Ədalətin bərpası
Gündəm

Ədalətin bərpası

Terrorçuluq, soyqırımı və deportasiya, qonşu xalqların mədəniyyət və nailiyyətlərini özününküləşdirmək, qonşuların torpaqlarını zəbt edib əhalisini qırğına məruz qoymaq, paxıllıq və məkrlilik, yalançılıq, talançılıq, oğurluq kimi bəd hərəkət və əməllər erməni xalqının xislətindədir. Azərbaycan tarix boyu ermənilərin törətdikləri cinayətlərin, vəhşiliklərin şahidi olub.

Erməni millətçilərinin türk xalqlarına qarşı düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Belə ki, son iki əsr xalqımızın həyatında ağır və dözülməz işgəncələr, soyqırımı və vəhşiliklərlə yadda qaldı. Türklərə qarşı olan bu soyqırımları düşünülmüş və planlaşdırılmış şəkildə mərhələli olaraq həyata keçirilib. 1905-1906, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və s. tarixi torpaqlarımızda dinc əhalimiz soyqırımına məruz qalıb. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib. Ermənilərin qaniçən əməlləri məhz faşizmə xas olan terrorçuluq siyasətidir.

1948-1953-cü illərdə azərbaycanlılar Ermənistan SSR ərazisindən kütləvi surətdə deportasiya edildi. 150 minlik əhalinin şəxsi və ümumi mülkiyyəti Ermənistan tərəfindən mənimsənildi. 1988-ci ildə yenidən azərbaycanlıların öz tarixi torpaqlarından qovulması nəticəsində 250 mindən çox azərbaycanlı deportasiya edildi, 500 nəfərdən çox insan qətlə yetirildi. Mixail Qorbaçov kimi qaniçən bir diktatorun Sovet İttifaqına rəhbərliyi dövründə hiyləgər ermənilər onu ələ alaraq 1988-ci ildən etibarən Qarabağ bölgəsində işğalçılıq məqsədlərini davam etdirməyə nail oldular. Bu zaman Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Vətənimizin qədim, əzəli torpaqları olan Qarabağ bölgəsi və ətrafındakı 7 rayon - Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan düşmən tərəfindən işğal edildi, 1 milyon əhalimiz məcburi köçkün və qaçqın vəziyyətinə düşdü.

Ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımında ermənilər bir qəsəbəni yer üzündən sildilər. Xocalıda 613 nəfər dinc əhali, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın vəhşicəsinə öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir götürülərək ağlasığmaz işgəncələrə, təqiblərə məruz qaldılar. Tarixdə belə hadisə görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi.

2020-ci ildə işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin siyasəti və ordumuz tərəfindən peşəkar döyüş taktikası və hərbi əməliyyatlarla düşmən tapdağından azad edildi. Ölkəmiz tarixi ədalətin bərpası uğrunda mübarizə apardı və qalib gəldi. Bu qələbə Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytardı.

Həmçinin qeyd etməliyik ki, 44 günlük müharibə dövründə erməni təcavüzkarları insanlığa yad olan, heç bir norma və əxlaqa sığmayan vasitələrə əl ataraq xalqımıza qarşı növbəti vəhşiliklər törətmiş, döyüşlər gedən ərazilərdən çox-çox uzaqlarda yerləşən şəhər və kəndləri, yaşayış obyektlərini, mülki əhalini qadağan olunmuş silahlarla, ballistik raketlərlə, toplarla atəşə tutmuş, 100-ə yaxın dinc sakini qətlə yetirmiş, minlərlə binaları dağıtmışlar. Bütün bu sadaladıqlarımız bəşəriyyətə qarşı cinayətlər sayılır. Azərbaycan İsraildən sonra ilk dövlətdir ki, xalqa və dövlətə qarşı ağır cinayətlər törətmiş hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi prosesi həllini təxirə salınan məsələyə döndərmir. İsrail kimi, Azərbaycan da belə şəxslərin aranması, tapılması, saxlanması və istintaqa cəlb edilməsini səbirlə və qətiyyətlə həyata keçirir.

İllər boyu Qarabağı Azərbaycandan qoparmaq üçün aparılan siyasət uğursuzluqla nəticələndi. Qondarma respublika rəsmən özünü buraxdığını elan etdi. Separatçı rejim darmadağın oldu və onun rəhbərləri həbs olundu. Bu, Azərbaycan diplomatiyasının düşmən üzərində növbəti uğuru oldu. Öz məkrli planlarını yerinə yetirə bilməyən separatçılar Qarabağdan qaçmağa çalışırdılar, lakin onlar bu məqsədlərinə də nail ola bilmədilər. İlk öncə, 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində 25 azərbaycanlı sakini vəhşicəsinə qətlə yetirən Vaqif Xaçaturyan həbs edildi. Daha sonra 1989-cu ildən 2023-cü il sentyabrın 20-dək Azərbaycana qarşı müxtəlif cinayət əməlləri törətməkdə şübhəli bilinən bir qrup separatçı tutuldu. Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və başqaları barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Azərbaycan dövlətinə qarşı terrordan tutmuş qanunsuz silahlı dəstələr yaratmaq, təxribatlar törətmək, azərbaycanlılara işgəncə vermək, Qarabağda etnik təmizləmə və başqa insanlığa zidd əməllər törədiblər. Araik Arutyunyanın Gəncənin raket hücumuna tutulması barədə "əmr"i şəxsən verməsi barədə açıqlaması həmin "rəhbərlər"in qatil olduqlarını bir daha təsdiqləyir. Cari il oktyabrın 3-də Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılıb və məsuliyyətə cəlb olunub. Onların məsuliyyətə cəlb edilməsi ilahi ədalətin bərpasıdır.

Röya RÜSTƏMLİ,

"Respublika".