“Yaşıl dünya üçün innovasiyalar
CƏMİYYƏT

“Yaşıl dünya üçün innovasiyalar" Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi

İyunun 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan "Yaşıl dünya üçün innovasiyalar" Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib.

YAP Mərkəzi Aparatından verilən məlumatda bildirilir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir: "Neft strategiyasından əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi sosial-iqtisadi islahatların davamlılığının təmin olunmasına xidmət edir. Dövlətimizin başçısı müxtəlif ölkələrin təcrübəsini müqayisə edərək uğur qazanmağın əsas səbəblərini neft-qaz ehtiyatları ilə deyil, elmə, biliyə, yiyələnməklə əlaqələndirərək qeyd edib ki, təbii ehtiyatların və insan kapitalının sintezi Azərbaycanı qabaqcıl, müasir ölkəyə çevirəcək. Təhsilə qoyulan vəsaitin ölkənin hərtərəfli inkişafına, davamlı tərəqqinin təmin olunmasına əsaslı zəmin yaratdığını vurğulayan Prezident İlham Əliyev təhsil sisteminin müasirliyi və effektivliyini dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasının reallaşmasının əsas şərtlərdən biri kimi səciyyələndirib".

Müsabiqə barədə hesabat verən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, Rəqəmsal İdeya Müsabiqəsinə hər keçən il gənclərin diqqəti daha da artmaqdadır: "Belə ki, bu il sayca 3-cü dəfə keçirilən müsabiqəyə ümumilikdə 1734 müraciət daxil olub. Qeydiyyatdan keçən gənclər arasından ən uğurlu 120 iştirakçı seçilib. İştirakçıların seçimi zamanı gender bərabərliyi də əsas prinsiplərdən biri olaraq götürülüb".

Sonra Rəqəmsal İdeya Müsabiqəsinin hesabat video-çarxı nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov artıq ənənə halını almış Rəqəmsal İdeya Müsabiqəsinin gənclərin biliklərinin artırılması və komanda şəklində birgə çalışmaq bacarıqlarının yüksəlməsinə geniş imkanlar yaratdığını söyləyib.

Müsabiqə iştirakçılarının coğrafiyasının xeyli genişləndiyini vurğulayan Tahir Budaqov qeyd edib ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan "Yaşıl dünya üçün innovasiyalar" Rəqəmsal İdeya Müsabiqəsində Azərbaycanın, demək olar ki, bütün bölgələrindən olan gənclər təmsil olunurlar: "Artıq üçüncü ildir ki, təşkil olunan müsabiqə gənclərimizin istər intellektual potensialının üzə çıxarılması, istər ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, istərsə də gənclər arasında kommunikasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu müsabiqə, eyni zamanda, gənclərin peşə seçimində də müsbət rola malikdir".

Azərbaycan gənclərinin yüksək potensiala malik olduğunu vurğulayan Tahir Budaqov qeyd edib: "Siz Azərbaycanın ən möhtəşəm və şərəfli dövründə yaşayırsınız. Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsində və ötən il həyata keçirilmiş bir günlük lokal xarakterli antiterror əməliyyatında rəşadətli Azərbaycan gəncliyi yüksək vətənpərvərlik nümunəsi göstərərək 30 ilə yaxın işğal altında qalmış ərazilərimizin azad edilməsində müstəsna rol oynayıb. Gənc nəsil öz ərazi bütövlüyü və suverenliyini təmin etmiş qüdrətli Azərbaycanın vətəndaşları kimi ölkəmizin inkişafına bundan sonra da layiqli töhfə vermək əzmində və iqtidarındadır".

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, bu gün müasir Azərbaycan dövləti Heydər Əliyev ideyalarından bəhrələnərək böyük uğurlara imza atır: "Möhtəşəm nailiyyətlərimizin əsasında Heydər Əliyev siyasəti, Ulu Öndərimizin adı ilə bağlı olan Qurtuluş məfkurəsi dayanır. Məhz Milli Qurtuluş Günündən başlayan tərəqqi və Zəfər yolu bizi tarixi qələbəmizə yaxınlaşdırdı. Ümummilli Liderimizin siyasi varisi - Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin liderliyi ilə şanlı qələbəyə imza atdıq və tarixi ədalətin bərpasına nail olduq".

Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi tanındığını söyləyən Tahir Budaqov diqqətə çatdırıb ki, ölkəmiz ötən müddət ərzində regionun lider dövlətinə çevrilərək qlobal miqyasda önəmli uğurlar qazanıb: "Azərbaycan Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təşkilatlara müvəffəqiyyətlə rəhbərlik edərək bəşəriyyət üçün vacib təşəbbüslər irəli sürüb və ümumbəşəri dəyərlərə, milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan mütərəqqi siyasəti ilə müsbət nümunə yaradıb. Bütün bunların nəticəsidir ki, dünya miqyasında Azərbaycana inam və etimad davamlı olaraq artıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi haqqında yekdil qərar da bu reallığın bariz ifadəsidir. Şübhəsiz ki, Azərbaycan bu mötəbər beynəlxalq tədbirə də uğurla ev sahibliyi edəcəkdir. COP29 ölkəmizin sülh və tərəqqi tərəfdarı olduğunu bir daha nümayiş etdirəcək, Azərbaycan reallıqlarının təqdimatı üçün daha bir mühüm platforma olacaqdır".

Ölkəmizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyən YAP Sədrinin müavini gənclərin Azərbaycanın gələcək strateji hədəflərinin reallaşmasına mühüm töhfə verəcəklərinə inamını ifadə edib.

Tahir Budaqov çıxışının sonunda müsabiqə qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bu gün ölkəmiz sürətli inkişaf dövrünü yaşayır və bu da innovasiyayönümlü yaradıcı gənclər üçün öz təşəbbüslərini reallaşdırmaqda yeni imkanlar yaradır: "Bu sahədə gənclərin innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyalardan istifadə bacarığının artırılmasına əsaslanan innovativ inkişaf məsələləri ön plana çəkilir".

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə çıxışında Azərbaycanda innovasiyaların inkişafı və bu sahədə yaradılan əlverişli şəraitdən, rəqəmsal transformasiyanın əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu müsabiqə Azərbaycanın innovasiya ekosistemində gənclərin iştirakının artırılmasına töhfədir. Nazirin sözlərinə görə, müsabiqənin istər coğrafiyasının, istərsə də iştirakçı sayının artması bir tərəfdən gənclərin ekoloji problemlərin həllinə yanaşmasını nümayiş etdirir, digər tərəfdən onların innovativ həllərə və rəqəmsal inkişafa olan marağının bariz sübutudur.

Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov "Yaşıl dünya üçün innovasiyalar" Rəqəmsal İdeya Müsabiqəsinin əhəmiyyətindən danışaraq bildirib ki, belə tədbirlərin keçirilməsi Azərbaycan gəncliyinin dünyagörüşünün, innovativ düşüncə tərzinin inkişafını, həmçinin onların ekoloji məsələlərin həllindəki fəal iştirakını dəstəkləyən çox mühüm bir addımdır. Yaşadığımız XXI əsrin texnologiyalar və rəqəmsal yeniliklər əsri olduğunu xatırladan F.Qayıbov dəyişən dünyada gələcəyimizi də məhz gənclərimizin formalaşdıracağını deyib: "Onların parlaq ideyaları bizi davamlı inkişafa aparır. Bu kimi layihələr gənclərimizi öz ideyalarını bölüşməyə təşviq edir, onların ətraf mühitin qorunması ilə bağlı problemlərin həlli üçün yenilikçi və yaradıcı yanaşma nümayiş etdirmələrinə imkan yaradır".

Elm və təhsil nazirinin müavini İdris İsayev isə çıxışında bildirib ki, gənclər cəmiyyətimizin həyatında mühüm rol oynayırlar: "Bu da təbiidir, gənclərin öyrənmək və ətraf mühitə uyğunlaşmaq qabiliyyətləri digərlərindən daha fərqli və sürətlidir. Bu mənada, gənclərimizdə innovativ düşüncənin formalaşması və inkişafı çox mühüm amillərdən biridir. Çünki əldə edilən biliklərin böyük bir qismi məhz innovasiyalar, elm və təhsil hesabına qazanılır. Buna görə də inkişaf etmiş ölkələr elmin, innovasiyaların inkişafına xüsusi diqqət ayırırlar. Dünyada iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi məhz intellektual əmək formasiyaları hesabına formalaşır".

Daha sonra qaliblər mükafatlandırılıb. I yerin qalibi "Dəfnə", II yerin qalibi "Zəka", III yerin qalibi "Turan" komandaları, "Yaşıl İdarəetmə" intellektual oyununun qalibi isə "Qayıdış" komandası olub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Xaqani KOSAYEV,

“Respublika”.