Bütün varlığı ilə Azərbaycan elminə xidmət edən alim Azad Mirzəcanzadə
Elm

Bütün varlığı ilə Azərbaycan elminə xidmət edən alim Azad Mirzəcanzadə

Elə insanlar var ki, onlar haqqında yazarkən söz də, fikir də aciz qalır. Nə qədər bədii təfəkkürün, bəzək-düzəkli sözlərin effektindən istifadə etsən də, istənilən nəticə əldə etmək mümkün olmur. Çünki bu insanların elm, millət yolunda göstərdikləri fədakarlıqlar heç bir ölçüyə sığmır. Belə böyük şəxsiyyətlərdən biri də Azad Mirzəcanzadədir.

O, həyatını, taleyini bütünlüklə Azərbaycan elminin inkişafına sərf etmişdir. Sevgisini, xoşbəxtliyini, uğurunu yalnız elmin və elm yolunda çalışan gənc nəslin yüksəlişində görürdü. Sadə, səmimi, həlim, sıradan bir azərbaycanlı. Əslində isə böyük alim, azad ruhlu şəxsiyyət, böyük ürək sahibi, elm fədaisi idi Azad Mirzəcanzadə. Sadə olduğu qədər də mürəkkəb, möhkəm və tələbkar xarakterə malik idi. Taleyi olduqca keşməkeşli və qəribəliklərlə dolu alimin atası Xəlil kişi Cənubi Azərbaycanın Sərab şəhərindən, anası Asya xanım isə xan nəslindən olub. Hələ uşaq ikən əziyyətə, zəhmətə qatlaşmış və mübariz ruhda tərbiyə almışdır. Müharibənin yaratdığı ağır şərait, anası - Asya xanım və bacısı - İradə xanımla birgə yaşadıqları çətin həyat onu hələ gənc ikən möhkəmləndirmişdir. 15 yaşında ikən axşam fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs deməklə ailəsinə kömək etmişdir. Beləcə, geniş maraq dairəsi olan Azad Mirzəcanzadə pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasında ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir. Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə xüsusilə tətbiqi mexanika və neft-mədən işləri sahəsində mühüm araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmışdır. Alimin elmi xidmətləri olduqca çoxşaxəli və əhatəlidir, neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdır. 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə elmi fəaliyyətində neft və təbii qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dəniz neft yataqlarının işlənməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil etmişdir.

İlk dəfə olaraq, qaz-kondensat və qeyri-Nyuton neftli yataqların nəzəri əsaslarını yaratmış, qaz-kondensat sistemlərin süzülməsi üçün əsas differensial tənlik çıxarmışdır. O, qeyri Nyuton sistemlərin neftqazçıxarma sənayesində tətbiqi və "reotexnologiya" kimi istiqamətlərin yaradıcısıdır. İlk dəfə olaraq göstərmişdir ki, qaz və qaz-kondensat yataqlarının işlənməsində başlanğıc hərəkət üçün lazım olan təzyiqlər fərqi çox zəruri parametrdir və bu fundamental nəticə lay ehtiyatlarının hesablanmasında geniş istifadə olunur.

Özünəməxsus xarakteri olan Azad Mirzəcanzadə ətrafındakı istedadlı gənclərə çox diqqətlə yanaşar, qayğı göstərər və onları mənəvi övladları hesab edərdi. Olduqca tələbkar olan akademik həmişə deyərmiş ki, "Mənim arzum özümdən sonra yolumu davam etdirən, məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir".

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. 1948-1958-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmışdı. Böyük alim 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifidir. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbər təyin olunmuşdur. Akademik "Siz özünüzü dahi hesab edirsinizmi?" sualına həmişə təvazökarlıqla, "Mən özümü peşəkar sayıram" cavabını verərək, bir daha nə qədər sadə ürək sahibi olduğunu göstərmişdi. Azad Mirzəcanzadə deyirdi: "İstedadlılara kömək edin, yol göstərin. İstedadsızlar özləri-özlərinə onsuz da yol tapacaqlar".

Akademik dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirib. Orta təhsilə xüsusi önəm verən, onu elmin, biliyin və tərbiyənin təməli hesab edən böyük pedaqoq-alim Azad Mirzəcanzadənin təşəbbüsü ilə 1989-cu ildə Bakı şəhərində Hacıbəy Mahmudbəyov adına lisey, 1998-ci ildə isə Xətai rayonunda 147 nömrəli texniki-humanitar təmayüllü lisey fəaliyyətə başlayıb. Son müsahibələrinin birində isə "Mənim ən böyük arzum odur ki, Azərbaycan xarici bazara öz intellekti ilə çıxsın" demiş və ömrünü bu arzunun gerçəkləşməsinə həsr etmişdi. Bu qədər gərgin fəaliyyət göstərməsinə baxmayaraq, alim musiqi və mütaliəni də çox sevmişdir. Dünyada baş verən ictimai-siyasi və mədəni hadisələr onun maraq dairəsində olmuşdur. Ona görə də istər dünya ədəbiyyatı, istərsə də elmi-fəlsəfi kitablar Azad Mirzəcanzadə üçün ən yaxşı hədiyyə idi.

Alimin xidmətləri dövlətimiz tərəfindən yüksək dəyərləndirilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Azad Mirzəcanzadə adına təqaüd" təsis edilib. Rusiya Təbiət Elmləri Akademiyasının, Başqırdıstan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. İki dəfə Azərbaycan Dövlət Mükafatı, üç dəfə isə akademik İ.M.Qubkin adına mükafatın laureatı olmuşdu. P.Kapitsa adına medal, Vyetnam Respublikasının "Vyetnamın Qəhramanı" qızıl ulduzu, Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif olunmuşdur. Mənalı və keşməkeşli ömür yaşayan alim öz taleyini məhz Azərbaycan elminin inkişafına həsr etmişdir. Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də 78 yaşında vəfat etmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".