Dövlət qulluğu imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır
CƏMİYYƏT

Dövlət qulluğu imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır

23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasında rolu danılmazdır. BMT Baş Məclisi tərəfindən iyunun 23-ü Dövlət Qulluğu Günü elan edilib və bu tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilir.

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməsi prosesi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artır.

Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də qurumlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.

Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. "Dövlət qulluğu haqqında" Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə mükəmməl hüquqi akt yaradılıb. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq ölkəmizdə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir. Qanun dövlət orqanlarının qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir.

Dövlət qulluğunun əsas vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbulu, icrası və onların icrasına nəzarəti, dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən funksiyaların yerinə yetirilməsidir.

Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir. 18 nəfər üzvdən ibarət Şuranın 6 üzvü Prezident 6 üzvü Milli Məclisin sədri, 6 üzvü isə Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin olunur. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. Şuranın fəaliyyətinin təşkilini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi Katiblik həyata keçirir. Şuranın qəbul etdiyi qərarların məcburiliyi dövlət qulluqçuları üçün müvafiq olaraq Prezident, Milli Məclisinin sədri və Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir. Qərarların icra edilməsi üçün 3 iş günü müddətində müvafiq dövlət orqanlarına göndərilir. Dövlət orqanlarının rəhbərləri tərəfindən həmin qərarın icra vəziyyəti barədə hesabat 30 gün müddətində Şuraya təqdim edilir.

Ölkədə idarəçiliyin təşkilində mühüm rol oynayan bu aktlarla dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, təqaüd təminatı və digər məsələlər tənzimlənir. Dövlət quruculuğu məsələlərinə böyük əhəmiyyət verən Prezident 2 mindən çox fərman və sərəncam imzalayıb. Son dövrlərdə bir çox dövlət qurumlarının statusu yenilənərək onlara "publik hüquqi" şəxs statusu verilib, bununla da onların həm hüquqları genişləndirilib, həm məsuliyyəti artırılıb, həm də müvafiq sahələrin idarə edilməsində fəal iştirakı təmin edilib.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan, Prezidentin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyası müəyyən edilir, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modulları və proqramları hazırlanır. Bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapır.

Aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Bu cəhətdən "Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi"nin təsdiq edilməsi haqqında" Prezidentin 2019-cu il 16 may tarixli Fərmanını qeyd etmək lazımdır. Bu sənəd dövlət qulluqçularının hüquqlarının qorunmasında və məsuliyyətinin artırılmasında mühüm rol oynayır. Bu nümunədə tərəflər haqqında məlumat, əmək müqaviləsinin müddətləri, dövlət qulluqçusunun əmək funksiyaları, qulluq şəraitinə, dövlət məvacibinə, əməyin mühafizəsinə, iş və istirahət vaxtına, məzuniyyətə, bədən tərbiyəsi və idmana dair şərtlər, birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti, sosial müdafiə məsələləri, mülkiyyət münasibətlərinin tənzimlənməsi, əmək müqaviləsində dəyişiklik edilməsi və ona xitam verilməsi barədə müddəalar var.

Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açır. Həmçinin dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi, dövlət qulluqçularının icbari sığortası, qulluq stajına, ixtisas dərəcələrinə görə vəzifə maaşına əlavə haqqın verilməsi kimi məsələlər nizama salınıb, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu təsdiq edilib.

Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qulluğu irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan ölkə vətəndaşları hesabına formalaşır. Dövlət qulluğunun başlıca funksiyası, onun mahiyyəti - dövlətə qulluq, dövlət və cəmiyyət, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri realizə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaqdır.

Bu qanunun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atmışdır.

2005-2020-ci illər ərzində ölkədə orta aylıq nominal əməkhaqqının müntəzəm artımı dövlət qulluqçularının əməkhaqqına birbaşa öz təsirini göstərib. Belə ki, 2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1022,2 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 28,3 faiz, 2005-ci illə müqayisədə isə 5,6 dəfə çoxdur. Göründüyü kimi, dövlət qulluqçularının əməkhaqqı ölkə üzrə orta aylıq əməkhaqqını 61 faiz bəndi üstələyib. Dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı digər iqtisadi rayonlarla müqayisədə Bakı şəhərində (1484,0 manat) və Naxçıvan MR-də (750,9 manat) üstünlük təşkil edir.

2024-cü il yanvarın 1-də ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfər olub ki, onların da 29,7 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,3 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,8 faizi 4-cü təsnifatı, 11,7 faizi 5-ci təsnifatı, 7,9 faizi 6-cı təsnifatı, 46,6 faizi 7-ci təsnifatı, 22,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

2023-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933,3 manat təşkil edib.

Dövlət qulluqçularının hazırlıq səviyyəsinin və iş keyfiyyətlərinin yüksək olması çox vacibdir. Yalnız yüksək peşəkarlıqla, dərin biliklə, kreativ düşüncə tərzi ilə, ən başlıcası vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür. Dövlət qulluqçularının müsbət imici xalqın dövlətə münasibətinin formalaşmasında mühüm rol oynayır. Onun müsbət imici isə gördüyü işin nəticəsindən, peşəkarlığından, öz vəzifə borcuna münasibətindən asılıdır.

Dövlət qulluqçularının fəaliyyətinin səmərəsi onların ölkənin iqtisadi inkişafına və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, dövlət və vətəndaş münasibətlərinin yaxşılaşmasına göstərdikləri töhfə ilə ölçülür.

Azərbaycanda dövlət qulluqçularının nə dərəcədə səmərəli fəaliyyət göstərməsi özünü məmur-vətəndaş münasibətlərində büruzə verir.

Bu məsələ ilə bağlı Prezident İlham Əliyev deyib: "Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".

Bu gün Azərbaycanın inkişafına, xalqın rifahının yaxşılaşdırılmasına layiqincə xidmət edən dövlət qulluqçularının fəaliyyəti, əzmkarlığı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, onlara qayğı və diqqət göstərilir, sosial rifahının yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atılır. Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə ölkə başçısı tərəfindən daim böyük qayğı göstərilir, dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşlar dəyərləndirilir.

Bayram SALMANOV,

"Respublika".