COP29 Akademiyası fəaliyyətə başlayıb
CƏMİYYƏT

COP29 Akademiyası fəaliyyətə başlayıb

Azərbaycan bu il 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək.

COP29 Azərbaycan əməliyyat şirkətindən verilən məlumata görə, konfrans çərçivəsində aktiv iqlim fəaliyyəti ilə planetimizə müsbət təsirlərə əsaslı töhfələrin verilməsi, eyni zamanda paytaxtımıza üz tutacaq on minlərlə xarici qonağın ən yaxşı təcrübə və qonaqpərvərliklə qarşılanmasının təmin edilməsi əsas istiqamət kimi müəyyənləşdirilib. Bu məqsədlə COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti layihənin icrasını reallaşdırıb. Ekoloji maarifləndirmə və iqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə COP29 Akademiyası fəaliyyətə başlayıb. Akademiyanın yaradılması təşəbbüsü iqlim və dayanıqlılıq mövzularında peşəkar səriştə, liderlik, dərin bilik nümayiş etdirən, fərqlənən universitet məzunlarını tanımağı və dəstəkləməyi, ölkənin parlaq gəncləri vasitəsilə dayanıqlılığın əhəmiyyəti barədə cəmiyyəti məlumatlandırmağı hədəfləyir.

Sözügedən proqram iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf və özünüinkişaf üçün imkanlar təklif etməklə onların dayanıqlılıq sahəsində biliklərə yiyələnməsində, bu biliklərin həmyaşıdları, ailələri və ictimaiyyət nümayəndələri ilə paylaşmalarında platforma rolunu oynayacaq.

Akademiya istənilən ixtisas sahəsi üzrə məzunların müraciətlərini qəbul edəcək. Qeydiyyatdan keçən gənclər layihələrin idarə edilməsi, peşəkar davranış kodeksi və s. kimi bacarıqlara yiyələnmək üçün müvafiq mütəxəssislərin iştirakı ilə seminarlara qatılma imkanı da qazanacaqlar. COP29 Akademiyasının iştirakçıları, həmçinin Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərək mötəbər tədbirin təşkilinə işçi heyətinin üzvü qismində cəlb olunacaqlar.

2023-2024-cü illərdə akkreditə olunmuş universitetlərdən məzun olan, Azərbaycan Respublikasının vətəndaşlığını daşıyan və əmək fəaliyyəti ilə məşğul olmayan, sosial aktiv, xarici dil bilikləri yüksək olan bütün namizədlər 22 iyun 2024-cü il tarixinədək ərizə formasını dolduraraq qeydiyyatdan keçə bilərlər. Proqramın tələblərinə əsasən seçilən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Əlavə məlumat üçün www.cop29.az, [email protected] və ya +994125352928 müraciət oluna bilər.

Qeyd edək ki, bu tədbir nəinki gənclər, hətta ölkənin ümumi işçi qüvvəsinə də əsaslı şəkildə təsir edəcək. Ölkəmiz tədbirdən sonra da paytaxt və onun hüdudlarından kənarda insan kapitalının formalaşması, infrastrukturun təkmilləşdirilməsi və dayanıqlı inkişafın dəstəklənməsi kimi istiqamətlərdə əldə edilən nailiyyətləri miras olaraq ötürməyi hədəfləyir.

Nəzrin ELDARQIZI,

"Respublika".