Əbədiyyət qazanmış ensiklopedik alim
Elm

Əbədiyyət qazanmış ensiklopedik alim

Orta əsrlərdə böyük inkişaf yolu keçmiş Azərbaycanda zəngin, orijinal fəlsəfi irsə malik dahi filosoflar, elm xadimləri fəaliyyət göstərmişlər. Öz ensiklopedik biliyi, elmi ilə şöhrət qazanan alimlərdən biri də Nəsirəddin Tusi olmuşdur. Dövrünün ağıllı, bilikli, görkəmli aliminə xalq Nəsirəddin adını vermişdir. Bəşər mədəniyyətinə verdiyi töhfələrə görə alimin elmi və fəlsəfi irsi tədqiqatçıların araşdırma obyektinə çevrilmişdir. Dünya elm və fəlsəfəsinin zənginləşməsində böyük xidmətlər göstərmiş Nəsirəddin Tusinin rəhbərliyi ilə inşa edilmiş Marağa rəsədxanası elmin inkişafına böyük təkan vermişdir. Tusi eyni zamanda rəsədxanada öz məktəbini yaratmış və orada yetişən alimlər elmin müxtəlif sahələrində uğur qazanmışlar. Alimin həyatı və yaradıcılığı bu gün də araşdırılır. Onun haqqında ilk məlumatlara şagirdlərinin yazdıqlarında Şərq ölkələrinin, o cümlədən Avropa və keçmiş SSRİ şərqşünaslarının tədqiqatlarında rast gəlmək olur.

Aytək Məmmədovanın "Əbədiyyət qazanmış ensiklopedik alim - Nəsirəddin Tusi" kitabında bütün bunlar təfsilatı ilə təqdim olunub. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda dünyaşöhrətli alimin həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar verilib. Müəllif eyni zamanda ölkəmizdə Tusi yaradıcılığına münasibət, onun irsinin araşdırılması istiqamətində görülən işlərdən geniş şəkildə bəhs edib.

XX əsrin 50-ci illərindən etibarən respublikamızda Nəsirəddin Tusi irsinin ciddi tədqiqinə başlanmış, 1951-ci ildə ilk dəfə olaraq alimin 750 illik yubileyinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Kitabda ensiklopedik biliyə malik alimin fizika, riyaziyyat, astronomiya, iqtisadiyyat, hüquq, fəlsəfə və digər elmlərə aid fikirləri ilə yanaşı, akademik Ziya Bünyadov, AMEA-nın müxbir üzvü Zakir Məmmədov və başqaları tərəfindən aparılan tədqiqatlar barədə də söhbət açılır. Professor Həbibulla Məmmədbəylinin Nəsirəddin Tusinin astronomiya və riyaziyyat elmləri sahəsindəki fəaliyyətini hərtərəfli araşdırması, Marağa rəsədxanasında coğrafi koordinatlar cədvəlinin tərtib edilməsi və həmin cədvəlin coğrafiya elminin inkişafında böyük, Amerikanın kəşfində isə müəyyən dərəcədə əhəmiyyətli olduğu da qeyd edilir.

2001-ci ildə Nəsirəddin Tusinin 800 illik yubileyinin keçirilməsi haqqında ulu öndər Heydər Əliyevin qərarı alimin irsinin araşdırılması istiqamətində mühüm addım olmuşdur. Bu münasibətlə respublikamızda elmi tədbirlər, beynəlxalq konfranslar keçirilmişdir.

Aytək Məmmədova böyük sevgi ilə qələmə aldığı kitabda Tusinin həyat və yaradıcılığını müxtəlif aspektlərdən müfəssəl şəkildə işıqlandırmağa çalışmışdır. Müəllif qeyd edir, hər bir tarixi şəxsiyyət öz zəmanəsinin yetirməsidir. Bu baxımdan, Şərq ilə Qərbi birləşdirən Azərbaycanda zamanla böyük şəxsiyyətlər, elm xadimləri yetişmişdir. Onlardan biri də Nəsirəddin Tusidir. Kitabda Tusi ilə yanaşı, dövrünün bir çox alim və mütəfəkkirlərinin həyat və yaradıcılığına da nəzər salınmış, maraqlı məqamlar işıqlandırılmışdır. Kitabı vərəqlədikcə filosof alimin bütün həyat və fəaliyyəti gözlərimiz önündə canlanır. Həmçinin müxtəlif dövrlərdə yaşamış Azərbaycan alimlərinin Tusi haqqında araşdırma əsərləri və irsi ilə bağlı tədqiqatlar kitabda öz əksini tapmışdır. Həmin tədqiqat əsərlərində filosof alimin zəngin irsi məzmun etibarilə qruplaşdırılmış, müəyyən prinsiplər əsasında sistemləşdirilmişdir. Bu kitabda oxucu Nəsirəddin Tusi ilə yanaşı, digər alim və filosoflarla da tanış olur. Onların qədim dövrdən bu günümüzə miras qalan elmi nailiyyətləri və fəaliyyətləri təbliğ edilir. Digər tərəfdən Şərq filosoflarının Tusi məktəbindən bəhrələnib ənənələri davam etdirməsi və filosofun özündən əvvəlkilərdən öyrənib tətbiq etdiyi yeniliklərlə tanış oluruq.

2024-cü ildə Azərbaycanın filosof alimi Nəsirəddin Tusinin vəfatının 750, onun rəhbərliyi ilə inşa edilmiş Marağa rəsədxananın yaranmasının isə 765 illiyi tamam olur. Bu baxımdan, Aytək Məmmədovanın ərsəyə gətirdiyi "Əbədiyyət qazanmış ensiklopedik alim - Nəsirəddin Tusi" kitabı Azərbaycanın qədim fəlsəfi tarixindən bəhs edən dəyərli əsər olmaqla yanaşı, həm də filosofun xatirəsinə ərməğandır.

Ramidə YAQUBQIZI,

"Respublika".