“5-ci respublika” regionda təhlükəsizliyə böyük əngəllər yaradır
Siyasət

“5-ci respublika” regionda təhlükəsizliyə böyük əngəllər yaradır

Fransa və Ermənistan arasında hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi regional sabitliyə təhlükə törədir. Bu, həm də rəsmi Parisin öz geosiyasi ambisyalarını regionda daha da artırmaq məqsədindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, bu gün Bakı və İrəvan arasında dialoq nəticəsində bütün problemlərin həllinə şərait yaradılır. Qazaxın dörd kəndinin geri qaytarılması, COP29-un keçirilməsi ilə bağlı Ermənistanın Azərbaycanın lehinə öz namizədliyini geri götürməsi və hərbi əsirlərin dəyişdirilməsi region üçün müsbət şərait yaradıb. Lakin Makron administrasiyası bu razılıqların üstündən xətt çəkir və Ermənistana hərbi dəstəyin göstərilməsini davam etdirir.

Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfərində “Caesar” özüyeriyən artilleriya qurğularının Fransadan Ermənistana tədarükü barədə razılığa gəlməsi, şüphəsiz regional təhlükəsizliyə bir sıra təhdidlər yaradır. Azərbaycan da baş verən bütün bu proseslərə öz reaksiyasını bildirir. Əgər yaxın zamanlarda da Fransa Ermənistanı eyni şəkildə silahlandırmağa davam edərsə dövlətimiz buna səssiz qalmayacaq. Düşünürəm ki, rəsmi Bakıdan adekvat cavab gələcək. Fransa bilərəkdən bu eskalasiya yolunu tutub,  bu da tamamilə yolverilməzdir. Çünki Cənubi Qafqazda sülhə, sabitliyə və təhlükəsizliyə “5-ci respublika” böyük əngəllər yaradır.

İlyas HÜSEYNOV,

politoloq.