və soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılır.

Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimizin taleyi etibarlı əllərdədir.

Lətafət BEYBUTOVA,

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" Elmi araşdırmalar, ekspozisiya və fond

şöbəsinin müdiri.