Azərbaycançılıq ideyası xalqımızı zəfərə apardı
Siyasət

Azərbaycançılıq ideyası xalqımızı zəfərə apardı

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə milli dövlətçilik tariximizdə yeni səhifə açıldı və bu səhifə böyük nailiyyət və qələbələrlə zənginləşdi. Dövlət müstəqilliyinin bərpasının ilk illərində dahi şəxsiyyət Heydər Əliyevlə çiyin-çiyinə çalışan, ordu quruculuğu prosesində ən yaxın silahdaşlarından biri olan Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik kimi ümummilli liderlə bağlı xatirələrimi bölüşməkdən qürur duyuram.

Heydər Əliyev 1991-ci ildə Naxçıvana gələndən sonra ilk növbədə muxtar respublikanın ərazilərinə qarşı genişlənməkdə olan erməni işğalı ilə bağlı ordu quruculuğuna başladı. Uzun illər gizli şəkildə müharibəyə hazırlaşan və SSRİ-nin dağılması ərəfəsində öz çirkin niyyətlərini açıq şəkildə həyata keçirməyə çalışan Ermənistan, xaricdəki havadarlarının köməyi ilə Naxçıvana mütəmadi olaraq hücumlar edir, sərhədboyu təxribatlar törədirdi. Həmin vaxt Naxçıvanda yenidən siyasi fəaliyyətə başlayan Heydər Əliyev bütün vəzifəli şəxslərin qarşısında nizami ordunun formalaşdırılmasını ən vacib vəzifə kimi qoymuşdu. Lakin o dövrdə ordu yaratmaq, onu silah-sursatla təmin etmək heç də asan məsələ deyildi. Naxçıvanın müdafiəsi üçün hərbi texnikanın olmaması ən böyük problem idi. Nəinki ağır hərbi texnika, adi atıcı silahlar belə yox səviyyəsində idi. Bu səbəbdən uzaqgörən siyasət xadimi Heydər Əliyev 1991-ci ildə Naxçıvanda ordunun yaradılması və silah-sursatla təchizatını həyati vacib məsələ kimi qiymətləndirdi. Çünki Naxçıvanın taleyi bilavasitə bu məsələdən asılı idi. Mənim üçün qürurvericidir ki, dahi lider məhz belə mühüm məsələnin həllini - ordunun silah-sursatla təminatını mənə həvalə etmişdi.

Yeni yaradılmış ordunun hərbi texnika ilə təminatı birdən-birə həyata keçirilmədi. Biz ilk növbədə, daxili imkanlarımızı dəyərləndirdik, əlimizdə olan silah-sursatın dəqiq siyahısı aparıldı, yararlılıq dərəcəsi müəyyənləşdirildi. Heydər Əliyev sovet dövründən qalan silahlardan istifadə olunması ilə yanaşı, həm də xarici ölkələrdən müasir silahların alınması üçün ciddi səy göstərirdi. Məhz onun fədakarlığı, gərgin əməyi sayəsində Naxçıvanda 1000 nəfərdən ibarət ordu yaradıldı. Ancaq qarşıda görüləsi işlər çox idi. Hərbi texnikanın yoxluğu o zaman zabitləri müxtəlif yeniliklərə əl atmağa, fərqli üsul və vasitələrdən istifadə etməyə vadar edirdi. Bu vasitələrdən biri də SSRİ-dən qalma buluddağıdan toplar idi. Sovet vaxtı kənd təsərrüfatı sahəsində istifadə edilən bu toplardan biz hərbi məqsədlə istifadə edir, bu toplarla düşmən hücumunun qarşısını almağa çalışırdıq. Buluddağıdan toplarda isə hərbi toplarda olduğu kimi, nişangah yox idi. Buna görə də həmin toplardan istifadə daha böyük təcrübə, səriştə tələb edirdi.

