Türkoloq alimlər Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər
Elm

Türkoloq alimlər Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

Beynəlxalq Türk Akademiyasının, Atatürk Ali Mədəniyyət, Dil və Tarix Şurası yanında Türk Dilçilik Cəmiyyətinin və Qırğız Respublikası Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun birgə dəstəyi ilə Qırğızıstanın Bişkek şəhərində “Yazılışının 950-ci ildönümündə “Divanü lüğat-it-türk: Türk dünyasının ortaq dəyəri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu barədə “Respublika”ya Beynəlxalq Türk Akademiyasından məlumat verilib.

Konfransda Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin tarixi əhəmiyyətindən danışılıb. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkiyədən olan türkoloqlar müxtəlif mövzuları, o cümlədən müəllifin tərcümeyi-halı, “Divanü lüğat-it-türk”ün yaradılmasının məqsədləri, əsərin dili və ədəbi materialları, tarixi və etnoqrafik məlumatları müzakirə ediblər.

Beynəlxalq tədbirdə “Divanü lüğat-it-türk”lə bağlı tərcümə və tədqiqatlara xüsusi diqqət yetirilib, onun türk dillərinin, müasir şivələrin, ədəbiyyatın, etnoqrafiyanın, müqayisəli dilçilik və lüğətşünaslığın öyrənilməsi üçün əhəmiyyəti vurğulanıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin əhəmiyyətindən danışıb. O, XI əsrə aid bu əsəri türk xalqlarının və tayfalarının ictimai quruluşunu, coğrafiyasını, həyat tərzini, inanclarını, mifologiyasını, xalq ədəbiyyatını əhatə edən ensiklopediya kimi səciyyələndirib. Alim, həmçinin qeyd edib ki, “Divanü lüğat-it-türk” türk dövlətləri arasında inteqrasiyanın elmi və mədəni zəmininin təmin edilməsində önəm daşıyır.