Azərbaycanın mövqeyi dəyişməzdir
Siyasət

Azərbaycanın mövqeyi dəyişməzdir

Ermənistan normallaşma prosesində manipulyasiyaya son qoymalıdır

"Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib.

Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun müsbət nəticələri özünü göstərir. Ölkəmizin regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. 44 günlük müharibədə qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, istisnasız olaraq, Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir. Döyüş meydanında əldə etdiyimiz tarixi Zəfər diplomatik sahədə də inamlı addımlar atmağımıza təkan verir. Azərbaycanın qazandığı ədalətli qələbənin regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı qəbul edilir.

Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamağa və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir.

Brüssel formatına gəlincə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə aparılan müzakirələr daha çox intensiv və effektiv koordinasiya xarakteri daşıyır və bu isə Prezident İlham Əliyevin ən qısa müddətdə sülhə nail olunması mövqeyi ilə üst-üstə düşür. 44 günlük müharibədən sonra Bakı ilə İrəvan arasındakı danışıqlarda fəal rol oynayan Avropa İttifaqı Qarabağı hər zaman Azərbaycan ərazisi kimi qəbul edib. Paşinyan da manevr imkanlarının daraldığı və reallıqları qəbul etmək məcburiyyətində qaldığı üçün Azərbaycanın 86 600 min kvadratkilometrlik ərazisini tanıdı. Yəni bu o deməkdir ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi rəsmən tanıyır. Şarl Mişelin bəyanatları ermənilərin "Qərb Qarabağı Ermənistan ərazisi kimi tanımağa meyillidir" xülyasının üstündən birdəfəlik xətt çəkmiş oldu.

Bu məsələ ilə bağlı Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, orada yaşayan erməni əhali bizim vətəndaşlarımızdır və onların təhlükəsizliyi Azərbaycan qanunları əsasında qorunacaq. Ermənistan tərəfinin erməni əhaliyə xüsusi statusun verilməsinə can atmasına baxmayaraq, Brüsseldə bu, qəbul edilmədi. Əslində, Ermənistanla münasibətləri normallaşdırmaq üçün bizə heç bir format lazım deyil. Bu məsələ Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar yolu ilə daha tez öz həllini tapa bilər. Amma əgər Ermənistan özü-öz taleyi ilə bağlı qərar verə bilmirsə, biz istənilən formatda sülh danışıqları aparmağa hazırıq. Bütün hallarda Azərbaycanın mövqeyi dəyişməz olaraq qalacaq. Şarl Mişelin bəyanatlarında xüsusi diqqətçəkən məqamlardan biri isə Zəngəzur dəhlizinin dəmiryolu hissəsinin açılması ilə bağlı səsləndirdiyi fikirlərdir. O, bildirib ki, bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu isə o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı tutduğu mövqedən geri çəkilir və Azərbaycanın bu istiqamətdə irəli sürdüyü şərtləri qəbul edir. Brüsseldəki danışıqların yekun qərarlarına nəzər yetirdikdə açıq-aydın görürük ki, dövlət başçısı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və milli maraqlardan irəli gələn məsələlərdə öz iddia və prinsiplərindən geri çəkilməyib, Ermənistan tərəfini reallıqları qəbul etmək məcburiyyəti qarşısında qoyub.

Dövlət başçısı "Euronews" telekanalına müsahibəsində qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər çox həssas məsələlərə toxunmaq imkanı verir. Məsələn, sərhədlərin gələcək parametrləri - Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir: "Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik". Hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu fikirləri alt-üst etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik. Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar. "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm", - deyə Prezident İlham Əliyev bildirib.

Mustafa KAMAL,

"Respublika".