O zaman hərbi texniki təchizat baxımından ermənilərdən geridə qalsaq da, ordumuzda vətənpərvərlik əhvali-ruhiyyəsi çox yüksək idi. Dahi siyasətçi Heydər Əliyevin çıxışları, onun verdiyi göstərişlər, yürütdüyü siyasət hər kəsi azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirirdi. Hərbi texnika baxımından vəziyyətimiz nə qədər acınacaqlı idisə, vətənpərvərlik əhvali-ruhiyyəsi bir o qədər də yüksək idi. Naxçıvanda rus hərbi hissəsinə aid poliqondan gətirdiyimiz 10 ədəd istismara yararsız tankın arxasına buluddağıdan topları yerləşdirir və lazımi məqamda onlardan atəş açırdıq. Ermənilər elə hesab edirdilər ki, bu atəşlər tanklardan açılır. Bu, düşmənə psixoloji baxımdan ağır təsir edir, qorxu hissini artırırdı. Bundan başqa, "BMP", "BTR" kimi texnikaların maketlərini hazırlayıb bəzi mövqelərdə yerləşdirirdik. Hərbi texnika baxımından çətinlik çəkdiyimizi mümkün qədər düşmənə hiss etdirməməyə çalışırdıq. Ulu öndər bu cür ağır döyüşlər nəticəsində qazandığımız uğurları sevinclə qarşılayır və deyirdi: "Biz qalib gələcəyik, biz buna qadirik!".

1991-ci ildə yeni yaradılan hərbi birliklər erməni ordusuna qarşı bir sıra uğurlu əməliyyatlar apardı ki, Qarağac və Həsənqulu əməliyyatları da bura daxil idi. Bu əməliyyatlara qədər bəzi yeniliklər həyata keçirir, hazırlıq işləri aparır, zastavalar yaradırdıq. Dağlarda 10-ə qədər post qurub, ziqzaq formasında səngərlər qazırdıq. Düşmən atəşindən yayınmaq, təhlükəsizliyimizi təmin etmək üçün səngərləri adətən axşam saatlarında qazırdıq. Mən o zaman Sədərək Regional Qərargahın rəisi idim. Bundan bir müddət öncə ermənilər Qarağac, Həsənqulu kəndlərini zəbt etmişdilər. Belə bir ağrılı dönəmdə Heydər Əliyev ermənilər tərəfindən işğal edilən bu torpaqların azad edilməsi ilə bağlı tapşırıq verdi. Tapşırığa əsasən əks-hücum əməliyyatı keçirərək kəndləri azad etməli, düşməndən təmizləməli idik. Hərbi texniki dəstək olmadan hücuma keçdik. Cəmi 19 buluddağıdan topumuz var idi. Əsgərlərimiz yalnız yüngül atıcı silahlarla silahlanmalarına baxmayaraq, döyüşlərdə çox böyük qəhrəmanlıq göstərdilər, erməniləri məhv edərək hər iki kəndi geri aldıq. Azad edilən ərazilərdə, o cümlədən Günnüt dağında postlar qurduq. Bu əməliyyat bütün Naxçıvan camaatında böyük ruh yüksəkliyinə səbəb oldu, ordumuzun gücünə inamı artırdı. Heydər Əliyev bizi qələbə münasibətilə təbrik etdi, məni mükafatlandırdı. Ümummilli lider hər görüşdə bizi ruhlandırır, bir azərbaycanlı olaraq igidlik, qəhrəmanlıq, vətənə məhəbbət, fədakarlıq kimi yüksək mənəvi dəyərlərə sahib olduğumuzu bildirirdi. Ulu öndər deyirdi ki, hər bir azərbaycanlı öz tarixi kökündən, mənəvi dəyərlər sistemindən güc almalı, öz əməlləri ilə milli kimliyini sübuta yetirməlidir.

