Azərbaycan-Qırğızıstan: əməkdaşlıqda növbəti mərhələ
Siyasət

Azərbaycan-Qırğızıstan: əməkdaşlıqda növbəti mərhələ

Ağdam rayonunda təməli qoyulmuş məktəb münasibətlərin əsas simvollarından biri olacaq

Qırğızıstanın dövlət başçısı Sadır Japarovun Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə görüşləri və işğaldan azad olunmuş ərazilərə birgə səfərləri ölkələrimiz arasındakı dostluğun, xalqlarımızın qardaşlığının əyani təcəssümüdür. Xalqlarımız arasındakı dostluq münasibətlərinin tarixi qədim dövrə söykənir, ortaq tarixi-mədəni dəyərlər daşıyan Azərbaycan-Qırğızıstan münasibətləri bu gün tarixin ən uğurlu dönəmini yaşayır.

Ölkələrimiz müstəqillik əldə etdikdən sonra qurulmuş münasibətlər ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə inkişaf etmişdir. Ulu öndərin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və "Manas" eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün qardaş Qırğızıstana səfəri olduqca mühüm hadisə idi. Daha sonra hər iki ölkədə diplomatik nümayəndəliklər təsis olunub. Tarixinin ən parlaq dövrünü yaşayan dövlətlərarası münasibətlər istər ikitərəfli, istərsə də beynəlxalq miqyasda mühüm yer tutur. Məhz dövlət başçılarının səfərləri, keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlər, dövlətlərarası Şuranın iclasları, imzalanmış sənədlər münasibətlərin inkişafına xüsusi töhfə verir.

Bütün sahələrlə bərabər, mədəni əlaqələrin inkişafı, mədəniyyət günlərinin keçirilməsi, Bakı şəhərində Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin ucaldılması ortaq mədəniyyətimizə verilən qiymətdir, bu dəyər həm də bütün sahələrdəki əməkdaşlığın inkişafını stimullaşdırır.

Bu əməkdaşlıq hər iki ölkənin qarşılıqlı səyləri hesabına yeni mərhələyə qədəm qoymaqla bərabər özü ilə əlavə imkanlar gətirir və nəticədə əlverişli investisiya mühiti qurulur. Belə ki, Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu hazırda 100 milyon ABŞ dollarıdır, hansı ki, ən qısa zamanda bu məbləğ 4 dəfə artaraq bu həddə çatıb və gələcəkdə daha da artırılması nəzərdə tutulur. Böyük İpək Yolunun üzərində yerləşən ölkəmiz Mərkəzi Asiya ilə tranzit əlaqələrin genişlənməsinə xüsusi önəm verir, coğrafi mövqe, nəqliyyat infrastrukturunun qurulması istiqamətində atılmış addımlar Mərkəzi Asiya, eləcə də Qırğızıstanla münasibətlərdə öz nəticəsini verir.

25 aprel tarixində dövlət başçıları birlikdə Füzuliyə, Ağdama səfər etmiş, Füzuli şəhərinin Baş Planı, eləcə ermənilərin törətdiyi barbarlığın əyani təcəssümü olan və "Qafqazın Xirosiması" adlanan Ağdam şəhərində görülən işlərlə tanış olmuşdur.

Tarixi Zəfərimizlə bitən İkinci Qarabağ müharibəsindən dərhal sonra başlanmış quruculuq işləri bu gün sürətlə davam edir. Sözügedən səfər işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılmış abadlıq və quruculuq işləri ilə tanışlığa imkan yaratdı.

Qırğızıstanın Prezidenti Sadır Japarovun Ağdam rayonunda məktəbin tikilməsi təşəbbüsü ilə çıxış etməsi, dövlət başçılarının ilk təməllərini atdıqları Ağdam rayonu Xıdırlı kənd məktəbi dövlətlərimiz arasında olan dostluğun əsas simvollarından birinə çevriləcəkdir. Məhz bu məktəb həm də Qırğız xalqının ölkəmizə, xalqımıza verdiyi dəyərdir.

Adil ƏLİYEV,

Milli Məclisin sədr müavini.