İrəvan Yaxın Şərqdə baş verənləri göz önünə almalıdır
Siyasət

İrəvan Yaxın Şərqdə baş verənləri göz önünə almalıdır

ABŞ və Qərbin Cənubi Qafqaza sülh prosesinə vasitəçilik missiyası bəhanəsi ilə kobud şəkildə müdaxilə etməsi artıq neqativ nəticələrini verməyə başlayıb. Çünki ABŞ və Qərb Azərbaycana qarşı qərəzli mövqeyi və açıq ermənipərəst davranışları ilə Cənubi Qafqazda sülh prosesini bloklamağa nail olub. Və bu, daha çox ABŞ, Fransa, eləcə də rəsmi Parisin ciddi təsiri altında olan Avropa Birliyinin ortaq regional maraqlarından qaynaqlanır. Yəni Ermənistanın həm maraqları, həm də xarici siyasət kursu tamamilə ABŞ və Qərbin ixtiyarına verilib. Beləliklə, Paşinyan hakimiyyəti atdığı bütün addımları məhz Ermənistanın beynəlxalq havadarlarının diktəsinə uyğunlaşdırır. Bu, o deməkdir ki, reallıqda müstəqil Ermənistan dövləti mövcud deyil.

"Paşinyan hakimiyyəti təhlükəsizliyi və müdafiəni Qərbdə axtarmağa davam edir. Bu isə Ermənistanın gələcək taleyini böyük risk altına atır. İrəvan üçün indi yeganə doğru yol ən qısa zamanda Azərbaycanla yekun sülh sazişini imzalamaqdan keçir, əks halda, Ermənistan da tezliklə ABŞ və Qərbin yalançı vədləri ucbatından fəlakətə düçar olmuş digər ölkələrin sırasına qatıla bilər''. Bu fikri açıqlamasında vurğulayan siyasi ekspert Bilgehan Öztürk deyib: "Paşinyan hakimiyyəti Ermənistanı bütövlükdə ABŞ və Qərbin geopolitik alətinə çevirərkən bunun qarşılığını ala biləcəyinə böyük ümidlər bəsləyir. İrəvan hesab edir ki, ABŞ və Qərb Ermənistanın bütün geopolitik və iqtisadi problemlərini həll edəcək. ABŞ və Qərbdən bu barədə ilkin vədlər alan İrəvanın hazırda bu qədər arxayın davranaraq, Rusiya ilə qarşıdurmaya həvəs göstərməsi, eləcə də Azərbaycanla yekun sülh sazişinin imzalanmasından müxtəlif siyasi manipulyasiyalarla yayınması da qətiyyən təəccüblü deyil. İrəvanın, ABŞ və Qərbdən aldığı təhlükəsizlik, eləcə də tam toxunulmazlıq vədləri Ermənistanın ümidlərini boşa çıxara bilər. Hər halda, ABŞ və Qərbin olduqca çox vəd verdiyini, ancaq onları heç vaxt sona qədər yerinə yetirmədiyini təsdiqləyən örnəklər göz qabağındadır. Ümumiyyətlə, ABŞ və Qərb indiyə qədər hansı ölkəni dəstəklədisə, o ölkələr sonunda fəlakət və səfalətlə üzləşdi. İrəvan ABŞ və Qərbin dəstəyinin hansı neqativ nəticələrə yol açdığını dəqiqləşdirmək üçün Yaxın Şərqdə baş verənləri göz önünə almalıdır. ABŞ-ın öz müttəfiqləri ilə birlikdə Yaxın Şərq xalqlarına "demokratiya və insan hüquqları" gətirmək "niyyəti" regionda onilliklər boyu davam edən savaşdan başqa heç nə verməyib. Bu regionun xalqları hələ də ABŞ-ın "dəstəyindən" xilas olub, normal həyata dönə bilmirlər. Buna misal olaraq, İraq, Liviya, Suriya və Əfqanıstanı göstərmək olar. İraq separatizmin və müxtəlif terrorçu qrupların hökm sürdüyü formal dövlətə çevrilib. Liviyada vətəndaş müharibəsi hələ də davam edir. Suriya isə tamamilə dağıdılaraq, xaos və terror yuvası kimi fəlakət mənbəyinə çevrilib''.

B.Öztürkün sözlərinə görə, hazırda sıra Ermənistana çatıb. ABŞ və Qərb indi də İrəvana müxtəlif vədlər verir. Hətta Ermənistanı Rusiyanın düşməninə belə çevirməyi bacarıb. Amma Ermənistan bilməlidir ki, ABŞ yalnız dəstək vəd edir, müdafiə ehtiyacı yarandığı zaman kənara çəkilir və sadəcə müşahidə edir. Əslində ABŞ və Qərbin Cənubi Qafqazda Ermənistanın müdafiəsini təmin etmək imkanları yoxdur. Hər halda 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ABŞ, Fransa və Avropa Birliyinin gücü boş "bəyanatlar"dan başqa bir şeyə çatmadı. Elə Azərbaycan ordusunun son antiterror tədbirlərinə də Qərb Ermənistanın ümidlərinə adekvat reaksiya göstərə bilmədi. Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyi yalnız regionda sülhün və əmin-amanlığın bərqərar edilməsi ilə təmin oluna bilər.

Onu da qeyd edək ki, bu günlərdə Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında vurğulayıb ki, "Bəzi Qərb dövlətləri bizim Qarabağ qələbəmizdən sonra regionda yaranmış yeni vəziyyəti başa düşə bilmir. Ermənistanı illərdir təxribat törətməyə təşviq edənlər, bölgədə yaşayan insanların acıları ilə öz mənfəətlərini güdənlər ən böyük ziyanı ermənilərə vurublar".

"Reallaşması mümkün olmayan xəyalları alovlandıraraq erməniləri istismar və istifadə edərək güvənsizliyə məhkum etdilər. Ermənistanın artıq bu reallığı görməsi lazımdır. Yaxşı olardı ki, erməni xalqı və hakimiyyəti, təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə əməkdaşlıqda axtarsınlar. Qərb ölkələrinin göndərdiyi heç bir silah daimi sülhün yerini verə bilməz. Mən buradan bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlindən tutmağa çağırıram. Biz də Azərbaycanla birlikdə sülh prosesinin uğurla nəticələnməsi üçün lazım olan addımları atmağa hazır olduğumuzu bir daha bildirirəm", - deyə Ərdoğan vurğulayıb.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.