Dövlət qulluğu təkmilləşdirilir
CƏMİYYƏT

Dövlət qulluğu təkmilləşdirilir

Bu bayram Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilib. Respublikamızda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" qanunun qəbuludur. Məhz həmin vaxtdan sonra dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılıb, müasir dövlət qulluğu sistemi formalaşıb, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılıb. Müasir dövrdə sürətlə inkişaf edən və günbəgün nüfuzu artan ölkəmizin beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirməsi Ulu Öndər Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatların nəticəsidir. Bu gün Azərbaycanda müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin qurulduğunu, hakimiyyətin bütün qollarının funksiyalarının dəqiq müəyyənləşdirildiyini, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradıldığını tam əminliklə söyləmək mümkündür.

Müstəqilliyin bərpasının ilk illərindən etibarən ölkəmizdə hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib. Hazırda yeni idarəetmə orqanlarının yaradılması və dövlət quruculuğunda, ölkənin idarə olunmasında rolunun artırılması üçün vaxtaşırı olaraq əsasnamə və nizamnamələrində müvafiq dəyişikliklər edilir. "Dövlət qulluğu haqqında" Qanunun qəbulundan sonra 180-dən artıq dəyişikliklə mükəmməl hüquqi akt yaradılıb. Azərbaycanda digər sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş şəkildə həyata keçirilir. Bu xüsusda, Prezidentin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya", o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planı mühüm əhəmiyyətə malikdir. Məhz adıçəkilən plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyənləşdirilməsi, həmin orqanların struktur bölmələrinin yaradılması qaydası, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının statusunun müəyyən edilməsi kimi məsələlər öz həllini tapıb. Sənəddə bu sahədə hər bir dövlət qurumunun vəzifələri müəyyən edilib. Bu istiqamətdə həyata keçirilən işlərdən söz açarkən dövlət qulluqçularının məsuliyyətinin hər gün daha da artdığını xüsusi qeyd etmək lazımdır. Bu cəhətdən "Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanı xüsusilə vurğulanmalıdır. Bu sənəd dövlət qulluqçularının hüquqlarının qorunmasına və məsuliyyətinin artırılmasına xidmət edir. Müvafiq sənəddə tərəflər haqqında məlumat, əmək müqaviləsinin müddətləri, dövlət qulluqçusunun əmək funksiyaları, qulluq şəraitinə, dövlət məvacibinə, əməyin mühafizəsinə, iş və istirahət vaxtına dair müddəalar yer alıb. Bununla yanaşı, bədən tərbiyəsi və idmana dair şərtlər, birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti, sosial müdafiə məsələləri, mülkiyyət münasibətlərinin tənzimlənməsi, əmək müqaviləsində dəyişiklik edilməsi və ona xitam verilməsi barədə müddəalar da sənəddə öz əksini tapıb. Respublikamızda dövlət qulluqçularının səmərəli fəaliyyət göstərməsini və onların üzərinə düşən mürəkkəb vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.

Nəzrin ELDARQIZI,

"Respublika".