1992-ci ilin əvvəllərindən etibarən ermənilər Naxçıvan istiqamətində çoxlu sayda canlı qüvvə və hərbi texnika cəmləməyə başladı. Bütün müşahidələr və kəşfiyyat məlumatları düşmənin irimiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Həmin il mayın əvvəllərində düşmən 30-40 hərbi texnika ilə Sədərəyə hücum etdi. Sədərək qəbiristanlığına doğru enən erməni silahlı birləşmələri Mil təpəsini və ətraf əraziləri ələ keçirdilər. Qüvvələrin qeyri-bərabərliyi, hərbi texnikanın yoxluğu səbəbindən əsgərlərimiz mərdliklə vuruşsalar da, erməni hücumunun qarşısını almaq çox çətin idi. Bütün bunlara baxmayaraq, əsgərlərimiz son damla qanına qədər döyüşür, əsl qəhrəmanlıq nümunəsi göstərirdilər. Təkcə bir faktı qeyd edim ki, bu döyüşlərdə bölük komandiri Şakir Cəfərovun rəhbərlik etdiyi 18 nəfərlik dəstə tam tərkibdə şəhid oldu. Həmin döyüşdə Şakir Cəfərov düşmənin iki hərbi texnikasını sıradan çıxardı, özü isə şəhidlik zirvəsinə yüksəldi. 1992-ci ilin may döyüşlərində ərazi baxımından bəzi mövqeləri itirsək də ordumuzun vurduğu ağır zərbə erməniləri növbəti hücum əməliyyatlarından çəkindirdi, özünəinam hissini məhv etdi.

Hər zaman olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində də Türkiyə faktoru bizim üçün hər şeydən öncə mənəvi-psixoloji baxımdan böyük amil idi. Qardaş ölkə çətin vaxtlarda öz varlığını hiss etdirir, düşmənə ciddi mesajlar verirdi. Bununla bağlı bir faktı diqqətə çatdırmaq istəyirəm. 1992-ci ilin may döyüşləri zamanı düşmənə layiqli cavab versək də, bəzi mövqeləri itirdiyimizə görə, ciddi gərginlik keçirirdik. Belə bir zamanda Türkiyə erməni işğalçılarına öz mövcudluğunu yada salmaq məqsədilə Ağrı dağında əzələ nümayişi həyata keçirirdi. Bu hadisəyə şahid olanda çox heyrətləndim. Ağrı dağı türk ordusu ilə əhatə olunmuşdu, sanki qarşıda dağdan bir ordu yaradılmışdı. Bu hissin verdiyi qürur və iftixarı sözlə demək mümkün deyil. Türk ordusunun Ağrı dağındakı əzələ nümayişi erməniləri qorxuya saldı. Mən ilk dəfə o an qardaş ölkənin bizim üçün necə böyük önəm kəsb etdiyini əyani şəkildə gördüm. O zaman anladım ki, Türkiyə ilə Azərbaycanın qardaşlığı həqiqətən də əzəlidir, əbədidir və bu iki qardaş dövlət heç vaxt bir-birini darda qoymayacaq.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu siyasəti Silahlı Qüvvələrimizin sürətli inkişafına yol açdı və nəticə etibarilə Vətən müharibəsindəki zəfəri təmin etdi. Azərbaycançılıq ideyası, bu ideyanın özündə ehtiva etdiyi dəyərlər bütün tarixi dövrlərdə xalqımızın müdafiə və yaşam vasitəsi olub, onun qalibiyyətini şərtləndirən əsas faktor kimi çıxış edib. Millətimiz məhz bu ideya ətrafında birləşərək düşmənə qarşı birgə mübarizə aparıb. Birinci Qarabağ müharibəsi dövründə də xalqımız ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası ilə silahlanaraq vətənin, torpağın müdafiəsinə qalxdı. İgid oğullarımızı vətən yolunda ən ali zirvəyə yüksəldən də məhz bu amil oldu.

44 günlük Vətən müharibəsində bir daha şahid olduq ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu, Prezident İlham Əliyevin qətiyyəti, hərbi-siyasi səriştəsi İkinci Qarabağ müharibəsində qələbə qazandırdı. Bu baxımdan, 8 Noyabr zəfərinin memarı ulu öndər, əbədi qarantı isə Prezident İlham Əliyevdir.

Talıb ƏLİYEV,

ehtiyatda olan polkovnik.