ANAMA-nın sədri: Əkin üçün 57 min hektar ərazi minalardan təmizlənərək yararlı hala gətirilib
Gündəm

ANAMA-nın sədri: Əkin üçün 57 min hektar ərazi minalardan təmizlənərək yararlı hala gətirilib

Mina təhlükəsi sərhəd tanımır. Onun təsirləri dağıdıcıdır və təhlükəsi mövcud olduğu yerdən daha böyük əraziləri əhatə edir.

"Respublika" xəbər verir ki, bu fikirləri Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov parlamentdə keçirilən “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı söyləyib.

ANAMA-nın sədri bildirib ki, mina təhlükəsinin flora və faunaya, torpağın münbitliyinə, ekosistemə dağıdıcı təsiri göz qabağındadır. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə əməliyyatları uğurla aparılır.

106 min hektardan çox ərazinin təmizləndiyini diqqətə çatdıran V.Süleymanov əkin üçün 57 min hektar ərazinin minalardan təmizlənərək yararlı hala gətirildiyini qeyd edib.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışan ANAMA-nın sədri vurğulayıb ki, insanların sağlam mühitdə, mina təhlükəsindən uzaq yaşamalarını təmin etmək üçün beynəlxalq təşkilatlar səsimizə səs verməlidir.