Cəlilabadda
Digər xəbərlər

Cəlilabadda "Heydər Əliyev İli" çərçivəsində tədbir

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində dünən Cəlilabad rayonunda Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının mətbuat xidmətindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Ümummilli Lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, Azərbaycanı inkişaf yoluna çıxardı. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirir. Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə bağlıdır. Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Heydər Əliyev siyasətinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan hərtərəfli inkişaf edir.

Daha sonra tədbirdə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Anar İskəndərov, Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Elman Nəsirov, YAP Cəlilabad rayon təşkilatı Alar kənd ərazi partiya təşkilatının sədri Əfraim Hüseynov və partiya fəalı Gülər İskəndərova çıxış ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərman ilə təltif edilib. YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Xaqani KOSAYEV,

“Respublika”.